XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2016 - 18:22

Səkkiz dini icmaya maliyyə yardımı verilib –Dini Komitə

 

DQIDK

 

Martın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 8 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən azertag.az-a bildiriblər ki, Komitə sədrinin birinci müavini Səyyad Salahlı prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb.

 

O, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, xalqımızın dərin tarixi köklərə malik tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılması olduğunu deyib.

 

Sərəncamın dövlətin dinə qayğısının bariz nümunəsi olduğunu qeyd edən komitə sədrinin birinci müavini bildirib ki, dövlət tərəfindən yalnız İslam deyil, qeyri-islam təmayüllü dini icmalara da maliyyə vəsaiti ayrılır və bu da Azərbaycan xalqının dərin tarixi köklərə malik multikultural dəyərlərindən qaynaqlanır.

 

Toplantıda dini icma sədrlərinin məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almalarının, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin önəmi qeyd edilib.