XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 13:23

Polşanın sabiq prezidentinin cəsədi qəbirdən çıxarılır –Rusiyadakı təyyarə qəzası sui-qəsd olub?

kacinski

Polşa hökuməti keçmiş prezident Lex Kaçinsi və Rusiyada qəzada ölmüş digər rəsmilərin meyitlərinin yarılmasına qərar verib.

Lex Kaçinski, onun xanımı və onlarla Polşa rəsmisi 2010-cu ildə Rusiya ərazisində təyyarə qəzasında həlak olmuşdu. İndi bu qəzanın təsadüfi faciə deyil, bir iyrənc oyunun hissəsi olması ehtimalları araşdırılır. (Azadlıq radiosu)

Araşdırma haqda​«The Wall Street Journal» qəzeti yazır.

Əvvəlki administrasiya və Moskvadakı araşdırma komitəsi qəzanın qatı duman, eyni zamanda pilotun səhvi ucbatından baş verdiyini deyirdilər. Amma Polşada keçən il hakimiyyətə gələn mühafizəkarlar bu hesabatlara inanmır. Polşa mütəxəssislərinin hazırladığı hesabatda qəzaya görə həm də Rusiyanın köhnə və yararsız hava limanı, limanın uçuşlara nəzarət edən işçiləri günahlandırılır.

96 NƏFƏRDƏN 83-NÜN MEYİTİ YARILACAQ

Noyabrda Polşanın müdafiə naziri vəzifəsinə təyin olunan Antoni Makiereviç deyib ki, o, təyyarənin hələ havada ikən parçalandığına əmindir. Onun fikrincə, təyyarənin partladıldığını sübut edən dəlillər Rusiyada qalıb. Moskvadakı, eləcə də Varşavadakı araşdırma komitələri onun ittihamlarını rədd ediblər. Amma A.Makiareviç iş başına keçən kimi bu qəzanı yenidən araşdırmağa xüsusi komitə yaradıb. Komitədə müxtəlif sahələr üzrə mütəxəssislər çalışırlar.

Tədqiqatçılar qəzanın əsl səbəbini öyrənmək üçün meyitlərin yarılmasının vacibliyini bildiriblər. Qərara görə, həlak olan 96 nəfərdən 83-nün meyiti açılacaq. Bir il çəkəcək araşdırmalarda mütəxəssislər öncəki ekspertlərin qənaətinin səhv olub-olmadığını müəyyən etməyə çalışacaqlar.

Meyitlərin yarılması qərarı geniş mübahisələr yaradıb. Ölənlərin bəzilərinin ailələri buna qəti etiraz etdikləri halda, digərləri rusiyalı tədqiqatçıların məsələyə laqeyd yanaşdığını iddia edərək, həqiqətin üzə çıxarılmasına tərəfdar olduqlarını bildiriblər.

“ƏRİMİ LƏYAQƏTLƏ DƏFN EDƏCƏM”

Qəzada ölmüş Mədəniyyət naziri müavininin xanımı Maqadalena Merta deyib ki, bu araşdırma ona basdırdığı adamın kim olduğunu öyrənmək şansı verəcək: “Mən həm də ərimi ləyaqətlə dəfn etmək fürsəti qazanacağam”. Hakim Qanun və Ədalət Partiyasının lideri və qəzada ölmüş prezidentin əkiz  qardaşı Yaroslav Kaçinski  də prokurorların planıyla razılaşdığını bildirib.

Qəzaya uğrayan təyyarədəki rəsmilər, eləcə də Polşa prezidenti Rusiyaya 1940-cı ildə Sovet əsgərlərinin güllələdiyi 20 mindən çox polşalının xatirəsini yad etməyə gedirdi. Kabinədəki danışıqların audioyazısı qəzanın sui-qəsd olmadığını, heyətin dumanlı havaya görə narahatlıq keçirdiyini sübut edib. Prezident və onun xanımının nəşi noyabrın axırında yenidən Krakov kilsəsindəki sərdabədə basdırılacaq.