Mübariz Qurbanlı müşavirə keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.
DQİDK-nin mətbuat xidmətindən verilən məlumata görə, martın 6-da keçirilən müşavirədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev iştirak edib. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Müşavirəni açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə dini durum, icmaların qeydiyyat məsələləri, yeni icmaların yaradılması, dini maarifləndirmə sahəsində görülən işlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin cari ildəki fəaliyyəti və dini durumun tənzimlənməsi baxımından müşavirə xüsusi əhəmiyyət kəsb edir.
Müşavirədə bölgə şöbə müdirləri dini durum, eləcə də görüləcək işlər bağlı məlumat veriblər. Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilib. Müşavirənin sonunda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu formatda tədbirlərin mütəmadi keçirilməsi ümumi işin səmərəliliyinə və daha da yüksək nəticələr əldə edilməsinə xidmət edəcək.