Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında sərəncamına əsasən, “Azərbaycanda dövlət-din münasibətləri – 25 il” mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və dini konfessiyaların rəhbərliyi, media nümayəndələri, dinşünas ekspertlər, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın müstəqilliyinin bərpasından ötən 25 il ərzində respublikada dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlərin müzakirəsidir.
Onun sözlərinə görə, Azərbaycanda dövlət din münasibətlərinin formalaşdırılıması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Azərbaycan “Dini etiqad azadlığı haqqında" qanunu MDB-də qəbul edən ilk ölkədir. Həmin qanun 1992-ci ildə qəbul edilib. Biz dövlət-din münasibətlərini tarixilik nöqteyi nəzərindən iki mərhələyə ayırırıq. Bunlardan biri ulu öndər Heydər Əliyev dönəmidir. İkinci tarix dövr Prezident İlham Əliyevin adı ilə bağlıdır”. (Report)