XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 14:08

İngilislərin 60 faizi “İncil”i heç vaxt oxumayıb –Anqlikan Kilsəsinin keçirdiyi sorğunun təəccüblü nəticələri   

 

Anqlikan Kilsəsi tərəfindən aparılmış sorğunun nəticələrinə  görə, İngiltərə xristianlarının əksəriyyəti müqəddəs "İncil"i oxumayıblar.

Bu barədə "The Telegraph" qəzeti kilsənin məlumatına əsasən yazıb. Sorğunun nəticələrinə görə özünü xristian adlandıranların 60 faizi müqəddəs kitabı heç vaxt oxumadıqlarını, 36 faizi isə kilsəyə ayaq basmadıqlarını etiraf edib. Kilsənin sifarişi ilə “ComRes” ictimai rəyi öyrənmə şirkətinin apardığı sorğudan məlum olub ki, özlərini inamla xristian adlandıranların böyük əksəriyyəti bu dinin mərasimləri və ya fəaliyyəti ilə bağlı tədbirlərə qatılmırlar.

Xristianlığın bütün qollarına aid insanların yarıdan çoxu İncili bir dəfə də olsun əllərinə almadıqlarını etiraf ediblər. Özünü xristian adlandıran hər üç nəfərdən biri isə kilsəyə bir dəfə də olsun ayaq basmadığını boynuna alıb. "The Telegraph" yazır ki, sorğuda iştirak edənlərin yarısı xristian olduqlarını desə də, onlardan yalnız 6 faizinin İncili oxuduğu, həftədə azı bir dəfə kilsəyə gedib ibadət etdiyi məlum olub. Məqalədə deyilir ki, bu sorğu özlərini anqlikan adlandıran xristianların ən az imanlı olduqlarını göstərib.

İngiltərə Kilsəsinin Milli Missiya və Yevangelizm müşaviri Raçel Cordan deyib ki, bu sorğunun keçirilməsi kilsənin qarşısında duran vəzifələrin miqyasını müəyyən etmək üçün idi. O deyib ki, indiyədək özünü xristian sayanların kəmiyyətinə dair çoxsaylı sorğular keçirilib: "Amma biz xristianlığın bütün növləri üzrə liderlər olaraq xristianların arasında möminlərin nə qədər olduğunu bilmək istəyirdik. Bu bizə bu ölkədə İsanın müjdəsini insanlara daha yaxşı çatdırmaqda kömək edə bilər. Ona görə də biz bu sorğunun suallarını daha sərt qoymuşduq. Özümüzü bilməməzliyə vurmağın mənası yox idi" – deyə dini müşavir bildirib. Xanım Cordan qeyd edib ki, onu Britaniyada özlərini xristianlıq və kilsə ilə bağlayan insanların sədaqəti sevindirir: "Bu, hətta bu insanlar kilsənin mərasimlərinə qoşulmasalar da sevindirici haldır".

 Onun sözlərinə görə, bu həm də kilsəyə vəziyyəti daha real görmək və daha çox insanı dini icmaya cəlb etmək imkanı verir. "The Telegraph" yazır ki, bu ayın əvvəllərində Britaniya Sosial Münasibətlər cəmiyyətinin apardığı rəy sorğusu Birləşmiş Krallıq əhalisinin yalnız 15 faizinin anqlikan olduğunu göstərmişdi.

Məqalədə deyilir ki, hətta bu rəqəm də keşişləri sevindirmişdi. Onlar deyirdilər ki, sorğu insanların böyük bir qisminin səmimi olaraq dinsizliyini etiraf etdiklərini göstərib. Bu, özünü yalandan imanlı göstərməkdən qat-qat yaxşıdır. (BBC)