XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 13:54

Küveyt Bakıda müstəqilliyinin 55 illiyini qeyd etdi

 

kuveyt sefi

 

Küveyt Milli Gününün 55-ci, işğaldan azad olunmasının 25-ci ildönümü ilə bağlı qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl Cabir əs-Sabahın da hakimiyyətə gəlişinin 10-cu ildönümünün məhz bu bayram gününə təsadüf etdiyini vurğuladı.

Ölkəsinin keçdiyi inkişaf yolundan danışan səfir iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə  nail olunduğunu qeyd etdi. Küveytlə Azərbaycanın dost ölkə olduğunu diqqətə çatdıran əı-Rumi dedi ki, ölkələrimiz arasındakı əlaqələr getdikcə inkişaf edir, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır: “Küveyt Dövləti dost ölkələrlə əlaqələrində realist siyasət yürüdüb. O çağırışların öhdəsindən səbrlə gəlməkdən, iki ölkə başçısının əlaqələrin müxtəlif sahələrdə, xüsusilə iqtisadi və investisiya qoyuluşu sahələrində daha da yüksək səviyyələrə qaldırılması ilə bağlı dəyərli tapşırıqlarının icrasını uğurla həyata keçirməkdən çəkinmir”.

İki ölkə arasındakı Hökumətlərarası Birgə Komissiyanın birinci və ikinci iclaslarını xatırladan səfir dedi ki, bu iclaslar Küveyt baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabahın həmsədrliyi, bu ölkənin dövlət və özəl sektorlarının təmsilçilərinin iştirakı ilə keçirilib, dövlətlərimiz arasında bir sıra sazişlərin imzalanması ilə yadda qalıb. Əlavə etdi ki, bütün bunlar isə Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə rəsmi səfəri zamanı cənab Əmirlə görüşündə əldə olunmuş qərarların icrası sayəsində mümkün olub.  Diplomat onu da vurğuladı ki, Azərbaycanın bütün hava limalarında Küveyt vətəndaşlarına sadələşdirilmiş qaydada viza təmin edilməyə başlanılıb.

Çıxışının sonunda səfir bildirdi ki, onlar milli bayramlarını qeyd etsə də, azərbaycanlı qardaşlarının, günahsız uşaqların, mülki vətəndaşların qətli ilə nəticələnmiş Xocalı soyqırımının ildönümü ilə bağlı kədərlərini bölüşür, Küveyt dövləti olaraq mülki vətəndaşları hədəf alan əməlləri kəskin pisləyirlər.

Azərbaycan hökuməti adından çıxış edən təhsil naziri Mikayıl Cabbarov əlamətdar günlə bağlı dost Küveyt xalqını təbrik etdi. Ölkələrimiz arasındakı münasibətlərin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini,  son zamanlar Azərbaycanla Küveyt arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyədə olduğunu vurğulayan nazir bildirdi ki, dost ölkə Azərbaycanla həm ikitərəfli, həm də beynəlxalq arenada sarsılmaz əlaqələr mövcuddur. Dedi ki, strateji coğrafi yerləşməyə malik olan bu iki ölkə öz müstəqilliyini qoruyub saxlaması və gücləndirilməsi istiqamətində böyük səylər göstərib: “Ölkələrimiz arasındakı oxşarlıqlardan biri də hər iki ölkənin zəngin təbii ehtiyatlara malik olmasıdır. Azərbaycan və Küveyt bu ehtiyatların istifadəsinin məqsədləri və vasitələrində də ortaq yanaşmadan çıxış edirlər”. Təhsil sahəsinə toxunan M.Cabbarov dedi ki, ölkələrimiz təhsilə böyük sərmayələr yatırır və bunun xalqının gələcəyi naminə ən səmərəli yatırım olduğuna inanır.

L.Səmla