XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020

Digər Xəbərlər

23 Avqust 2019 - 15:28

“Radikal dini cərəyanlardan qorumağın ən yaxşı yolu təhsildir” –Psixoloq


Azərbaycana müstəqillik illərindən başlayaraq gələn bəla bu günə qədər davam etməkdə, getdikcə daha çox azərbaycanlını öz cənginə almaqdadır. Söhbət radikal dini təriqətlərin, separatçı təşkilatların fəaliyyətinin ölkəmizdə yayılması və genişlənməsindən gedir. Bu cərəyanlar və təşkilatlar ölkə əhalisinin həssas qrupları – qadın, yeniyetmə, gənc, hətta uşaqların arasında öz işlərini görür, onları öz çirkin əməllərinə ortaq edirlər. Təəssüf ki, bu zaman həmin şəxslər sadəcə “qurban” olduqlarını anlamır, bunu dinin “vacib hokum” kimi qəbul edərək həmin təşkilatların sifarişçilərini, əmr və tələblərini qeyd-şərtsiz yerinə yetirməklə məşğul olurlar.

Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmovun sözlərinə görə, radikal dini ideologiyaları yayanlar qadınları, yeniyetmə və uşaqları öz cənginə alarkən çox zaman problemli, münaqişəli ailələri hədəf seçirlər. Eyni zamanda valideyn himayəsindən, tərbiyəsindən və diqqətindən kənar uşaqları öz əməllərinə qurban edirlər. Valideynlər bundan xəbər tutanda isə artıq iş işdən keçmiş olur.

Rüstəmovun sözlərinə görə, həmin şəxslər çox vaxt radikal dini cərəyanların təsiri ilə hərəkət etmələrini problem kimi yox, həyat tərzi kimi dəyərləndirirlər və psixoloji dəstəyə müxtəlif üsullarla müqavimət göstərirlər.

Psixoloq qeyd edib ki, biz informasiya əsrində yaşayırıq və əsrin öz çağırışları var. Bu çağırışlara adekvat cavab vermək üçün ilk növbədə ən müasir elmi biliklərlə silahlanmaq lazımdır. Bu istiqamətdə təhsil bizim üçün ən prioritet sahə olmalı, onun fasiləsizliyi təmin olunmalıdır. İnsan özünü dərk edəndən ömrünün sonuna qədər öyrənməli, özünü inkişaf etdirməlidir. Uşaq dünyaya gələndən hər bir valideynin diqqət mərkəzində olmalıdır, onun psixoloji vəziyyətinə daim nəzarət edilməlidir. Belə olan təqdirdə uşaq və yeniyetmələrin hansısa radikal qrupara qoşulması, zərərli vərdişlərə aludə olması və sair bu kimi neqativ halların qarşısı alınacaq. Böyük iqtisadi, siyasi təbəddülatlarla dolu bu zəmanədə ən çox əziyyət çəkən günahsız insanlar olur. Tarixən insanları kütləvi şəkildə idarə etmək, onları öz marağının qurbanına çevirmək üçün müxtəlif vasitələrdən istifadə olunub. Bu vasitələrdən biri də bu gün dünyada geniş yayılmış radikallıq və onun bir qolu olan dini radikalizmdir.

“Cəmiyyətdə qarışıqlıq salmaq üçün çox vaxt onlardan istifadə olunur. Azərbaycanda da bunu həyata keçirmək istəyən qüvvələr var və onlar ətraflarına daha çox insan cəlb etməyə çalışırlar. Bu qrupların “toruna”düşənlər daha çox yeniyetmələr olur. Onların duyğularına təsir göstərərək, öncə özlərini “ədalət” carçısı kimi təqdim edir, bəzi dini ritual və konkret öz məqsədlərinə xidmət edən kitablar oxutdurur, audio və video materiallarla təbliğat işi aparırlar. Valideynlər ilk dövrlər bunun təhlükəli olduğunu görməməzlikdən gəlirlər. Artıq övladlarının düşüncə və davranışlarında qəribəliklər görəndə hərəkətə keçirlər ki, bu da çox zaman gec olur”, – deyə psixoloq əlavə edib.

“Bəzən dini təriqətlərin daşıyıcıları olan kişilər həyat yoldaşlarını, uşaqlarını müxtəlif dini ayinləri icra etməyə məcbur edir, nəticədə həmin ailələrin dağılması prosesi baş verir” – deyən Rüstəmov onu da qeyd edib ki, bəzən xanımlar radikal dini təriqətlərin qurbanına çevrilirlər. Sonradan ailə üzvlərini də bu işə cəlb etməyə çalışırlar. Onların bu qruplara cəlb edilməsi məqsədli, planlı şəkildə baş verir. Cəlb edilənlər arasında bütün təbəqələrdən olan insanlar olur. Problem təbəqəyə yox, insana, fərdə bağlı bir problemdir. Çox zaman onlar imkanlı, nüfuzlu adamları, yaxın ətrafını öz qruplarına əlavə edərək, zaman keçdikcə onlardan öz məqsədləri naminə istifadə etməyə çalışırlar.

P.s. Bu yazı “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində yazılıb.