XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2015 - 06:23

İlahiyyatçı Bəhruz Camal: “Sərdar Cəlaloğlunun söylədikləri dəlilə əsaslanmır”

serdar-1.jpg

Bir neçə gün öncə ADP sədri Sərdar Cəlaloğlunun müsahibəsində Məhərrəm ayı haqqında səsləndirdiyi bəzi fikirlər cəmiyyətdə, o sırada dini camiyədə birmənalı qarşılanmayb. 

Qeyd edək ki, Cəlaloğlu Məhərrəmliyin xristianlıqdan götürülmüş bir adət olduğunu bildirib: “Xristianlar İncili təhrif ediblər. Bəzi xristianlar İsa peyğəmbərin çarmıxa çəkilməsini dəhşətli ağlaşma və özlərinə əzab verməklə qeyd edirlər. Hətta bəziləri özlərini İsa peyğəmbər kimi çarmıxa çəkirlər. Bizdə də şiələr başlarını yararaq qan çıxarırlar. Halbuki imam Hüseynin başını kəsiblər. Onda kim ki özünü ona oxşatmaq istəyir, başını kəsməlidir. Xristianlıq İslamdan əvvəl gəldiyi üçün biz deyə bilmərik ki, onlar öz adətlərini Məhərrəmlikdən götürüblər. Deməli, Məhərrəmlik xristianlığın bəzi qollarından götürülüb. ümumiyyətlə, şiəlik xristianlığın, sünnilik isə yəhudiliyin İslam dininə tətbiqidir”.
 
 
Məsələyə münasibət bildirən ilahiyyatçı Bəhruz Camal Sərdar Cəlaloğlunun fikirlərinin heç bir məntiqə və əsasa söykənmədiyini dedi: “Bu məmləkətdə  bəzi insanlar gündəmə gəlmək, yaxud da düşünülmüş şəkildə dindarları qıcıqlandırmaq üçün bu cür pafoslu çıxışlar edirlər. Bu, Sərdar Cəlaloğlunun birinci belə çıxışı deyil. Bəzi deputatlar və ya başqaları da bənzər qeyri-normal çıxışlarla gündəmə çıxmışdılar. Əslində bu cür şüarlar, təfəkkürlər dini qaynaqlardan xəbərsizliyin və dini məlumatlarının nə qədər aşağı olduğundan xəbər verir. Müəyyən mənada hər bir ənənədə və ayində özündən əvvəlki dinlərdən, ənənə və ayinlərdən əxz olunan bəzi həqiqətlər var. Bu da təbiidir. Məsələn, bütün səmavi dinlər tövhit prinsipi üzərində qurulub. Əgər bu gün Məsihiyyətdə, Yəhudiyyətdə olan tövhit prinsipini İslam dini də önə çəkirsə, o zaman gərək biz deyək ki, İslam dinində belə bir şey yoxdur, bu, yəhudiyyətdən məsihiyyətdən əxz edilib?! Bu yanlış fikirdir”.
 
İlahiyyatçı bildirdi ki, Məhərrəmlik ayı İslamdan öncə də qan tökməyin haram buyurulduğu bir aydır: “Məhərrəmlik ayına gəlincə isə onun konkret hansı komponentinin məsihiyyətdən keçdiyi iddiasını ortaya qoyan şəxs konkret komponentlə əsaslandırmalıdır. Məsələn, Məhərrəmlikdəki filan ayinlərin əsası, kökü xristianlıqdadır və bunun İslamla heç bir əlaqəsi yoxdur. Ola bilsin, Sərdar Cəlaloğlunun qulağına hansısa fikirlər dəyib. Amma təəssüflər olsun ki, o fikirlər yanlışdır və araşdırmasız danışdığının nəticəsidir ki, bu gün əks-rezonans yaradıb, dindarları qıcıqlandırıb. Məhərrəm ayı İslamdan öncə, cahil ərəblərin dövründə belə qan tökməyin haram buyrulduğu bir aydır. Cahil ərəblər belə bu ayda müharibəni dayandırırdılar. Amma İslam xəlifəsi iddiasında olan Yezid ibn Müaviyənin təfəkkürü cahil ərəblərdən belə aşağı idi deyə, o ayda Həzrəti Hüseynin qanını tökdü. İndi konkret olaraq Sərdar müəllim hansı komponenti deyir, bilmirəm. 
 
Əgər Məhərrəm ayında bəzi ayinlərin keçirilməsini nəzərdə tutub ümumilikdə Məhərrəm ayının əzadarlığına kölgə salmaq istəyirsə, çox yanlış metoddur. çünki bunu Sərdar Cəlaloğlundan öncə bizim din alimlər bu gün də deyir ki, bəzi ayinlər, təfəkkürlər sonradan əzadarlığa sığdırılıb ki, əzadarlığın, Məhərrəmliyin, İmam Hüseynin aşurasının mahiyyəti dəyişdirilsin. Bunu bu gün biz də deyirik. Amma bu o demək deyil ki, hansısa xurafi ayinə, xurafi ənənəyə görə ümumilikdə əzadarlığın və bir ənənənin özünün kökdən batil olduğu iddiasını ortaya çəkək. Əlbəttə, bunun heç bir dəlili yoxdur. Sərdar Cəlaloğluna cavablar da verilib. Amma biz hələ gözləyirik ki, Sərdar müəllim tutarlı arqumentə, dəlilə, sübuta əsaslanan yazı və ya fikir təqdim etsin. Ondan sonra  biz qələmimizi əlimizə alıb onun fikirlərinə mövqe bildirə bilərik. çünki mən Sərdar Cəlaloğlunun bu fikirlərini qeyri-ciddi hesab elədiyim üçün heç reaksiya da vermirəm. Onun dedikləri heç bir əsasa, məntiqə və qaynağa söykənmir”.
 
Günel MANAFLI
musavat.com