XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

27 Mart 2020 - 10:32

AYƏTULLAH SİSTANİNİN KORONAVİRUSLA BAĞLI FƏTVASI:"Qeyri-elmi metodlardan uzaq durun, dinindən asılı olmayaraq, hamıya qayğı göstərin!.."

Ayətullah Sistani yeni “Korona” virusu (COVID-19) ilə bağlı yaranmış bir çox suallara aydınlıq gətirib.

Strateq.az mövzunun oxucular üçün maraq kəsb edə biləcəyini nəzərə alaraq, həmin suallara cavabları diqqətə çatdırır.

 

1. Virusa yoluxması şübhəli olan şəxslərə hər hansı formada toxunmaqdan (əl vermək, öpüşmək və bu kimi) çəkinmək vacibdirmi? Belə şəxslərlə qabaqlayıcı tədbirlər görmədən, məsələn, maska və əlcək geymədən bir yerdə oturub-durmaq olarmı?

2. Əgər bir şəxs bu virusa yoluxarsa, yaxud onda şübhəli əlamətlər olarsa, o, bu vəziyyətindən məlumatı olmayan insanlarla bir yerə toplaşa bilərmi? O bu işi görsə və virusun yayılmasına səbəb olsa, onlarla bağlı məsuliyyət daşıyırmı?

3. Əgər bir şəxs virusun geniş yayıldığı bir ölkədən gəlirsə, yaxud yoluxmuş xəstələrlə əlaqədə olubsa, virusa yoluxmadığına əminlik əldə edənə qədər evdə qalıb özünütəcrid şəraitinə riayət etməsi, yaxud tibbi mərkəzlərə müraciət etməsi vacibdirmi?

4. Şəri vergiləri, o cümlədən xüms və zəkatı infeksiyanın yayılmasının qarşısının alınması və yoluxanların müalicəsi istiqamətində zəruri avadanlıq alınmasına sərf etmək, misal üçün, əlcək, maska, yuyucu maddələr və dizinfeksiya üçün maddələr və dərman almaq olarmı?

5. Möminlərin belə bir virusa yoluxmaq təhlükəsi olan bir şəraitdə onlara tövsiyəniz nədir?

 

Bismillahir-Rəhmanir-Rəhim

1. Əgər insan başqalarına toxunmaqla, yaxud təmasda olmaqla, xəstəliyin özünə keçəcəyindən və nəticədə, böyük bir ziyana düşəcəyindən – hətta ölümlə nəticələnməsə belə – qorxursa, bu işdən çəkinməsi lazımdır. Bu halda gərəkdir ki, insan lazimi ehtiyat tədbirləri görsün, məsələn, dezinfeksiya etsin, münasib maska salsın, tibbi əlcək geysin və arxayın olsun ki, xəstəlik ona keçməyəcək. Sözügedənləri etməsə və ehtiyatlandığı xəstəliyə tutulsa, şəriət baxımından üzrlü sayılmayacaq.

2. Virusun başqalarına keçmək təhlükəsi olduğu hallarda, onlarla görüşüb təmasda olmaq icazəli deyil. Bir şəxs belə bir iş görərsə və bu iş onun vəziyyətindən məlumatı olmayan insanların yoluxmasına səbəb olarsa, onların qarşılaşdığı zərərlərlə əlaqədar zamindir, əgər bu səbəbdən virusa yoluxduğuna görə dünyadan gedən olsa, onun diyəsini ödəməlidir.

3. Bəli, bu şəxs aidiyyəti olan qurumların verdiyi göstərişlərə riayət etməklə yanaşı, sözügedən tədbirləri görməlidir.

4. Zəkatın “səbilillah” səhmini və xümsün İmam (ə) səhmini bu hallara şəri qaydaları gözləməklə, sərf etməyin eybi yoxdur, olar.

5. Möhtərəm möminlərə aşağıdakıları tövsiyə edirik:

1) Allah-Təalaya pənah aparmaq və bəlanı dəf etmək üçün onun dərgahına yalvarıb dua etmək, xeyirxah işləri, o cümlədən fəqirlərə sədəqə vermək, köməksizlərə yardım etmək, Quran oxumaq, Peyğəmbərdən (s.) və Əhli-Beytdən (ə.) nəql olunmuş duaları oxumaq kimi işləri artırmaq;

2) Epidemiyanın həcminə münasib olaraq ehtiyatlı olmaq. İztirab və təşvişə yol vermədən ixtisas əhlinin çıxardığı qərarlara müvafiq olaraq qabaqlayıcı və müalicəvi göstərişlərə tamamilə riayət etmək və qeyri-elmi metodlardan uzaq durmaq;

3) Bu virusu kiçik saymağın təhlükəsindən başqalarını xəbərdar etməyə çalışmaq və onları aidiyyəti olan qurumların göstərişlərinə riayət etməyə və onları pozmamağa təşviq etmək;

4) İş yerlərinin bağlanmasına, gediş-gəlişlərin məhdudlaşdırılmasına görə zərərçəkmiş ailələrə yardım göstərmək;

5) Dini və məzhəbi bağlılığından asılı olmayaraq, bütün virusa yoluxmuşlara qayğı göstərmək və onlara təsəlli vermək və ehtiyaclarını ödəmək.

Allah-Təala bütün bəla və pislikləri hamıdan uzaq etsin!