Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakıdakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və insan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayıblar.
Müraciətdə deyilir:
“Azərbaycan şəhəri Xocalıda törədilmiş soyqırımının 24-cü ildönümü ərəfəsində biz növbəti dəfə dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə müraciət edirik. Əminik, elə bir xalq, elə bir din ola bilməz ki, ümumbəşəri mənəvi dəyərlərə zidd olan zorakılıq, qətl, təcavüz kimi qeyri-insani cinayət əməllərinə haqq qazandırsın.
Tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni işğalçılarının qəfil və amansız basqınına məruz qalıb. 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirililib, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmayıb. Xocalı şəhəri, eləcə də Kəlbəcər rayonunun Ağdaban kəndi dünya xəritəsindən silinib, 150 nəfər itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilmiş insanların cəsədlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib”.
Bildirilir ki, zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, maddi və mənəvi terror gerçəkləşdirmiş erməni ekstremistləri ərazimizin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, qəsb etdikləri torpaqlarda vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi olub. Tarixi reallıq kimi Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş qətliamların bir rəmzidir.
“Təəssüf ki, iyirmi ildən artıq müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini bu günədək yerinə yetirməyiblər. Azərbaycanın illərdir beynəlxalq ictimaiyyətə etdiyi müraciətlərə istinadən dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı soyqırımını tanısa da, Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət davam etməkdədir. Dünya azərbaycanlılarının dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət!” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında önəmli rol oynayır”, – deyə müraciətdə qeyd edilir.
Diqqətə çatdırılır ki, bu gün dünyada baş verən bir çox ictimai cinayətlərin təməlində bəzi dövlətlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyillər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar layiqli qiymətini almayaraq yeni-yeni bəşəri cinayətlərə yol açır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, miqrant köçkünlər ordusunun fəlakətlərinə zəmin yaradır. Dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, miqrant köçkünlər ordusunun fəlakətlərinə zəmin yaradır.
Dünyanı hazırda bürüyən miqrant böhranı Azərbaycanın vaxtilə üzləşdiyi bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının hesabının sorulmamasının fəsadlarıdır. O zamanlar Azərbaycan məcburi köçkün soydaşlarımızın sosial problemlərini öz imkanları daxilində həll edə bildi və bu, dövlətimizin mənəvi gücünün bariz nümunəsi oldu.
Müraciətdə deyilir:
“Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyadan olan din xadimləri Vətənimiz Azərbaycanın ayrılmaz parçası olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən, Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tutur, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirik. Hər birimizin Rəbbimiz, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Odur ki, üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara və insan hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırırıq”.