XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2017 - 16:47

Azərbaycanın müqəddəs ocaqları –Təzəpir məscidi

din.az_2016-08-06_04-23-18

Təkallahlılıq dini olan İslam bütpərəstliyə qarşı olub, yalnızca Allaha ibadəti və sitayişi qəbul edir. Dinimizdə şəxslərə pərəstiş düzgün hesab edilmir, hətta bu Məhəmməd peyğəmbər olsa da. Lakin müsəlmanların ziyarət etdikləri, nəzir verdikləri müqəddəs məkanlar var. Məkkə başda olmaqla bir sıra şəhər və məbədlər müqəddəs hesab edilir. Buna səbəb burada yaşanmış hadisələrdir. Peyğəmbər və onun davamçılarının apardıqları mübarizə həmin məkanları müsəlmanların güc aldığı yerə çevirib.

Dünyanın bir çox yerində olduğu kimi ölkəmizdə də kifayət qədər bu cür məkanlar var. Bunlardan biri tarixi XIV-XV əslərə gedib çıxan Təzəpir məscididir. Hansı ki, Qafqaz müsəlmanlar İdarəsi də burda yerləşir. Ziyarətgah həmçini dini və siyasi hadisələrin də şahidi olub. 1918-ci il mart hadisələri zamanı Nəriman Nərimanovun Təzəpir məscidində əhaliyə müraciəti, 1918-ci il sentyabrın 15-də Bakını düşmən qüvvələrindən azad edən Nuru Paşanın məscidin minbərindəki nitqi unudulmayıb.

Məscidin altında islam alimi və övliya Əbu Seyid Abdullaya məxsus türbə olub. Zaman keçdikcə türbə dağılmağa başlayıb, lakin buraya etiqad edən insanların sayəsində qalıqlar qorunub saxlanır. Daha sonra 1817-ci ildə Hüseynquluxanın kürəkəni Qasım bəy məscidi təmir etdirib. İndiki ziyarətgah isə XX əsrin əvvəllərində tikilməyə başlanıb. Seyid Yəhya Bakuvinin nəslindən olan Nabat xanım Aşurbəyli külli miqdarda vəsait ayıraraq ziyarətgahın tikintisinə başlayır. Elə yenidən tikildiyinə görə xalq arasında Təzəpir məscidi adlanıb. Nabat xanım bu işə xüsusi diqqətlə yanaşıb. O, Peterburqda təhsil almış Zivər bəy Əhmədbəyovla görüşüb, məscid haqqında fikirlərini bölüşüb. Razılaşdıqdan sonra Zivər bəy İstanbul və ərəb ölkələrinə gedərək, memarlıq nümunələrilə tanış olub. O, elə səyahətdə olarkən Təzəpir məscidinin layihəsini hazırlayıb.

Nabat Ashurbeyova

Nabat xanım Aşurbəyli

1905-ci ildə tikilinin bünövrəsi qoyulub. Həmin gün Məbəs bayramı olduğu üçün mərasim təşkil edilib, qurbanlar kəsilib. Bünövrənin ilk daşını da Hacı Zeynalabdin Tağıyev qoyub. 1912-ci ildə vəfat edən Nabat xanımı hörmət əlaməti olaraq  məscidin eyvanında dəfn ediblər. Tikinti prosesi isə 1914-cü ildə yekunlaşıb. Bu memarlıq abidəsi Bakıda ağ daşla tikilmiş ilk bina idi.

Axmedbekov-1

Zivər bəy Əhmədbəyov

SSRİ vaxtlarında dini məkanlar digər müəssisələrə çevrildiyi üçün 1934-cü ildə Təzəpir məscidi çay fabriki, yay kinoteatrı, anbar və s. kimi istifadə edilib. Sonralar Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa olunub və məscid fəaliyyətinə davam edib. Ziyarətgah, nəhayət, 2007-2009-cu illərdə əsaslı şəkildə yenidən təmir olunub.

Hal-hazırda Təzəpir məscidi ölkə əhalisinin ziyarət etdiyi ən mühüm müqəddəs məkanlardan biridir.

Qəmər Şahbaz