XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2016 - 11:53

Kəbəyə basqın: fransız əsgərlər kəlmeyi-şəhadət gətirdi və… –TARİXİN OXUNMAYAN SƏHİFƏSİ

al-utabi

“Fil” surəsində deyildiyi kimi, Yəmən hökmdarı Əbrəhənin Allah Evinə hücumunun qarşısını əbabil quşları alıb. 37 il əvvəl Kəbəni ələ keçirən silahlı qruplaşmanı müqəddəs məkandan çıxaran isə su və elektrik oldu. Üstəlik, terrorçulara qarşı hücum ərəfəsində kəlmeyi-şəhadət gətirən fransız əsgərləri…

Strateq.az hələ də üstündən sirr pərdəsi tam qaldırılmamış hadisəyə nəzər salır.

1979-cu il noyabrın 20-i hicri təqvimlə Məhərrəm ayının 1-nə müvafiq idi.

O gün Kəbədə sübh azanı ərəfəsində Cuheyman əl-Uteybənin rəhbərliyi ilə bir qrup silahlı şəxs Allah Evinə basqın etdi. Hərəmi-Şərif həftələrlə terrorçuların nəzarətində qaldı. Silahlı qarşıdurmada yüzlərlə adam həlak oldu.

Əl-Uteybə kim idi?

Düz 18 il Səudiyyə Ərəbistanında kral mühafizəçiləri alayının komandanı olmuşdu. Daha sonra istefa verərək Mədinə İslam Universitetində təhsil almışdı. Bundan sonra müxtəlif risalə və məqalələr yazmışdı. Vəssalam. Başqa heç nə ilə bu adam tanınmırdı.

Məhərrəm ayının həmin ilk günü basqınçıların rəhbəri əl-Uteybə mikrofonu götürərək hacıların qarşısında Səudiyyə rejimini şəriətdən, dindən-imandan uzaqlaşmaqda ittihamladı, Qərb ənənələrinə son verilməsini, krallığın ləğv edilərək yeni bir dövlət qurulmasını tələb etdi.

Bundan sonra o, "Mehdinin zühur etdiyini" söylədi, yanında olan qaynı Məhəmməd əl-Kahtani adlı gənci "Mehdi" olaraq tanıtdı. Üstəlik, Kəbədə olanlardan ona beyət edilməsini tələb etdi.

Sonradan məlum oldu ki, basqının hazırlıqları çoxdan görülüb. Kəbənin altındakı qədimdən qalma yüzlərlə metrlik dəhlizlərdə aylar boyu gizlicə silah, sursat və ərzaq toplanılıb. Gizli dəhlizlərin biri Məkkənin müxtəlif yerlərinə, o cümlədən Əcyad qalasına gedib çıxırdı.

Yeraltı yolu tutan terrorçular təhlükəsizlik qüvvələrinin Hərəmi-Şərifə bu yolla girmələrini də qeyri-mümkün hala gətirdi. Basqından dərhal sonra təhlükəsizlik qüvvələri Kəbəni geri almağa çalışdısalar da, bu cəhdlər uğursuz oldu.

Səudiyyə Ərəbistanı rəhbərliyi vəziyyətə nəzarət etmək üçün informasiya blokadası yaratdı, hətta şəhərin telefon xətlərini belə kəsdilər. Hər cür güc tətbiqinin qadağan olduğu Kəbəni işğaldan qurtarmaq üçün qan axıdılmasına dair xüsusi fitva çıxarıldı.

İki həftə sonra rəsmi ər-Riyadın istəyi ilə Pakistan əsgərləri, GIGN (Fransız xüsusi təyinatlıları), CIA və “Vinell” komandosları köməyə çağırıldı.

Qeyri-müsəlmanların Məkkəyə daxil olması üçün əvvəlcə əsgərlərə kəlmeyi-şəhadət oxuduldu və Kəbənin ətrafı mühasirəyə alındı.

Fransız komandosları hücuma keçməzdən qabaq xüsusi plan düşünüldü. Həmin vaxt Məkkənin su şəbəkəsi yenilənirdi və şəhərin dörd bir yanına geniş borular çəkilirdi.

Kəbəyə hücum ərəfəsində su şəbəkəsinin planları dəyişdirildi, boruları Kəbəyə və Hərəmi-Şərifin altındakı dəhlizlərə yönəltdilər. Sonra içəriyə tonlarla kubmetr su buraxıldı, suya elektrik verildi və antiterror qruplarına yalnız suda üzməyə başlayan cəsədləri yığmaq qaldı.

Diri ələ keçirilən əl-Uteybə və 62 (bəzi mənbələrə görə isə 170) terrorçu ibrət olsun deyə 8 ayrı şəhərdə edam olundu. Əvvəlcə qolları, sonra qıçları, sonra başları bədənlərindən ayrıldı.

Hadisənin səbəbləri və bunun arxasında kimlərin olduğu heç bir zaman rəsmi olaraq açıqlanmadı. Sonralar bu işdə bəzi Səudiyyə şahzadələrinin barmağı olduğu iddia edildi. Amma dövrün kralı Xalidin onları sürgünə göndərdiyi də bu iddialar arasında idi.

Hadisədən 37 il keçir, lakin Kəbəyə basqın üzərindəki sirr pərdəsi hələ də tam qalxmayıb.

M.Rzasoy

Strateq.az

terror-mekke1 terror-mekke

fransiz-terr