XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 19:25

Azərbaycanın müqəddəs ocaqları –Bibiheybət məscidi

Bibi_Heybet_Moscue_(Baku) (1)

Azərabaycan dini ziyarətgahlarla zəngin bir ölkədir. Naxçıvanda Əshabi-Kəhf və Aza piri, Şamaxıda Piri Mərdəkan, Yevlaxda Şeyx Yusif , Siyəzəndə Şeyx Zində baba , Bakıda Təzəpir, Soltan baba, Bibiheybət, Mirmövsüm ağa və s. kimi pir və ziyarətgahlar insanların böyük inamla ziyarət etdikləri ocaqlardır. Bibiheybət məscidi isə öz tarixi ilə təkcə müsəlmanların yox, dünya səyyahlarının da marağına səbəb olan dini-memarlıq abidəsidir.

İslam tarixçilərinin dediyinə görə, Abbasilər sülaləsindən Harun ər-Rəşidlə səkkizinci imam  Əli ibn-Musa (və ya imam Rza) arasında ixtilaf baş verib. Bu səbəbdən imamın ailə üzvləri, qohumları və tərəfdarları təqib edilməyə başlanıb və Bağdad şəhərini tərk ediblər. Yolda qarşılaşdıqları çətinliklər ailə üzvlərini ayrı salıb. İmam Museyi Kazımın övladları Əli ibn Musa, Hökümə xanım və digər bacı-qardaşlar ayrı-ayrı şəhərlərdə məskən salıb. Əli ibn Musa Xorasana, Hökümə xanım isə 3 qardaşı uşağı ilə birlikdə Bakı şəhərinə gəlib. Xanımın burada etibar etdiyi yeganə adam əvvəldən də tanıdıqları Hacı Bədir adlı şəxs olub. Tarixi məlumatlara görə, bu şəxs İçərişəhər taciri idi. O, Hökümə xanımın harada və kiminlə olduğunu bilməsinlər deyə öz adını dəyişdirib. Əlifba sözü ərəb dilinin birinci və ikinci hərfindən ibarət olduğu kimi (əlif və bey), Hacı Bədir də adının birinci hərflərini birləşdirərək Heybət adını qəbul edib. Hacı sözünün birinci hərfi ərəb dilində “həy”, Bədir sözünün birinci hərfi isə “bə”-dir. Yəni Hacı Bədir artıq Heybət olaraq tanınırdı. Buna görə də Hökümə xanıma insanlar “Heybətin bibisi” deyə müraciət ediblər. İmamzadələrin adları nə qədər gizli saxlansa da, sonradan bu sirr Bakı əhalisinə aşkar olub. Həzrət Hökümə xanımı tanıyanlar onun ziyarətinə gəlib, yanında rahatlıq tapıblar. O, vəfat etdikdən sonra məzarı üzərində türbə tikilib. Hacı Bədir isə öz vəsiyyətiylə xanımın məzarının ayaq tərəfində dəfn edilib. Bu onun Hökümə xanıma olan hörmət və sevgisindən irəli gəlirdi. Xanımın bacıları Mənsumə xanım İranın Qum şəhərində, Rəhimə xanım Bakının Nardaran kəndində, Leyla xanım isə  Bakının Bilgəh kəndində dəfn olunub.

26633415_Mj-G9jtewzGHeuw4rW7D27u7iM-cmFju52bqye7HFNg

Məscidin restavrasiya edilmiş yeni binası

13-cü əsrdə Şirvanşah II Axsitanın oğlu Şirvanşah II Fərruxzadın sifarişilə 1281-1282-ci illərdə türbənin yerində məscid inşa edilib. O dövrdə Azərbaycan Elxanilər dövlətinin tərkibində idi. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir. Bu kitabədə qeyd edilib ki, məscidin memarı Mahmud ibn-Səyiddir. Məşhur tarixçilər Abbasqulu ağa Bakıxanov,  Bernard Dorn, İlya Berezin və  İsaak Xanukov da bu haqda yazıblar. Dorn öz əlyazmalarında I TəhmasibI Abbasın məscidin bərpası haqqında fərman imzaladıqlarını qeyd edib. Məscid əvvəllər “Fatimə” adlandığı üçün Dorn da qeydlərində bu adı yazıb. Aleksandr Düma "Qafqaz" kitabında məscid haqqında belə deyib: "Məscid uşağı olmayan qadınlar üçün sitayiş yeridir. Onlar bura piyada gəlir, dua edir və bir il ərzində uşaq sahibi olurlar".

Rəvayətə görə, XIX əsrin ən görkəmli şəxsiyyətlərindən biri olan Xurşudbanu Natəvan da övladı olmadığı üçün ziyarətgaha gəlib və Allahdan övlad diləyib. Nəzir olaraq isə bu ziyarətgaha yol çəkdirəcəyini əhd edib. O, oğlu dünyaya gələndən sonra öz əhdini yerinə yetirib. Xan qızının bu xidməti sayəsində Azərbaycanın Yaxın Şərq və qonşu ölkələrlə ticarət yolu da xeyli asanlaşıb.

Quba xanı Fətəli xan vaxtilə bu türbəni tez-tez ziyarət edib. Xan vəsiyyət edib ki, vəfat etdikdən sonra onu ziyarətgahda olan qəbirlərin aşağı tərəfində dəfn etsinlər. Onun yaxınları xanın vəsiyyətinə əməl edib və Fətəli xan orada dəfn olunub. Lakin 1934-cü ilin sentyabrında bolşeviklər tərəfindən pir dağıdılarkən xanın da qəbri yerlə-yeksan edilib. Onun baş daşı hal-hazırda Tarix Muzeyində saxlanılır.

Zaman keçdikcə məscidin ətrafında şeyxlər yaşamağa başlayıb. Sonralar bura şeyxlərin adına uyğun olaraq Şıxlar adlanıb. Bir çox müsəlman öldükdən sonra məscid yaxınlığında basdırılmağı vəsiyyət edib. Onların arasında Hacı Şeyx Şərif də var. O vaxtilə sufizmi yaymaq üçün Bakıya gəlib və həyatının qalan hissəsini bu ibadətxanada keçirib.

1920-ci ildən sonra bolşeviklərin hakimiyyətə gəlişilə Azərbaycanda xalq üçün mənəvi əhəmiyyəti yüksək olan dini məkanlar dağıdılmağa başlandı. Məscid 1934-cü ildə kommunistlər tərəfindən iki dəfə partladılıb. 1935-ci ilin sentyabrında isə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Bakı Sovetinin Rəyasət Heyəti qətnamə qəbul edərək dini mərasimləri qadağan edib. Lakin həmin il Moskvada tarixi əhəmiyyəti olan memarlıq abidələrinin saxlanmasına qərar verilib. Məscidin dağıdılmasında məsul olan şəxs Azkomstarisa Salamov 20 il Sibirə sürgün edilib. Buna baxmayaraq ziyarətgahın yerində şose yolu salınıb.

Bibi_Eybat_Mosque_destruction

1934-cü ildə məscidin dağıdılması

Dövlət müstəqilliyimizi qazandıqdan sonra 1997-ci il iyulun 23-də Məhəmməd (s) peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsi qoyulub. Klassik şərq üslubunda tikilən əzəmətli Bibiheybət məscidinin içi ağ mərmərdən, günbəz rəngbərəng şüşələrlə mükəmməl şəkildə işlənib. Burada şüşədən ibarət mozaikada Quranın “Ən-Nisa” surəsi yazılıb. Hündürlüyü 5 metr olan məsciddə eyni vaxtda təxminən 3 min nəfər namaz qıla bilər. Namaz qılınan yerin döşəməsinin altında xüsusi istilik sistemi quraşdırılıb, kişi və qadınların rahat ibadəti üçün hər cür şərait yaradılıb.

Bibi-Eybat_mosque_by_Huseinzade

Əli bəy Hüseynzadənin "Bibiheybət məscidi" əsəri

Bibiheybət məscidi Azərbaycan rəssam Əlibəy Hüseynzadə tərəfindən ağ kətanda təsvir edilib. Həmin əsəri azərbaycanlı milyoner Hacı Zeynalabdin Tağıyev alıb.

 

Qəmər Şahbaz

Strateq.az