XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 19:40

“Din və ideoloji təhlükəsizlik məsələləri” mövzusunda tədbir keçirilib –FOTO

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və “Balakhani Operating Company” şirkətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik məsələləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Komitədən Strateq.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, şirkətin məsul əməkdaşları iştirak ediblər.

Əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Tədbirin maarifləndirici xarakter daşıdığını bildirən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bu cür görüşlərin cəmiyyətin bütün təbəqələrini, o cümlədən strateji əhəmiyyət kəsb edən idarə və müəssisələri, hərbi hissələri, cəzaçəkmə müəssisələrini əhatə etdiyini vurğulayıb. Səyavuş Heydərovun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyəti, xüsusilə gəncləri dini mühitdəki tendensiyalar, xaricdən yönəlmiş təhdidlər, yad ideologiyaların ölkəmizə ixracına cəhdlər barədə məlumatlandırmaq və maarifləndirməkdir.

Dini ekstremizmin fəsadlarından, eləcə də dini radikal qrupların fəaliyyətindən də danışan sədr müavini deyib ki, bu gün dini radikal qrupların qarşılarına qoyulmuş əsas hədəf insan və vicdan azadlığı, ictimai təhlükəsizlik, vətənpərvərlik ruhu, dinlər və məzhəblərarası vəhdət və s. kimi dəyərləri məhv etməkdir. Səyavuş Heydərov vurğulayıb ki, dini radikalizmin cəmiyyətdə özünə yer tapmasının və yayılmasının qarşısının alınmasında milli-mənəvi dəyərlərə sıx şəkildə bağlılıq mühüm rol oynayır.

Azərbaycanda ictimai-siyasi və dini durumun sabit olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədr müavini tarix boyu ölkəmizdə müxtəlif xalqların, etnik və dini qrupların, məzhəblərin nümayəndələrinin birgə, mehriban, vəhdət halında yaşadığını diqqətə çatdırıb. Səyavuş Heydərovun sözlərinə görə, bu, dünyaya örnək olacaq bir məqamdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.