XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 14:30

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi:"Dini cəhalətin sonu radikallıqdır"

İnsanlar radikal cərəyanlara daha çox sosial şərtlərə görə qoşulurlar. Radikalizmlə mübarizə üçün sağlam dini təhsilin verilməsi vacibdir.

Qadınlar dini oxuyaraq, düşünərək yaşamalıdırlar ki, sonradan ziyanlı təsirlərə düşməsinlər. Azərbaycanda təhsilsiz qadın qalmamalıdır. Bütün hədəflər qadınların iqtisadi müstəqilliyinin təmin edilməsinə yönəldilməlidir.

Deputat Fazil Mustafa hesab edir ki, problemin kökündə diplomlu ziyalılarının günahı dayanır: “Dəfələrlə dini cəhalətin nəticələrini gündəmə gətirəndə ən çox müqaviməti savadsız, cahil kütlədən deyil, savadsız diplomlu ziyalılardan alırıq. Beləliklə, nəticə budur ki, harada dini cəhalət genişlənirsə, orada nadanlıq, erkən nikah olmalıdır. Çünki həmin yerlərdə insanlar oxumaqla, elm qazanmaqla dəyişməyə, ağılla problemləri həll etməyə meylli deyillər. Mütləq hansısa vərdişin, gördüyünün təsir altına düşməklə yaşamağa meyllidirlər. Ağlı, zəkası olan insan hər şeyi, o cümlədən dini də, ata-anasının davranışını, hansısa çatışmamazlığı, hətta nədən yoxsul olduğunu sorğulayır. Bu cür sorğulama ənənəsi olmayan yerdə hamı özündən əvvəlki zəncirin dalınca gedir. Bu baxımdan da dəyişiklik baş vermir. Nəticədə həmin yerdə cəhalət günü-gündən güclənir və özünü erkən nikahlarda, təhsildən yayınmaqlarda özünü göstərir”.

Deputat qızların təhsildən uzaqlaşdırılması probleminə də toxunub: “Qızların təhsilə cəlb olunması üçün dövlət ciddi addımlar atmalıdır. Hətta bir müddət bundan əvvəl belə bir şüar vermişdim ki, Azərbaycanda bir dənə də olsun təhsilsiz qız qalmamalıdır. Hər bir təhsil almayan şagird barəsində mütləq dövlət dərhal araşdırma aparmalı, onu təhsildən yayındıran valideyni ən ciddi şəkildə cəzalandırmaq lazımdır. Valideynlərin bu barədə haqlı iradları da var ki, qızların normal mühitdə təhsil alması üçün infrastruktur yetərli deyil. Amma bəhanə hər yerdə var. Hətta oğurluq edən, qatil olan insanlar da özünə bəraət üçün bəhanə gətirir. Pislik etmək üçün kifayət qədər bəhanə var. Yaxşılıq üçün ən çətin mühitdə belə güc qoyub, fədakarlıq etmək lazımdır. Əgər valideyn fədakarlıq etmir, qızını satıb canını qurtarmaq istəyirsə bu da savadsızlığın, cahilliyin bir növüdür. Buna görə də biz cəmiyyətdə daha çox ananı savadlı yetişdirməliyik ki, övladını düzgün tərbiyə etsin, savadlanması üçün addımlar atsın. Belə olmayan halda Azərbaycan uşağı orta səviyyədən irəli gedə bilməyəcək”.

Qeyd edək ki, mütəxəssislər qadınların, gənc yaşda olan qızların kütləvi şəkildə qeyri-ənənəvi dini təşkilatlara qoşulmasını da dünyəvi təhsildən kənar qalmaları ilə əsaslandırırlar. Son dövrlərdə Azərbaycanda radikal dini qruplaşmalara qoşulanların sırasında məhz həmin qadınlar üstünlük təşkil edir. Odur ki, dövlət həyəcan təbilini çalmalı, qadınları dini radikalizmin və cəhaləyin təsirlərindən xilas etməlidir. Bu işdə qeyri-hökumət sektorunun da üzərinə ciddi iş düşür.

P.s.Bu yazı “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində yazılıb.