XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 07:36

Yeni İŞİD-dən Qafqaz dövlətlərinə qarşı istifadə perspektivləri…

Arzu Nağıyev: “Ən uzağı İŞİD-ə biət edərək birgə hərbi əməliyyatlar aparmaq haqqında razılığa gələ bilərlər”

“Digər tərəfdən, bu, Rusiya kəşfiyyatı tərəfindən ortaya atılan bir oyun da ola bilər”

Yaxın Şərqdə İŞİD-in sıxışdırılması prosesi gedir. Əvvəlcədən məlum idi ki, bu terror təşkilatının yaradılmasında böyük güclərin xüsusi marağı olub. Proseslərin gedişi də bunu aydın şəkildə büruzə verirdi. Görünür, Yaxın Şərqdə cərəyan edən proseslər indi İŞİD-in zəiflədilməsini tələb edir.
Ancaq sirr deyil ki, islam kartından istifadə etməklə öz məqsədlərinə çatma sindromu dünyada yeni metod deyil. Fövqəldövlətlər bu praktikanı Əfqanıstanda da “Taliban” adlı qruplaşma vasitəsilə həyata keçirə bilib. Dünyanın gərgin olan ocaqlarından biri də Qafqaz regionudur. Yeni iddialara görə, bəzi güclər öz maraqlarını bu regionda islam terrorizmini gücləndirməklə həyata keçirməyi planlaşdırır. Son günlər dünya mediasında bu səpkili yazılara çox rast gəlinir. Qeyd edilir ki, Azərbaycan, Gürcüstan və Rusiyaya təzyiq etmək üçün bu versiya dərindən analiz edilir.

Bu planın baş tutması nə dərəcədə realdır?

Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Arzu Nağıyev açıqlamasında bildirdi ki, yazın gəlməsi ilə bağlı Şimali Qafqazda, daha doğrusu, dağlıq və meşəlik ərazilərdə döyüş taktikası dəyişir: “Yaraqlıların sayı artmağa başlayır. Maskalanma və gizlənmə ehtimalı böyüyür. Yeni qüvvələr cəlb edilir və silah gətirilir. Bəli, əsas məram kimi qarşılarına Qafqazda İslam Xilafəti yaratmaq qoyulsa da, regiona da təsir vasitələrini artırmağa çalışırlar. Düşünmürəm ki, bu proseslərdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilsin. Azərbaycan öz tolerantlığını qoruyur. Gürcüstana gəldikdə isə, Pankisi dərəsində belə yaraqlıların hazırlanması ehtimalı yenə də böyükdür və mənə elə gəlir ki, hakimiyyət də bundan xəbərdardır. Rusiya faktoru isə əlbəttə mümkündür. Belə olduğu halda, İŞİD və digər silahlı qüvvələrin birgə hərbi əməliyyatlar aparması istisna deyil və bunu da istəyən qüvvələr mövcuddur, onların maliyyə dəstəyi var. Yəni belə bir qruplaşma mövcuddursa, ikincisinin yaradılmasına ehtiyac qalmır. Ən uzağı İŞİD-ə biət edərək birgə hərbi əməliyyatlar aparmaq haqqında razılığa gələ bilərlər. Digər tərəfdən, bu, Rusiya kəşfiyyatı tərəfindən ortaya atılan bir oyun da ola bilər. Məqsəd antiterror əməliyyatlarına maliyyə dəstəyi əldə etmək, Gürcüstanda nəzarəti artırmaqdır. Yaraqlılara gəldikdə isə, onlar özlərinin daha da güclü olduğunu nümayiş etdirmək istəyir”.

Məhəmmədəli QƏRİBLİ