XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020

Digər Xəbərlər

03 Sentyabr 2019 - 15:12

“Radikallar qadın və uşaqları terror alətinə çevirirlər” –Təhsil eksperti

Azərbaycanda tolerant mühitin olmasına baxmayaraq, bəzi qüvvələr bu sabitliyi pozmaq istəyir və bunun üçün həssas təbəqələrin nümayəndələrindən istifadə edirlər. O qüvvələrin əsas hədəfi bir çox hallarda qadınlar və uşaqlar olur.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bəzi dini qüvvələr müəyyən vədlər, şirnikləndirici təkliflər qarşılığında yuxarı sinif şagirdlərini öz dini mərkəzlərinə dəvət edib onları öz sıralarına daxil etməyə çalışırlar.

Ekspert qeyd edir ki, 1990-cı illərin əvvəllərində ölkədəki qeyri-stabil vəziyyətdən istifadə edən qeyri-ənənəvi təriqət nümayəndələri müxtəlif din və cərəyanları yaymağa başlamışdı. Müəyyən dini qruplar, icmalar dinin hökmlərindən öz məqsədləri, maraqları üçün istifadə edir, dini kitabları dəyişərək, təhrif edərək azyaşlı şagirdləri aldadırlar.

“Gənclərin qeyri-ənənəvi, mürtəce cərəyanlara cəlb olunmasının qarşısının alınması üçün onlar arasında maarifləndirmə işlərinin aparılması vacibdir. Bu istiqamətdə məktəblərin rolu böyükdür. Amma təəssüflər olsun ki, hazırda orta məktəblər öz üzərinə düşən işi yerinə yetirmək istəmirlər və yerinə yetirmirlər. Üstəlik, bəzi valideynlər də dini xurafata meyl edirlər”, – deyən ekspert buna misal olaraq Məhərrəm ayında, xüsusilə Aşura günü dini ayinlərin icrası zamanı bu ayinlərə körpələrin, yetkinlik yaşına çatmayan uşaqların cəlb edilməsini göstərib.

“Xoşagəlməz hal odur ki, balaca südəmər uşaqların min illərlə daşınan fanatizmə, ekstremizmə, düşüncəsizliyə yem edildiyinin, qurban olunduğunun da şahidi oluruq. Bilirsiniz ki, 1990-cı illərin əvvəllərində ölkədəki qeyri-stabil vəziyyətdən istifadə edən qeyri-ənənəvi təriqət nümayəndələri müxtəlif din və cərəyanları yaymağa başlamışdı. Bunlar arasında vəhabilik, xaricilik və sair, xristian-protestant yönümlü adventizm, “Yehova şahidləri”, habelə müstəqil dinlər kimi fəaliyyət göstərən krişnaizm, sankretist dinlər olan bəhailik, munçuluq, ibrahimilik kimi cərəyanları göstərmək olar” – deyə Əsədov əlavə edib.

Qeyd edək ki, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi bütün bu halları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində məktəblilər arasında inşa və rəsm müsabiqəsi keçirib.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Lakin son illərdə dünyada və ölkəmizdə radikal dini cərəyanların qorxu və şiddət yayan əməlləri ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Din beynəlxalq terrorizmin başlıca “ilham mənbəyi” hesab olunur. Təəssüf ki, bəzən dünyanın ən humanist dini sayılan “İslam”ın adı terrorizmlə yanaşı çəkilir. Özünü islam dininə aid edən, əslində isə təməli islamdan tamamilə uzaq olan bəzi cərəyanlar dindən maddi və siyasi məqsədlər üçün istifadə edirlər. Onların dünyanı lərzəyə salan hərəkətləri islamafobiyanın genişlənməsinə səbəb olub.

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi layihənin məqsədi Azərbaycan qadınlarının ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində maarifləndirilməsi, bu cərəyanlarla mübarizəyə təşviq edilməsi olub.

Layihə çərçivəsində həmçinin təhsil müəssisələrində radikal dini qruplaşmalar əleyhinə təbliğati işlərin görülməsi nəzərdə tutulub. Bu təbliğatın stimullaşdırılması məqsədilə məktəblilər arasında “Cəhalətlə siyasət arasında”, “Niyə radikal dini cərəyanların ən böyük düşməni qadınlardır”, “Radikal dini cərəyanlar bəşəriyyətə yalnız faciələr gətirir”,

“Dini radikalizm qadınlara qarşı təhdid vasitəsi kimi”, “Fanatizmdən terrorizmə doğru qorxunc yol”, “Xurafatçı və radikal dini cərəyanlar islamafobiyanın elementi kimi” mövzularda inşa və rəsm müsabiqəsi keçirilib.

P.s. Bu yazı “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində yazılıb.