Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəhbəri, həbs olunub bir ildən artıq MTN-in istintaq təcridxanasında saxlandıqdan sonra buraxılan Rəşad Məmmədov mayın 30-da yenə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Bu dəfə isə zərərçəkmiş qismində. O, 1 milyona yaxın dələduzluqda suçlanan Vəsait Məlikovun məhkəməsində dindirilib. Çünki keçmiş məmur torpaq sahəsi almaq üçün adıçəkilən təqsirləndirilən şəxsə 800 min manat pul verdiyini deyir. Məhkəmədə də bu barədə danışıb.
Deyib ki, 2008-2009-cu illərdə qaynı və atası üçün torpaq almaq istəyib: «Həmin vaxt Vəsaiti tanıdıq, ofisə gəlib-gedirdi. 10 hektara yaxın torpaq aldıq. Sənədləşmə işlərini Vəsait görməli idi. Sonradan məlum oldu ki, torpağın sənədləri düz deyil. Ümumilikdə 800 min pul verilmişdi. Öyrəndik ki, torpağın sənədləri özəlləşməyə gedib geri qayıdıb».
Təqsirləndirilən V.Məlikov isə bildirib ki, həmin torpaq sahəsini hasara aldırmağa 45 min manat pul xərcləyib: «Rəşadın 123 min borcu vardı. Demişdi, sənədləşməni həll elə, pulu alacaqsan».
O ərəfədə R.Məmmədov özü də həbs olunub, məsələ ilə maraqlana bilməyib. Bir müddət sonra eşidib ki, V.Məlikov ondan şikayət edib, yazıb ki, pulunu vermir: «Amma iş araşdırılanda məlum oldu ki, onun mənə borcu var». Sabiq idarə rəisinin nümayəndəsi Kamandar Nəsibov bildirib ki, indi təqsirləndirilən şəxsdən 350 min dollar tələb edirlər. R.Məmmədovun özü ilə yanaşı, atası və qaynı da zərərçəkmiş qismində tanınıb.
2015-ci ilin martında həbs olunan R.Məmmədov özü də CM-nin 178 (dələduzluq), 179 (mənimsəmə və ya israf etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələriylə suçlanırdı. İddia olunurdu ki, o, müxtəlif qohumlarının, tanışlarının adlarını Dövlət Bayrağı Kompleksi İdarəsinə işçi kimi qeyd edərək, onların adına yazılan maaşları mənimsəyib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 1 ay 8 gün azadlıqdan məhrum edilib və həmin müddət başa çatdığına görə məhkəmə zalından azadlığa buraxılıb.
(Azadlıq radiosu)