XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

16 Mart 2016 - 13:25

Allahşükür Paşazadə çərkəz müsəlmanlarının qurultayında çıxış edib:“Birgə evimiz olan Qafqazı müqəddəs İslam birləşdirir”

 

seyx cerkez

 

Martın 15-də Çerkessk şəhərində Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının IX hesabat-seçki Qurultayı keçirilib.

 

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Qurultayın işində respublikanın bütün şəhər və kəndlərindən seçilən nümayəndələr, eləcə də Rusiya Federasiyasının Şimali Qafqaz Federal dairəsinin subyektlərinin ruhani idarələrini təmsil edən qonaqlar iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də dəvətli qonaqlar arasında olub. Nümayəndə heyətində QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, idarənin əməkdaşları təmsil olunub. İranın Ali Dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətül-İslam Seyid Əli Əkbər Ocaq Nejat isə qurultayın fəxri qonağı kimi tədbirdə iştirak edib.

Şimali Qafqaz Xalqlarının Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi İsmayıl Berdiyev ruhani idarəsinin ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat verib. Müfti bildirib ki, Qaraçay-Çərkəzdə 130 məscid fəaliyyət göstərir, bu ibadət ocaqlarının işinə 118 imam cavabdehdir. Onlardan 30 nəfəri Əbu Hənifə adına İslam İnstitutunun məzunudur.

“Həqiqi İslamın təbliğ edildiyi məscidlərin tikintisi mənəvi və əxlaqi dəyərlərin möhkəmlənməsinə, dini maarifçiliyin genişləndirilməsinə, nəticədə isə terror və ekstremizmin kökünün kəsilməsinə xidmət edir” – deyə İ.Berdiyev qeyd edib.

Nümayəndələr sədrin hesabatını qəbul ediblər. Qurultaydakı müzakirələrdən sonra açıq səsvermə yolu ilə İsmayıl Berdiyev yenidən Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri və Müftisi seçilib.

Tədbirdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə də sədrin fəaliyyətini müsbət qiymətləndirib: “İsmayıl Berdiyev Qafqaz xalqlarının birliyi, çoxmillətli cəmiyyətdə mənəviyyat və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə illərlə göstərdiyi fəaliyyətilə özünün təcrübəli və müdrik din xadimi olduğunu təsdiq edib”.

QMİ sədri bildirib ki, bu ərazilərdə yaşayan müsəlmanları müqəddəs din birləşdirir: “Birgə evimiz olan Qafqaz, bu mübarək torpaqlarda yaşayan bizlər üçün vahid mənəvi məkandır. Bizi müqəddəs İslam dini birləşdirir. Allaha həmd olsun ki, Onun iradəsilə öz xüsusiyyətləri və yazılmamış qanunları ilə qafqazlılar əsrlərdir birlikdə yaşayırlar”.

Şeyxülislam həmçinin, Azərbaycanda öz bəhrəsini verən dinlərarası əməkdaşlığın unikal təcrübəsi barədə də tədbir iştirakçılarına geniş məlumat verib: “Tolerantlıq və multikulturalizm müstəqil Azərbaycanda təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyularaq dövlət strategiyası kimi çıxış edir. Bu strategiya Azərbaycanda 2016-cı ili “Multikulturalizm ili” elan edən Prezident İlham Əliyev tərəfindən isə uğurla həyata keçirilməkdədir”.

Qurultayın sonunda müfti İsmayıl Berdiyev Ruhani İdarəsinin yeni təsis olunan medalını bir neçə din xadiminə təqdim etdi. Təltif edilənlər arasında İranın Ali Dini rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-İslam Əli Əkbər Ocaq Nejat da var.

Qurultay Rusiya müsəlmanlarına və ölkə prezidenti Vladimir Putinə müraciət qəbul edib.