XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2017 - 20:23

Papa müqəddəs Məryəmi görmüş 2 uşağı müqəddəs elan etməyə hazırlaşır –Məşhur Fatima məbədi ziyarət olunacaq

Portuqaliyada səfərdə olan Roma Papası Fransis ölkənin mərkəzində yerləşən Fatima məbədini ziyarət etməyə hazırlaşır.

Məbədi ziyarət zamanı o, iki çoban uşağının müqəddəsliyə qovuşduqlarını elan edəcək.

Xəbərlərə görə, 100 il bundan əvvəl həmin iki çoban uşağı və daha bir uşağın gözünə Müqəddəs Məryəm Ana görünüb. Həmin üçüncü uşağın da müqəddəs elan olunması nəzərdə tutulur. Portuqaliyada təhlükəsizlik tədbirləri görülüb, sərhədə nəzarət gücləndirilib, Şengen vizasının qüvvəsi müvəqqəti olaraq dondurulub. Bir milyondan artıq zəvvarın tədbirdə iştirak edəcəyi gözlənilir.

Gözlərinə Müqəddəs Məryəm görünmüş həmin üç uşaq artıq vəfat ediblər.Roma-Katolik Kilsəsi bu hadisəyə xüsusi əhəmiyyət verir. Çünki dini müddəalara görə, Müqəddəs Məryəmin kəşf etdiyi həqiqətlər bütün bəşəriyyətə ümid və dəstək verib.

Kilsənin bildirdiyinə görə, Fatimada Müqəddəs Məryəmin görünməsi ilk dəfə 1917-ci il mayın 13-də qeydə alınıb.

Portuqaliya xalqına müraciətində Papa Fransis özünü Məryəmə təqdim etmək istədiyini və həmin anda bütün imanlıların da "ürəkləri və ruhları ilə", onunla bərabər olmalarını arzuladığını bildirib.Jasinta və Fransisko Marto müqəddəsliyə şənbə günü layiq görüləcəklər. Onlar 1918-1919 illərdə, Avropa qrip epidemiyasına məruz qalan zaman vəfat ediblər.

"Fatimanın sirləri" kimi tanınan əlyazmanın müəllifi isə, ölən iki uşağın qohumu olan, Lusia dos Santos adlı üçüncü uşaqdır. O, 2005-ci ildə 97 yaşında vəfat edib. Onun məsud elan edilməsinə isə 2008-ci ildə başlanılıb.

Hansı üç sirrdən söhbət gedir?

Həmin öncəgörmələri, uşaqların gözünə Müqəddəs Məryəm göründükdən illər sonra qələmə alan Lusia olub. O, rahibə kimi qulluq edərək Coimbra qadın monastırında vəfat edib.

İlk iki sirri Lusia 1942-ci ildə açıqlayıb.

Birinci sirrdə cəhənnəm görüntüsü, "nəhəng alov dənizi", iblislərdən və insan ruhlarından söhbət gedir.

İkinci sirr Məryəmin, Birinci Dünya müharibəsinin başa çatacağını və Papa Pius XI dövründə İkinci dünya müharibəsinin başlanacağını öncədən görməsi hesab olunur.

Məryəm eləcə də Rusiyanı "günahlarının yuyulmasına" çağırıb: "Mənim istəyimə diqqət yetirilsə, Rusiya doğru yola dönəcək, sülh bərqərar olacaq; əks halda onun buraxdığı səhvlər dünyaya yayılacaq, müharibələr olacaq, Kilsə təqib olunacaq".

Üçüncü sirri Lusia bağlı zərfdə 1957-ci ildə Vatikana çatdırıb və həmin zərf yalnız 2000-ci ildə açılıb. Həmin sirrdə mələklərin "tovbə" tələb etmələrindən söhbət gedir. Sonra Papa və digər dini xadimlər dağa qalxırlar, orada isə onlara əsgərlər tərəfindən ox və güllə atılır, din xadimləri ölür.

Papa Fatima məbədini cümə günü ziyarət etməlidir. Məbəd ərazisini qorumaq üçün 6,000 polis əməkdaşı cəlb olunub. Avtomobildən istifadə edərək mümkün terrorçu hücumların əleyhinə "beton bloklardan" sədlər qurulub. (BBC)