Alimlər belə qənaətə gəliblər ki, karbon qazı tullantılarının azaldılmasında ən böyük uğur nüvə enerjisindən az istifadə edən ölkələrdə əldə olunub. “Climate Policy” jurnalında araşdırmanın təfərrüatları ilə tanış olmaq olar.
Sasseks Universitetinin və Vyana Beynəlxalq Tədqiqatlar Məktəbinin mütəxəssisləri iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin səmərəli olmasını şübhə altına alıblar. Tədqiqat çərçivəsində alimlər Avropa ölkələrini üç qrupa bölüblər. Birinci qrupa Danimarka, İrlandiya və Norveç kimi nüvə enerjisindən istifadə etməyən ölkələr, ikinci qrupa nüvə enerjisindən istifadəni azaldan Almaniya, Niderland və İsveç, üçüncü qrupa isə nüvə potensialını genişləndirməyi planlaşdıran Bolqarıstan, Macarıstan və Böyük Britaniya daxil edilib.
Tədqiqatçılar aşkar ediblər ki, birinci qrup ölkələr karbon qazını 6 faiz azaldıb, bərpa olunan enerji mənbələrindən istifadəni 26 faizədək artırıb. İkinci qrup ölkələr karbon qazı tullantılarını 11 faizə qədər azaldıb, bərpa olunan enerji mənbələrindən istifadəni isə 19 faiz artırıb. Üçüncü qrup ölkələrdə isə karbon qazı tullantılarının payı əksinə, 3 faiz artıb, bərpa olunan enerji mənbələrindən istifadə 16 faiz azalıb.
Tədqiqatın nəticələri nüvə enerjisindən istifadənin iqtisadi səmərəliliyini şübhə altına qoyur. Alimlər hesab edirlər ki, Avropa dövlətləri bütün ölkələr üçün əlçatan olan daha ucuz və təhlükəsiz alternativ enerji mənbələrindən istifadə barədə düşünməlidir. (Azərtac)