XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

25 Fevral 2015 - 03:52

Qarabağın gələcəyi və işğal probleminin çözümü

 

ilyas.jpg

 

 

 21 Fevral 2015-ci il tarixində Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının anım günü keçirilib. Qardaş ölkənin ən böyük xeyriyyə qurumlarından İHH-nın təşkilatçılığı ilə keçirilən simpoziuma Azərbaycanın bir sıra ictimai, siyasi xadimləri də dəvət olunublar. Dəvətlilərdən bir də Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov olub.  

Simpoziumda çıxış edən millət vəkili toplantı iştirakçılarını Qarabağ məsələsiylə bağlı məlumatlandırıb. Çıxışın mətnini  təqdim edirik:

 

Hörmətli simpozium iştirakçıları!

 

 

Hər şeydən əvvəl mən insani yardım vəqfinin rəhbərlərinə məni bu simpoziuma dəvət etdiklərinə və isti, sıcaq qarşıladıqlarına görə şəxsi təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Belə gözəl münasibətlər mənə hər dəfə 1918-ci il 15 sentyabrda Nuri paşanın rəhbərliyi ilə Qafqaz-Müsəlman ordusunun Bakını erməni-daşnaq və bolşeviklərdən azad etməsi faktını xatırladır. O vaxtlar Osmanlı dövləti özü çətin vəziyyətdə olsa da, qardaş əlini uzadaraq bizi xilas etdi və bir növ gələcəyimizi təmin etdi. Erməni-daşnaklar və bolşeviklər Bakını Azərbaycandan ayırıb Rusiyaya tabe etmək istəyirdilər və bu məqsədlə də şəhərin müsəlman sakinlərinə qarşı soyqırımı siyasətini həyata keçirirdilər. Bakı olmasa idi, Azərbaycan ola bilərdimi? Yəqin ki, yox. Odur ki, 15 sentyabr 1918-ci il bizim üçün ən müqəddəs tarixdir və mən bu günün milli bayram edilməsinə dair Azərbaycan Respublikasının Milli Məclisində çıxışımda təklif də vermişəm.

İndi qayıdaq bizim ən taleyüklü ağrımız olan Qarabağ məsələsinə. Birincisi, latınların gözəl bir deyimi var: həqiqət həmişə birdir, ancaq uydurmalar istənilən qədər. Qarabağla bağlı həqiqət bundan ibarətdir  ki, 1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütun partiyasının XXIII qurultayı çağırıldı. Gündəlikdə bir məsələ var idi – Ermənistanın ərazisini genişləndirmək.Müzakirələr zamanı yalnız bir məsələ narazılıq doğurdu: bu genişləndirməni haradan başlamaq, Azərbaycandan, yoxsa Gürcüstandan? Bir səs çoxluğu ilə qərara alındı ki, Qarabağdan – Azərbaycandan başlasınlar. Moskvaya – mərkəzə də qurultay Ermənistanın regionda onun geopolitik dayağı olacağını təklif etdi. (O zaman Sov.İKP MK-da 49 erməni, o cümlədən, Qorbaçovun köməkçisi G.Şahnazarov çalışırdı. Azərbaycanlı isə cəmi bir nəfər idi.) Erməni terrorçuları və separatçıları bu planı həyata keçirdilər, nəinki Qarabağı, hətta ətraf  yeddi rayonu da işğal etdilər. Bax, yekun həqiqət bundan ibarətdir. Uydurmalar isə erməni millətçilərinin ağlaya-ağlaya özlərini bir məzlum xalq kimi bütün dünyaya təqdim etmələridir.

İndi biz hansı yolla getməliyik: həqiqət, yoxsa uydurmalar yolu ilə?! Düşünürəm ki, nə qədər çətin, ağır olsa da ermənilərin bizə qarşı soyqırım siyasətini bütün dünyaya yaymalıyıq. Bu yol bizə həm dostlarımızı və həm də düşmənlərimizi tanımağa imkan verər, həm də özümüz mətinləşərik.

Dağlıq Qarabağda baş verən terrorçu-separatçı hərəkatın mahiyyətini açmaq üçün bir faktı sizin nəzərinizə çatdırmaq istəyirəm. O vaxtlar mən Azərbaycan Respublikasının prokuroru idim. Dağlıq Qarabağ separatçılarına “Krunq” (Durna) adlanan bir millətçi hərəkat başçılıq edirdi. Onun da rəhbəri Manuçarov idi. Manuçarovun haqqında Azərbaycan Respublikası Prokurorluğunda xüsusilə külli miqdarda dövlət əmlakını oğurladığına və rüşvətxorluqla məşğul olduğuna görə cinayət işi qaldırılıb Respublika Prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi, rus əsilli B.T.Boqomolovun rəhbərliyi ilə istintaq aparılırdı. İstintaq çox uğurlu gedirdi. Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları özləri Manuçarovu ifşa edən ifadələr verirdilər, əşyayi-dəlillər də əldə edilmişdi. Cinayətkarlar tərəfindən binanın divar hörgüsündə gizlədilmiş xüsusilə külli miqdarda qiymətli qızıl sikkələr və bəzək əşyaları da əldə edilmişdi. İfşa olunduğundan hədsiz dərəcədə qəzəblənən və qorxan Manuçarov əlaltıları ilə birli
kdə Xankəndində Vilayət Prokurorluğunda istintaqı davam etdirən Boqomolova hücuma keçdi. Məqsədi cinayət işini ələ keçirib onu məhv etmək idi. Mən deyərdim ki, Boqomolov əsl qəhrəmanlıqla cinayət işini xilas edə bildi.

Manuçarov Azərbaycandan Yerevana qaçdı. Sonralar ermənilərin şikayətinə əsasən (guya, biz qərəzli aparırdıq) bu işi SSRİ Prokurorluğu bizdən alıb öz icraatına götürdü və istintaqı xüsusilə mühüm işlər üzrə müstəntiq K.K.Maydanyuka tapşırdı. Maydanyuk da, həmçinin SSRİ Baş Prokurorunun istintaq üzrə müavini A.F.Katusev də işə çox vicdanla yanaşdılar, 10 nəfərdən çox adam həbs edildi, o cümlədən Manuçarov Yerevanda tutulub Şuşa türməsinə gətirildi. Həmin ərəfədə SSRİ Baş prokuroru A.Y.Suxarev mənə zəng edərək bildirdi ki, səhər Bakıya uçur, onu qarşılayım. Onun istintaq üzrə müavini A.F.Katusev də Bakıda idi. Səhər Suxarevi qarşılayıb mehmanxanada yerləşdirdim. O, müavini A.F.Katusevi, Manuçarovun işini istintaq edən K.K.Maydanyuku və məni yanına dəvət edərək, Manuçarovun haqqındakı həbs qəti-imkan tədbirinin dəyişdirilib onun azad edilməsi barədə fikrimizi soruşdu. A.F.Katusev və Maydanyuk işin tam sübutlu olduğunu ona bildirdilər və xüsusilə təhlükəli cinayətkar olan Manuçarovun azad edilməsini mümkünsüz saydılar. Onda Suxarev Manuçarovun Moskvaya etap olunması məsələsini müzakirə etdi. Müstəntiq bunun işin istintaqı baxımından ziyanlı olduğunu bildirdi. O dedi ki, həbsdə 10 nəfərdən çox müqəssir var, bu müqəssirlər də Manuçarovla üzləşməlidir. Müqəssir və şahidləri Moskvaya etap eləmək isə ağılsızlıqdır. Suxarev bu dəlillərlə razılaşdı. Elə bu vaxt Moskvadan ona zəng oldu. O, zəng edənə işin sübutlu olduğunu, Manuçarovun da azad edilməsinin mümkün olmadığını bildirdi. Zəng edən şəxs çox narazı qaldı və “ermənilərə qarşı repressiya aparırsınız” dedi. A.Y.Suxarev bizə bildirdi ki, bu şəxs məhz Sov.İKP MK katibi, Siyasi Büronun üzvü A.N.Yakovlevdir. Sonra mənə aydın oldu ki, Suxarev məhz onun tapşırığı ilə Bakıya gəlibmiş. Ardınca daha dəhşətli hadisələr baş verdi: səhər hərbi vertolyotla Manuçarovu qanunsuz olaraq Şuşa türməsindən Moskvaya apardılar. Qanuna görə, müqəssirin bir türmədən başqasına köçürülməsi ancaq işin istintaqını aparan müstəntiqin onun barəsində etap olunmaya dair prokuror tərəfindən sanksiyalanmış qərarı əsasında ola bilərdi. Belə bir qərar olmadan Moskvadakı azadlıqdan məhrum olunma yeri də müqəssiri qəbul edə bilməzdi. Tez bir müddətdə Manuçarovu Ermənistan Ali Sovetinə deputat seçdilər. Ermənipərəst olmaları ilə tanınan, Azərbaycana düşmən kəsilmiş A.Saxarov və Q.Starovoytova türmədə ona deputat mandatını təqdim etdilər və onun azad olunmasına nail oldular. O vaxtlar mən artıq Azərbaycan Respublikası prokuroru deyildim, Moskvada SSRİ Prokurorluğunda işləyirdim, Manuçarovun işi ilə də daim maraqlanırdım. Onu qeyd etməyi özümə borc bilirəm ki, həm A.F.Katusev, həm də K.K.Maydanyuk bu işə vicdanla yanaşırdılar, böyük təsirlərə baxmayaraq, qanun pozuntusuna və ədalətsizliyə yol vermirdilər. Onların məlumatlarına görə, hələ Qorbaçovun həyat yoldaşı Raisa Maksimovna da zəng edərək işin xətm olunmasını xahiş edirmiş. Qanuna hörmət bəsləyən insanlar işi xətm etmədilər, əksinə, təqsirnamə ilə baxılması üçün SSRİ Ali Məhkəməsinə göndərdilər. Burda da ağlagəlməz hadisə baş verdi – SSRİ Ali Məhkəməsi işə baxmadı və onu Belorusiya Ali Məhkəməsinə göndərdi. Belorusiya Ali Məhkəməsi də işə baxmadı, onu Brest Vilayət Məhkəməsinə göndərdi. Vilayət məhkəməsi də işi uydurma əsaslar üzrə qanunsuz olaraq təkmili istintaqa qaytardı. SSRİ Prokurorluğunda vilayət məhkəməsinin bu qərarından protest hazırlanırdı ki, SSRİ dağıldı, Yakovlev və digərlərinin köməyi ilə dövlət əmlakını xüsusilə külli miqdarda talayan, rüşvətxor, separatçıların başçısı Manuçarov cəzasız qaldı. Bu da Yakovlevin şəxsində Sov.İKP MK Siyasi Bürosunun separatçılara açıq-aydın dəstəyi idi.

Bu faktdan Dağlıq Qarabağda başımıza gətirilən faciənin kimlər tərəfindən təşkil olunub həyata keçirildiyi aydın görünür.

İkincisi, erməni terrorçuları və separatçıları Azərbaycanın əzəli və əbədi torpaqlarının işğalına hüquqi don geyindirmək üçün növbəti uydurmaya əl atdılar. Guya Dağlıq Qarabağda yaşayanlar erməni deyil, arsaxdırlar, yaxud da Dağlıq Qarabağ xalqıdır və onlar da beynəlxalq normalara uyğun olaraq öz müqəddəratlarını müəyyən etmək hüququna malikdirlər. Əslində isə, beynəlxalq hüququn “xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək hüququ” prinsipi Dağlıq Qarabağ hadisələrinə tətbiq edilə bilməz. Beynəlxalq hüququn məhz bu prinsipi əsasında erməni xalqı artıq öz müqəddəratını müəyyən edib, Ermənistan Respublikasını yaradıblar. Dağlıq Qarabağda yaşayanlar nə arsaxdırlar, nə də Dağlıq Qarabağ xalqı, onlar erməni əsilli məskundurlar və onlara da beynəlxalq hüququn göstərilən prinsipi şamil edilərək Dağlıq Qarabağda ikinci erməni dövləti yaradıla bilməz. Əks halda dünyada yüzlərlə erməni dövləti yarana bilər. Çünki onlar kompakt halda dünyanın hər yerində məskunlaşıblar.

Üçüncüsü, artıq iyirimi ildən çox ötən müddət göstərdi ki, ATƏT bizim başımızı qatmaqla, vaxt udmaqla məşğuldur ki, bu da ermənilərin xeyirinə işləyən amildir. Biz dəfələrlə məsələnin sülh yolu ilə həllinin BMT Təhlükəsizlik Şurasına verilməsində gördüyümüzü bildirərək, ATƏT-in Minsk Qrupunun bu missiyanın öhdəsindən gələ bilməyəcəyini vurğulamışıq. Çünki ATƏT-in qərarları dövlətlər üçün öhdəliklər yaratmır, siyasi niyyət və tövsiyyə xarakteri daşıyır. Məcburedici tədbirlərin tətbiqi BMT Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətindədir. Məhz ona görə də, Dağlıq Qarabağ probleminin həlli bu orqana aiddir. Düşünürəm ki, məsələnin BMT Təhlükəsizlik Şurasına verilməlidir və bu orqandan qəbul etdiyi 4 qətnamənin icrasını tələb etməliyik. Nə üçün Liviya ilə bağlı qətnamə dərhal icra edildi. Bizdə isə bu on illərlə icrasız qalır.

ATƏT hər dəfə mənasız bir işlə, prezidentlərin – Azərbaycan Respublikasını
n Prezidenti cənab İ.Əliyevlə Ermənistanın prezidenti S.Sərkisyanın görüşünü təşkil etməklə məşğuldur. Guya bu görüşdən çox şey asılıdır. Mən şəxsən belə görüşlərin tam əleyhinəyəm. Axı Ermənistanın prezidenti cənab İ.Əliyevdən fərqli olaraq söz sahibi deyil. Bu ölkəni o idarə etmir, ölkəni idarə edən, birincisi, xaricdə yaşayan erməni diasporudur. Onlar da Ermənistana iqtisadi yardım göstərirlər və bu da büdcədə xüsusi bənddə öz əksini tapır. İkincisi, bu ölkəni Rusiya idarə edir və özünün forpostu sayır. Söz sahibi olmayan belə bir prezidentlə görüşməyin mənası varmı? Artıq həyat göstərir ki, bu görüşlər əhəmiyyətsiz bir şeydir.

Dördüncü, məsələni hansı yolla həll etmək olar – müharibə, yoxsa sülh? Konkret bir istiqamət seçib və onu açıq bəyan etməyimiz bizim danışıqlar prosesində də manevr imkanlarımızı məhdudlaşdırar. Odur ki, hər iki yolu vəhdətdə götürməliyik, “sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq”. Hesab edirəm ki, mövqeyimiz nə qədər ciddi, əzmimiz nə qədər kəskin olarsa, sülh danışıqları üçün hazırlanan təkliflər də Azərbaycanın maraqlarına bir o qədər uyğun olar. Hər bir halda bir qarış da torpağı erməni millətçilərinə vermək olmaz. Ərazidən qiymətli heç nə yoxdur.  Gəlin, heç olmasa qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş separatçı xarici işlər naziri N.Melkumyanın sözlərindən ayılaq. Bu separatçı qələbə inamı ilə danışanda jurnalistin: “Bu inam sizdə haradandır?” sualına cavab olaraq, “Azərbaycan xalqı öz torpaqlarını azad etmək istəmir” deyirdi. Gəlin, biz göstərək ki, Azərbaycan xalqı öz torpaqlarını azad etmək istəyir və buna hərtərəfli tam hazırdır, neçə illər keçsə də, bu torpaqları erməni qəsbkarlarından, terrorçu-separatçılarından təmizləyəcək. Biz bu inamı və əzmimizi də ortaya qoymalıyıq, heç kimə ümid etmədən öz torpaqlarımızı düşmən tapdağından özümüz azad etməliyik.

Düşünürəm ki, hər hansı bir problemi (Dağlıq Qarabağ və yeddi rayonun erməni millətçiləri tərəfindən işğal edilməsi bizim ən ağrılı, taleyüklü problemimizdir) həll etmək üçün məhz ilk növbədə vasitə axtarmaq lazımdır. Fəaliyyətsizliyə bəraət qazandırmaq üçün səbəb uydurmaq ağılsızlıqdır. Müharibəni qan-qada, fəlakət gətirən hal kimi dəyərləndirənlərə isə Fransanın əfsanəvi generalı və dövlət başçısı De-Qolun sözlərini xatırlatmaq yerinə düşərdi: “Əgər doğurdan da, müharibə ağılsızlıqdırsa, torpaqların düşmən tapdağı altında qalması və məğlubiyyətin etirafı bundan da betərdir”. Biz son qələbəmizə tam inanmalı və bu istiqamətdə bütün imkanlarımızı səfərbər etməliyik. Biz, Afinalı Periklin dediyi kimi, biz şərəf hissindən ilham almalı, vətəndaşlıq borcunun nə olduğunu dərk etməli və onu vicdanla yerinə yetirməli, dərdin də, sevincin də nə olduğunu yaxşı anlamalı və məhz buna görə təhlükələrdən qorxub çəkinməməliyik.

Diqqətinizə görə təşəkkür edirəm!