XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

28 Mart 2015 - 10:27

“Xəlvətilik” nədir?

Xəlvətilik öz adını ərəb sözü olan “xəlvət”dən götürüb.

Xəlvət – insanların görmədiyi, gizlin, yalnız qala biləcəyin yerdir. Xəlvətə çəkilmək, Yaradanla baş-başa qalmaq İslamdan öncə də mövcud olmuşdur. Hələ Məhəmməd peyğəmbərin gənc yaşlarında Hira mağarasına – xəlvətə çəkilərək saatlarla, bəzən günlərlə Tanrını düşünməsi haqqında qaynaqlar var. ünlü İslam filosofu və sufisi Muhyiddin ibn Ərəbi (1165-1245) xəlvətə çəkilməyi belə izah edir: “Xəlvətə çəkilmək, Tanrıdan başqa hər hansı bir varlığın – istər mələk olsun, istərsə də insan olsun – kimsənin olmadığı yerdə və zamanda ruhən Tanrı ilə söhbət etməkdi“. İslam təsəvvüfünün ilk qurucularından olan Zinnun Misri isə xəlvətə çəkilməyi belə mənalandırır: “Mən insanı Tanrı sevgisinə xəlvətdən daha gözəl qovuşduran bir şey görmədim. Kim xəlvəti sevərsə ixlasın sütunlarından yaxşıca yapışmış və doğruluq rüknlərindən birində zəfərə yetişmişdir deməkdir”. Xəlvətə çəkilmək bəzən 40 gün davam edərdi. Qırx gün müddətinə xəlvətə çəkilməyə ərbəin də deyilirdi. Ərbəin ərəbcə qırx deməkdir. Xəlvətə çəkilmə müddətinin 40 gün davam etməsi Məhəmməd peyğəmbərin söyləmiş olduğu bir hədisə əsaslanırdı: “Qırx gün bütün əməllərini səmimi sevgi ilə Allah üçün edən kimsənin ürəyindən dilinə doğru hikmət bulağı axar”. Bəzi qaynaqlar xəlvətə çəkilmənin tarixinin Musa peyğəmbərlə başladığını yazır. Musa peyğəmbər Tanrı ilə danışmazdan öncə qırx gün oruc tutmuş və Sina dağına xəlvətə çəkilərək ibadət etmişdi. Qırx gün xəlvətə çəkilməyə çilə də deyilmişdir. Lakin çilə sözü sonralar işlənmişdir. çilə sözü farsca çehel sözündəndir və bu sözün də anlamı qırx deməkdir. Xəlvətə çəkilən mürid sufi və ya dərviş öz istəyi ilə deyil, mürşidin göstərişi ilə xəlvətə çəkilirdi. Bəzən mürşidin göstərişi ilə eyni vaxtda bir neçə mürid xəlvətə çəkilərdi. Bu zaman xəlvətə çəkilən mürid haqqında “ərbəinə girdi” – deyilirdi. Bu da “qırx gün müddətinə xəlvətə çəkildi” – anlamını verirdi. Adətən Ramazan ayı başlamazdan on gün öncə xəlvətə çəkilirdilər. Həm Ramazandan öncə on günü, həm də Ramazan ayı boyunca ərbəini oruc tutmaqla keçirərdilər. Bu müddətdə dərviş dünyanı və dünya malını düşünməkdən tamamilə vaz keçər, yalnız Yaradanı düşünər və bütün gününü ibadətlə keçirərdi. Qırx gün xəlvətə çəkilən mürid bu müddətdə həm də özünü tanımağa, iç imkanlarını və mənəvi gücünü ortaya çıxarmağa çalışardı. Beləcə qırx günü tamam edərdi. Ərbəini uğurla tamamlayan müridlər mürşidin qarşısına çıxarılar və xəlvətin bitməsi xüsusi törənlə qeyd edilərdi. Xəlvət, xəlvətə çəkilmək Xəlvətiliyin bir təriqət kimi meydana çıxmasından min illər öncə və təriqət yaranandan sonra da bir çox təriqət mənsubları olan sufilər – təmizlənmək, saflaşmaq, kamilləşmək və Tanrıya yaxın olmaq istəyən insanlar – tərəfindən sıx-sıx işlənən və həyata keçirilən anlayış və metod idi. Qaynaqlarda İmam Qəzalinin on il insanlardan uzaq xəlvət həyatı yaşadığı, Mövlanə Cəmaləddin Ruminin dəfələrlə ərbəinə girdiyi, Əhməd Yəsəvinin 63 yaşında yer qazıb xəlvətə çəkildiyi qeyd olunur. Bizim eradan doqquz yüz il əvvəl yaşamış Zərdüştün də – Tanrı ilə baş-başa qalması üçün – on il müddətinə mağaraya-xəlvətə çəkilməsi haqqında bilgilər var. Göründüyü kimi xəlvətdə olmaq, xəlvətə çəkilmək adəti Xəlvətiliyin ayrıca bir cərəyan kimi meydana çıxmasından xeyli əvvəllər də mövcud olmuşdur. Məhz dini düşüncənin bu özəlliyinə əsaslanaraq 14-cü yüzillikdə Xəlvətilik İslamda xüsusi bir cərəyan kimi meydana çıxdı.

Xəlvətilik nədir?

Az əvvəl qeyd etdiyim kimi, Xəlvətilik dini düşüncədə və davranışda yüz illər öncədən var olan xəlvətə çəkilmə metoduna dayanaraq meydana gəlmişdir. Xəlvətiliyin ən böyük özəlliyi bu təriqətin bütünlüklə Azərbaycan türkləri tərəfindən yaradılması, inkişaf etdirilməsi və yayılmasıdır. Bu təriqətin Azərbaycan sınırlarını aşaraq bir çox ölkələrdə tanınması və yayılması da ünlü Azərbaycan sufisi Seyid Yəhya Bakuvinin çalışmaları sonunda gerçəkləşmişdir. Sırf Türk –İslam sufi cərəyanı kimi meydana gələn Xəlvətiliyin digər özəlliyi isə sünniliyin və şiəliyin sintezi kimi çıxış etməsi olmuşdur. Bu təriqətdə həm sünnə, həm də İmam Əli və əhli-beyt sevgisi təbliğ edilir.

Xəlvətiliyin əsasını təşkil edən 2 üsul və ya şərt var:

I.Kəlmeyi Tövhidin və “əsmayi səba”nın (Tanrının yeddi isminin) zikri;

Lailahə illəllah, Allah, Hu, Haqq, Hayy, Qayyum, Qahhar.

II. Nəfsin 7 mərtəbəsinin aşılması;

  1. Nəfsi-əmmarə

Əmredən nəfsdir. Nəfsi-əmmarə hər zaman pis işlər görməyi əmr edər. Adını Quranın Yusif surəsinin 53-cü ayəsindən götürmüşdür: “Nəfs pisliyi şiddətlə əmr edər”.

2.Nəfsi-ləvvamə

Peşiman olan nəfsdir. İnsanın pis işlər görüb sonra pis işindən peşiman olması anlamındadır. Adını Quranın Qiyamə surəsinin 2-ci ayəsindən almışdır: Həmin aydə “Ləvvamə (peşiman olan) nəfsə and olsun” – deyilir.

3.Nəfsi-mülhəmə

Nəyin xeyir, nəyin şər olduğunu bilən, cismani istəklərə qismən dirəniş göstərə bilən nəfsdir. Adını Quranın Şəms surəsinin 8-ci ayəsindən götürmüşdür. Həmin ayədə belə deyilir: “Sonra da o nəfsə pis əməllərdən çəkinməyi öyrədənə”.

4.Nəfsi-mütməinə

Pisliklərdən qurtulan, gözəl əxlaqa sahiblənmiş nəfsdir. Adını Quranın Fəcr surəsinin 27-ci ayəsindən götürmüşdür: Həmin ayədə “Ey arxayın nəfs” – deyilir.

5.Nəfsi-raziyə

Razı qalan nəfs deməkdir. Bu məqam sufinin və ya dərvişin Tanrının hökmlərinə və qədərinə razı olması və İlahi sirlərə vaqif olduğu məqamdır. Adını Quranın Fəcr surəsinin 28-ci ayəsindən almışdır. Həmin ayədə “Dön Rəbbinə, sən Ondan razı olaraq”– deyilir.

6.Nəfsi-mərziyə

İnsanın Tanrıdan, Tanrının da insandan razı qaldığı məqamdır. Beşinci üsulun davamıdır. Adını da beşinci üsulda qeyd etdiyim ayənin davamından almışdır. Həmin ayə tam şəkildə belədir: “Dön Rəbbinə, sən Ondan, Rəbbin də səndən razı qalaraq”.

7.Nəfsi-kamilə və ya Nəfsi-safiyə

Bu, mənəvi yolçuluğa çıxmış sufinin kamil nəfsə sahiblənməsi və irşad məqamına yüksəlməsidir…

Xəlvətiliyin yaranması ömər Xəlvətinin adıyla bağlıdır. Xəlvəti düşüncəsinə görə təriqət kimi xəlvətiliyin meydana gəlməsi ömər Xəlvətinin adıyla bağlı olsa da, bu yol Məhəmməd peyğəmbərdən başlamış və mürşiddən-mürşidə silsilə şəklində ötürülərək ömər Xəlvətiyə qədər uzun bir yol keçmişdir. Həmin silsilə isə bu şəkildə qəbul e
dilir:

1. Məhəmməd peyğəmbər

2. İmam Əli

3. İmam Həsən

4. İmam Hüseyn

5. İmam Zeynal Abidin

6. İmam Məhəmməd Bağır

7. İmam Cəfər Sadiq

8. İmam Musa Kazım

9. İmam Məhəmməd Təqi

10. İmam Əliyyən Nəqi

11. İmam Həsən Əskəri

12. İmam Məhəmməd Mehdi

13. Həsən əl-Bəsri

14. Şeyx Həbib əl-Əcəmi

15. Şeyx Davud ət-Tai

16. Şeyx Məruf əl-Kərxi

17. Şeyx Sirri Səqəti

18. Şeyx Cüneyd əl-Bağdadi

19. Şeyx Şimşad Dinəvəri

20. Şeyx Məhəmməd Dinəvəri

21. Şeyx Məhəmməd əl-Bəkri

22. Şeyx Vəcihəddin

23. Şeyx ömər əl-Bəkri

24. Şeyx Əbu Nəcib Sührəvərdi

25. Şeyx Qütbəddin əl-Əbhəri

26. Şeyx Rüknəddin Məhəmməd Nəhhas əl-Buxari

27. Şeyx Şəhabəddin Təbrizi

28.Şeyx Seyid Cəmaləddin Şirazi

29. Şeyx İbrahim Zahid Geylani (Zahidiyyə təriqətinin qurucusu)

30. Şeyx Məhəmməd Nur Xəlvəti

31. Siracəddin ömər Xəlvəti

Bu məqamda qeyd etməliyəm ki, bu silsilədə adı çəkilən ilk

18 ad Qadirilik, Mövləvilik, Söhrəverdilik və digər bir neçə sufi təriqətindəki silsiləylə eynidir. Bu təriqətlərdə silsilə yalnız Cüneyd əl-Bağdadinin adından sonra fərqli mürşid adlarıyla davam edir. İbrahim Zahid Geylaninin adına qədər olan silsilə isə həm Xəlvətilikdə, həm də Səfəvilikdə eynidir. Şeyx Zahid Gilanidən sonra onun müridi Şeyx Səfiəddin Ərdəbili Səfəvilik təriqətinin əsasını qoyur. Az əvvəl qeyd etdiyim kimi Xəlvətilik bir təriqət olaraq ömər Xəlvətinin fəaliyyəti ilə bağlı meydana çıxmışdır. Siracəddin ömər Xəlvəti Şirvanda məşhur olan şeyx nəslindəndir. Əmisi Şeyx Məhəmməddən dərs almışdır. Əmisi rəhmətə gedəndən sonra irşad (yolgöstərən, mürşid) məqamına layiq görülmüşdür. 1397-ci ildə ölmüşdür. Sufilikdə ən geniş yayılmış metodlardan olan xəlvətə çəkilmə üsulundan sıx-sıx istifadə etmişdir. Bəzi araşdırmaçılar onun hər biri qırx gün olmaqla qırx dəfə ardıcıl xəlvətə çəkildiyini deyir. Bu özəlliyinə görə ona Xəlvəti, ardıcıllarına isə Xəlvətilər deyilmişdir. Xəlvətiliyin bir təriqət kimi ən sayılıb-seçilən və yayğın təriqətə çevrilməsi isə 15-ci yüzillikdə yaşamış ünlü sufi Seyid Yəhya Bakuvinin adıyla bağlıdır.

Seyid Yəhya Bakuvinin tam adı Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şirvani əş-Şamaxi əl-Bakuvidir. Onun həm Şirvani, həm də Bakuvi nisbəsi ilə tanınmasının səbəbi Şamaxıda doğulub böyüməsi və ömrünün qırx ildən çoxunu Bakıda yaşaması ilə bağlıdır. Seyid Yəhyanın uşaqlıq illəri 15-ci yüzilliyin əvvəllərinə düşür. Həmin dövrdə Şamaxı Xəlvətiliyin əsas mərkəzlərindən biri idi və burada Xəlvəti mürşidlərindən Şeyx Sədrəddinin təkyəsi vardı. Seyid Yəhya uzun illər Şeyx Sədrəddinin müridi olur. Şeyxinin ölümündən sonra Bakıya köçür. Bakıya köçməsinin əsas səbəbi Şeyx Sədrəddinin ölümündən sonra müridlər arasında baş verən qarşıdurma olur. Seyid Yəhya Bakıya köçəndə 15-ci yüzilliyin 20-ci illəriydi. Həmin illərdə Şirvanşahlığın paytaxtı Bakı idi. Həmin dönəmdə Şirvanşahlar dövlətinin başçısı olan Xəlilullah xanın sevgisini və sayğısını qazanan Seyid Yəhya, Şirvanşahlar sarayının yaxınlığında xanəgah qurur. Seyid Yəhya bütün ömrünü bu xanəgahda müridlər yetişdirməklə, xəlvətə çəkilərək ibadət etməklə və əsərlər yazmaqla keçirir. İsti aylarda çöllərə, xəlvətə çəkilərək günlərlə ac-susuz qalaraq ibadət etmək onun adəti idi. Seyid Yəhya Bakıda vəfat etmiş və burada Şirvanşahlar sarayının həyətində dəfn edilmişdir. Mürşidi Şeyx Sədrəddinin qızı ilə evlənən Seyid Yəhyanın Şeyx Fətullah, Əmir Güllə və Şeyx Nəsrullah adında üç oğlu olmuşdur. Şeyx Fətullah atasından sonra Bakıda, kiçik oğul Şeyx Nəsrullah isə Krımda şeyxlik etmiş, burada Xəlvətilik təriqətinin əsasını qoymuşdur.

Seyid Yəhyanın bir sıra əsərləri vardır. Bu əsərlərdən “Şəfaül-əsrar” (Sufiliyin sirləri) və “Virdü-səttar” (Eyibləri örtən, yox edən kitab, dua anlamındadır) əsərləri xüsusilə məşhurdur. Seyid Yəhya öz əsərləriylə sufi –Xəlvətiliyin Anayasasını, proqramını hazırlamışdır. Bundan əlavə Xəlvətiliyi uğurla və yüksək səviyyədə təqdim və təbliğ edə biləcək bir çox ünlü Xəlvəti sufilər yetişdirmişdir. Seyid Yəhyanın yetişdirdiyi ən ünlü Xəlvəti mürşidlər bunlardır:

1.Baba Qütb. Otuz ildən artıq Seyid Yəhyanın yanında mürid olmuşdur.

2. Hacı Həmzə

3. Şeyx Həbib Qaramani. Qaraman soyundandır. Məzarı Amasiyada “Mehmet Paşa camisi” yaxınlığındadır.

4. Seyid Əhməd Sünnəti. Seyid Yəhya tərəfindən Xəlvətiliyi yaymaq üçün Anadolu ərazisinə – Kastamonuya göndərilmişdi.

5. Pirzadə Nəsrullah. Seyid Yəhyanın kiçik oğlu və mürididir. Krımda Xəlvətiliyin əsasını qoymuşdur.

6. Pir Məhəmməd Ərzincani. Seyid Yəhyaya mürid olmaq üçün Ərzincandan Şirvana gəlmişdi. Ərzincanda, Amasiyada, Manisada və digər yerlərdə Xəlvətiliyin yayılmasında onun böyük xidmətləri olmuşdur.

7. Pirzadə Fətullah. Seyid Yəhyanın oğlanlarından biri və mürididir. Seyid Yəhyadan bir müddət sonra vəfat etmiş, Şirvanşahlar sarayının həyətində – atasının yanında dəfn edilmişdir.

8. Şeyx Sinan Rumi. Seyid Yəhyanın elmi ilə seçilən xəlifələrindən olmuşdur. İstanbul yaxınlığında ölmüş və orada dəfn edilmişdir.

9. Şeyx üveys Dədə.

10. Yusif Ziyaəddin Müsküri. Qarabağdan Şirvana gəlmiş, Seyid Yəhyanın müridi olmuşdur. Dövrünün ən böyük və tanınmış sufilərindən biri olmuşdur. 1485-ci ildə Şirvanda vəfat etmişdir. “Bəyanül-əsrar” adlı əsəri günümüzə qədər gəlib çatmışdır. ümumilikdə Seyid Yəhyanın minlərlə müridi olmuş, onlardan 360 nəfəri mürşid məqamına yüksəlmiş və irşadla görəvləndirilmişdir.

Xəlvətiliyin dörd əsas qolu var:

  1. Rövşəniyyə

16-cı yüzillikdə Dədə ömər Rövşəni tərəfindən qurulmuşdur. Rövşəniyyə qolunun özünün də Şeyx Əbdürrəhman Məhəmməd Dəmirdaş tərəfindən qurulan Dəmirdaşiyyə və Şeyid İbrahim Gülşəni tərəfindən əsası qoyulan Gülşəniyyə qolları var.

2.Cəmaliyyə

15-ci yüzilliyin sonlarında Amasiyalı Şeyx Cəmaləddin tərəfindən qurulmuşdur. Bəzi qaynaqlarda bu şeyxin Sultan Süleyman Qanuninin mürşidi olduğu qeyd edilir.

Cəmaliyyə qolunun Şeyx Yusif Sünbül tərəfindən əsası qoyulan Sünbüliyyə, Şeyx Şaban Vəli tərəfindən yaradılan Şabaniyyə, Seyid Məhəmməd Baxşi tərəfindən əsası qoyulan Baxşiyyə və digər qolları var.

3.Şəmsiyyə

Şeyx Şəmsəddin Əhməd tərəfindən əsası qoyulmuşdur.

4.Əhmədiyyə

16-cı yüzillikdə Şeyx Əhməd tərəfindən qurulmuşdur.

Bir zamanlar Azərbaycanın bir parça
sı olan Şirvanda yaranan Xəlvətilik Seyid Yəhya Bakuvidən sonra İslamın ən geniş yayılmış təriqətlərindən birinə çevrildi. Xəlvətilik türk insanının həyatına, düşüncəsinə və sənətinə ən çox təsir edən təriqətlərdən biri olmuşdur. ümumilikdə Xəlvəti təriqətinin qırxdan çox qolu və bu qırx qolun özünün də iki yüzdən artıq qolları var. Misal üçün deyim ki, Xəlvətiliyin dörd əsas qolundan biri olan Cəmaliyyənin Şabaniyyə qolundan Qarabaşiyyə qolu yaranmış, Qarabaşiyyə qolundan isə Bəkriyyə, Xəliliyyə, İbrahimiyyə, Səmaniyyə, Nasuhiyyə, Ticaniyyə, Feyziyyə və digər bu kimi 10-dan artıq qol yaranmışdır. Bu özəlliyinə görə bəzən Xəlvətiliyi “Təriqət fabriki” adlandırırlar. Bu gün təkcə Azərbaycanda deyil, Türkiyədə, Misirdə, Əlcəzairdə, Mərakeşdə, Sudanda, İtaliyada, hətta uzaq Braziliyada və Amerika Birləşmiş Ştatlarında Xəlvətilik təriqətinin mənsubları var. 2013-cü ilin UNESKO tərəfindən “Seyid Yəhya Bakuvi ili” elan olunması heç də təsadüf deyildi.

İstifadə edilmiş əsərlər:

1. “Türkçe Sözlük” (Ankara 1988)

2. Rahmi Serin, “İslam Tasavvufunda Halvetiler ve Halvetilik” (İstanbul 1984)

3. Hayrani Altıntaş, “Tasavvuf Tarihi” (Ankara 1991)

4. F.Köprülü, “Türk Edebiyatında İlk Mutasavvıflar” (Ankara 1982)

5. Məmmədov Zakir, “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” (Bakı, 1978)

6. Seyid Yəhya Bakuvi, “Sufiliyin sirləri” (Bakı, 2010)

7. Uludağ Süleyman, “Tasavvuf Terimleri Sözlügü” (İstanbul, 1991)

8. Hacıyeva Maarifə, Rıhtım Mehmet. “Folklor və Təsəvvüf ədəbiyyatı sözlüyü” (Bakı, 2009)

9. Kara Mustafa, “Tasavvuf ve Tarikatler tarihi” (İstanbul, 1985)

10. “Sufi Araştırmaları” dərgisi (Eylül -2012 sayı)

Saytlar:

1.seyidyahyashirvani.az

2.Halveti.tc

Namiq Hacıheydərli

28 mart 2015