XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2018 - 17:41

Dövlət Komitəsi monitorinqin nəticələrini açıqladı:""Aşura” mərasimləri QMİ-nin fətvasına uyğun keçirilib"

Bu il “Aşura” mərasimləri müvafiq qanunlar çərçivəsində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fətvaya uyğun olaraq keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov Trend-ə bildirib ki, komitə tərəfindən hazırlanan Tədbirlər planına uyğun olaraq cari ildə Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada təşkili istiqamətində həm QMİ, həm yerli icra, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilib.

S.Heydərov vurğulayıb ki, aparılmış monitorinqlər, daxil olmuş məlumatların ümumi təhlilinin ilkin nəticələrinə əsasən, qeyd etmək olar ki, bu il Aşura mərasimi ümumilikdə sabit keçib, ciddi pozuntuya yol verilməyib.

Komitə rəsmisinin sözlərinə görə, bəzi yerlərdə qeydə alınan kiçik neqativ hallar mərasimlərin ümumi gedişatına təsir göstərməyib, belə ki, qısa müddətdə onların aradan qaldırılması istiqamətində tədbirlər görülüb: “Bu il xurafat və mövhumat elementlərini özündə ehtiva edən qançıxarma halları müşahidə olunmayıb, fərdi şəxslərin zəncirvurmaya cəhd hallarının qarşısı isə vaxtında alınıb. Ümumiyyətlə qeyd edək ki, məzhəbindən asılı olmayaraq bütün müsəlman alimləri zəncir vurmaq, baş yarmaq kimi bədənə xəsarət yetirən əməlləri qətiyyətlə pisləyib, eyni zamanda bunu İslamın gözdən salınmasına, İmam Hüseyn əzadarlığının hörmətdən düşməsinə təsir göstərən amil kimi vurğulayaraq, belə günah əməllərdən çəkinməyə çağırıblar”.

S.Heydərov qeyd edib ki, Dövlət Komitəsi hər il olduğu kimi QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına xüsusi dəstək verərək dini icmalarda bununla bağlı təşviqat və təbliğat işlərini bu il də davam etdirib: “Cari ildə 11-i Bakı şəhərində, 18-i isə respublikanın böyük şəhər və rayonlarında olmaqla 28 yerdə qanvermə aksiyası keçirilib. Bu il aksiyada 5 min 539 nəfər könüllü olaraq qan verib və bu şəxslərdən 2492.6 litr qan tədarük edilib”.

Komitənin sədr müavini bildirib ki, ümumiyyətlə, “Aşura” mərasimləri qanunvericiliyə uyğun olaraq ibadətgahlarda (məscid və ziyarətgahlarda) və onlara məxsus ərazilərdə təşkil olunub, kənar yerlərdə kütləvi mərasimlərin keçirilməsi müşahidə edilməyib: “Aşura mərasimi QMİ tərəfindən rəsmi təyinat almış din xadimləri tərəfindən idarə olunub. Builki mərasimlərdə məktəbyaşlı uşaqlar, demək olar ki, iştirak etməyiblər. Eyni zamanda, Məhərrəm ayının başlanğıcından Aşurayadək keçirilən mərasimlərdə dini mövzulardan kənar söhbətlərə yol verilməyib”.