İŞİD. Bu qondarma adla meydana çıxarılan terror təşkilatının 2001-ci ildə əsas vəzifəsini (“11 Sentyabr”) başa vuran “Əl-Qaidə”ni əvəz etdiyi indi tam aydın məsələdir. Son 2 ildə İŞİD terror təşkilatının törətdikləri tam bu qənaətə gəlməyə əsas verir. Eyni zamanda bunu da deyə bilərik ki, İŞİD cinayətləri ilə “Əl-Qaidə”ni bir neçə dəfə də üstələmiş oldu. Niyə və necə oldu ki, belə vandal, insanlıqdan kənar qruplaşma meydana gəldi? Kimlərin dəstəyilə, himayəsilə ərsəyə gəldi və s. suallara aşağıda cavab tapa biləcəksiniz. Beləliklə, ilk olaraq, gəlin görək İŞİD adlı vəhşi, bənzərsiz cinayətlər törədən terror birliyi necə meydana çıxarılıb.
İŞİD “vandallar yığnağı”nın qurulması
İŞİD – “İraq Şam İslam Dövləti”, bu qondarma adla özünü adlandıran terror qruplaşması ilk dəfə 3 yanvar 2014-cü il tarixində “müstəqillik” iddiasını ortaya qoyub, 29 iyun 2014-cü il tarixində isə yeni “xilafət” yarandığını iddia edib. Təşkilatın əsas hədəfi kimi Yaxın Şərqdə yeni “xilafət”in qurulması olduğu iddia edilsə də, qruplaşmanın sonrakı bəşəri cinayətləri onun İslam adlı uca dinlə heç bir əlaqəsi olmadığını, tam əksinə – İslama qarşı qurulduğunu tam çılpaqlığı ilə üzə çıxarıb.
Əvvəllərdə “Camaat əl-Tövhid vəl-Cihad” adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında “Əl-Qaidə”yə bağlı olduğunu elan edir. “Camaat Əl-Tovhid vəl-Cihad”ın əsası isə 1999-cu ildə qoyulub. Terror qruplaşmasının başına Əbu Bəkir Əl-Bağdadi adıyla çağırılan bir cinayətkar gətirilir. Daha sonra “Tanzim Kaidat Əl-Cihad fi Bilad Əl-Rafidayn” adı ilə terror fəaliyyətlərinə başlayan qruplaşma həmin dövrdə daha çox “İraq Əl-Qaidəsi” kimi tanınır. Qruplaşma açıq fəaliyyətinə 2003-cü ildən başlayır, ideoloji əsasının isə vəhhabilik olduğu açıq bəyan edilir. 2006-cı ilin yanvar ayında” Ceyş Ət-Taifa Əl-Mənsur”, “Ceyş Əhli-Sünnə vəl-Camaa”, “Ceyş Əl-Fatihin”, “Cund əs-Səhabə” kimi kiçik qruplarla birləşən qruplaşma “Mücahidini Şura” adı altında “fəaliyyət”inə davam edir. Eyni ildə ABŞ kəşfiyyatının açıqladığı məlumata görə, qruplaşmanın həmin dövrdə yalnız 1000 nəfər üzvü olub. 2004-cü ildə isə qruplaşmaya dünyanın müxtəlif yerlərindən qoşulmuş muzdur terrorçuların ümumi sayının 19.000-35.000 arasında dəyişdiyi bildirilir.
Əsas cinayətlərin işləndiyi 2014-cü il hadisələrinin müxtəsər ardıcıllığı
10 iyun 2014-cü ildə İŞİD İraqın ikinci ən böyük şəhəri, Neynəva vilayətinin paytaxtı Mosulu işğal edir. 15 iyun 2014-cü ildə diktator, İraqın eks-prezidenti Səddam Hüseynin vətəni Tikrit şəhərini ələ keçirən İŞİD, şəhəri qoruyan 2700 polisdən 1800-nü amansızcasına qətlə yetirir. 29 iyun 2014-cü ildə yeni qondarma “xilafət” elan edən İŞİD, bu tarixdən etibarən qondarma “İraq Şam İslam Dövləti” adlanacağını, rəhbərin isə Əbu Bəkir Əl-Bağdadi adlı terrorçunun olduğunu açıqlayır.
Sonrakı dövrdə daha dəhşətli cinayətlər türkmənlərin geniş yaşadığı şəhərlərdə – Tuzhurmatu, Suleymaniyyə və sair şəhərlərdə yaşanır. Terrorçular burada yüzlərlə insana amansız divan tutur. Ardınca, 16 sentyabr 2014-cü il tarixindən etibarən İŞİD Suriyanın Türkiyə sərhəddindəki Ayn Əl-Ərəb (kürdlər şəhəri Kobani adlandırır) şəhərini işğal edir. 15 oktyabr 2014-cü ildə İŞİD Bağdad yaxınlığındakı Kubaysanı ələ keçirir, Ənbar vilayətinin Fəlluca şəhərini mühasirəyə almışdır.
Himayədarlarının mənəvi terror aləti
Bütün bu cinayətlər zamanı davamlı və sistemli şəkildə mənəvi və tarixi abidələr, müsəlman və xristianların müqəddəs məkanlarının yerlə yeksan edilməsi İŞİD-in sistemli bəşəri cinayətlərindən olub. Xüsusilə də Mosulun işğalı dönəmində bir sıra peyğəmbərlərə (ə) məxsus məzarlar və ziyarətgahlar dağıdılmış, Həzrət Məryəmə (ə) məxsus müqəddəs məkan yerlə yeksan edilmiş, hər iki inanca etiqadı olanların bir sıra məzarlıqlarına və digər həssas məkanlarına qarşı təhqiramiz vandalizm aktları həyata keçirilir. Əlbəttə ki, bütün bu kimi addımları İslam adına törətməklə İŞİD və himayədarları bütün bəşəriyyətə qarşı daha böyük bir cinayət işləyirlər: MƏNƏVİ TERROR. Dünyada var ola biləcək bütün rəzilliklər, bəzən də normal insanın ağlına belə gəlməyəcək vandallıqlar bu terror qruplaşması tərəfindən törədilir.
Sarsılmaz vəhdət nümayişi fonunda iraqlıların terrora qarşı mübarizə revanşı
İraq müharibəsinin qızğın dövründə İŞİD Anbar, Neynəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində fəallaşır, bir sıra əraziləri işğal edərək, əhaliyə divan tutur.
2014-cü il ərzində İraqda siyasi böhranın yaşanması, yeni hökumətin qurulmasının yubanması, ordunun bir sıra təcili məsələlərə vaxtında reaksiya və müdaxiə edə bilməməsi, xaricdən ölkəyə yeridilən iyrənc informasiya bumu və sair amillər il ərzində İŞİD-in xeyrinə işləyən əsas amillərdən olur. Lakin 2015-ci ilin fevralından bu cinayətlərin qarşısının alınmasına başlanılır.
Hələ 18 oktyabr 2014-cü ildə terrorçulara qarşı ilk cihad fətvasını verən Ayətullah Sistani bənzər bəyanatla 2015-ci ilin əvvəlində bir daha çıxış edərək, vəhdət mesajlarını da İraq xalqına çatdırır. Bəyanata qoşulan İraq şiələrinə yerli sünni və kürd icmalarının, sadə vətəndaşların geniş reaksiya verərək, vahid könüllülər korpusunda birləşməsi orduya böyük ruh yüksəkliyi verir. Bu müddət Samirra, Kərbəla və digər müqəddəs şəhərlərə hücum edən terrorçular, müqəddəs ziyarətgahlara zərbələr endirməyə cəhd edirlər. Lakin əsas məqsədlərinə çatmayan terrorçular, geniş miqyasda müqavimətlə üzləşirlər. Bütün bunlarla yanaşı, İŞİD-in rəsmən geri çəkilmələri könüllülərin İraq Ordusunun tərkibində əməliyyatlara başlaması ilə start götürür. Başlayan əməliyyatlarla İraq ordusu ardıcıl strateji qələbələr əldə etməyə başlayır. Eyni zamanda İraqda siyasi hakimiyyətin möhkəmlənməsi, yeni hökumətin terrorla mübarizədə səbatlı fəaliyyətini təmin etməsi, vitse-prezident postuna eks-baş nazir Nuri Əl-Malikinin gəlməsi terrorla mübarizənin güclənməsində əsas rollardan birini oynayır.
Fevralın sonuna kimi ordu terrorçuları bir sıra mühüm bölgələrdən çıxara bilir. 10 mart 2015-ci il tarixdə başlayan döyüşlərdə isə İraq Silahlı Qüvvələri əvvəlcə Əl-Aləm, ardınca da martın ortasında Tikrit şəhərini İŞİD-dən tamamilə geri alır. Az bir vaxtda xeyli sayda İŞİD komandiri məhv edilir. Hazırda həm İraq, həm də Suriya ərazilərində İŞİD gözləmədiyi məğlubiyyət seriyasını qəbul etməkdə davam edir.
İŞİD-in Suriya və Livan cəhdləri
Suriyada 4 il əvvəl başlayan xarici müdaxilələrdən sonra 2012-ci ilin əvvəllərindən Suriyada “Əl-Nusra Cəbhəsi” terror təşkilatı özünü İŞİD-in Suriya bölümü elan edir. 2013-cü ilin aprel ayında Əbu Bəkr Əl-Bağdadi yayımladığı səs yazısında Əl-Nusra Cəbhəsinin İŞİD tərəfindən yaradıldığını, maliyyələşdirildiyini və dəstəkləndiyini açıqlayır. O, bu tarixdən etibarən hər iki qruplaşmanın İŞİD adı altında fəaliyyət göstərəcəyini bildirir. Əl-Qaidə lideri Ayman əl-Zəvahiri isə birləşmənin əleyhinə olduğunu bildirsə də, bunun nəticəsi olmur. Sonradan özünün Suriyadakı paytaxtını Rəkka, İraqdakı paytaxtını Bakuba elan edən terror təşkilatı, burada ağlasığmaz cinayətlər törədir. Hazırda Suriya Silahlı Qüvvələri də başda paytaxt Dəməşq və Hələb şəhəri olmaqla, bir sıra məntəqələri İŞİD terrorçularında təmizləməyə müvəffəq olub. Ordunun terrorla mübarizədə irəliləyişi davam edir.
Livanda yeni cəbhənin açılması baş tutmur
25 yanvar 2014-cü ildə İŞİD Livanda Hizbullaha qarşı döyüşmək üzrə yeni bir qanadının qurulduğunu açıqlayır. Şimal istiqamətində əsasən Livan-Suriya sərhədində bir neçə terror aktları törətməyə cəhd edirlər. 20-dək Livan vətəndaşının həyatını itirdiyi hadisələrdə Hizbullahı tora salmağa çalışan qruplaşma, qara niyyətinə nail ola bilmir. Hadisələrin qarşısını alan Livan, burada beşikdəcə vandalların qarşısını alır.
ABŞ və işğalçı İsrail rejiminin İŞİD-ə yardımları
Hələ döyüşlərin yeni başlandığı dönəmdə az sayda mötəbər mənbələr bu terror qruplaşmasının CİA və Mossad tərəfindən birgə qurulması və onlar tərəfindən himayə etməsinə dair informasiyalar yayanda, maraqlı tərəflər hər vəchlə bu məlumatları neytrallaşdırmağa çalışırdı. Belə məlumatlardan biri də terror başçısı Əbu Bəkir Əl-Bağdadinin CİA agenti olması, uzun müddət ABŞ-da məhbus həyatı yaşamasını da qeyd edilirdi. Lakin son ayların bir neçə faktı bu deyilənlərin tamamilə əsaslı olduğu təsdiqləyir:
1. İndiyədək ələ keçirilən bir sıra İŞİD kazarmalarından sionist rejimin istehsalı olan xeyli sayda və çeşiddə silahlar aşkarlanıb. Belə faktlar təkzibolunmaz dəlillərlə sübuta yetirildikdə, sionist rejim İŞİD-ə himayəçilik mövzusunun üzərindən sükutla keçir.
2. Yenə də hərbi əməliyyatlar zamanı İŞİD terrorçularına məxsus sığınacaqlardan qutu-qutu sionist rejimin tibbi vasitələrinin çıxması işğalçı və terror rejiminin terrorçulara həm də tibbi yardımlar göstərdiyini aşkara çıxartdı.
3. 2015-ci ildən İŞİD geriləməyə başladıqca, ABŞ və rəhbərlik etdiyi koalisiya qüvvələrinin “səhv”ləri yenidən gündəmə gəlməyə başladı. Yanvar ayından indiyədək mətbuata çıxan 10-a yaxın fakt var ki, ABŞ təyyarələri “səhvən” silah-sursat dolu yükləri İŞİD-in olduğu bölgələrə düşürür. Son həftələrdə isə ABŞ qüvvələri İŞİD-ə zərbələr endirmək əvəzinə, yenə də “səhvən” İraq ordusunu vurmağa başlayıbar. Bütün bunlar isə əslində ABŞ-ın İŞİD-ə dolayı dəstəyidir.
4. Və əsas məsələlərdən biri – İŞİD-in istiqamət götürdüyü hədəflərdir. Cari ilin yanvar ayının sonlarında başlayaraq, İŞİD Suriya-Livan sərhədində peyda olmaya başlayıb. Eyni zamanda Livanın Suriya ilə sərhəd rayonlarında terror aktları törətməyə, yeni münaqişə ocağını alovlandırmağa cəhd edir. Təbiidir ki, əsas məqsədlərdən biri bölgədə sionist rejimi əl-qol açmağa imkan verməyən Hizbullahı sıradan çıxartmaq idi. Bu isə İsrail rejiminin əsas tapşırıqlardından biridir.
5. İsrail rejiminin bu terror qruplaşmasının bütün bu cinayətləri fonunda indiyədək bir kəlmə də etiraz-filan bəyanatı səsləndirməməsi, İŞİD-lə bağlı indiyədək heç açıqlama verməməsi də düşündürücü mühüm məqamlardan biridir.
Sadalanan və sadalanmayan xeyli sayda faktlar artıq bəşər tarixinin bu ən amansız, ən qəddar, ən alçaq terror qruplaşmasının kimlərin aləti olduğunu aydın şəkildə ortaya qoyur.
Əbazər Əhmədli
Deyerler.org