XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 11:06

Bu gün İslam Peyğəmbərinin (s) qızıXanım Fatimənin (s.ə.) doğum günüdür

fatime-hez

Bu gün – hicri-qəməri tarixi ilə 1435-ci ilin Cəmadius-sani ayının 20-si Məhəmməd peyğəmbərin (s) özündən sonra yeganə sağ qalmış övladı və nəslinin davamçısı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Həzrət Xanım Fatimənin (s.ə) mövludu günüdür.

SalamNews xəbər verir ki, Həzrət Fatimə (s.ə.) Məhəmməd ibn Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən beş il sonra dünyaya göz açıb.

Həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmasına baxmayaraq, onların hamısı, Həzrət Fatimə (s.ə.) istisna olmaqla, Peyğəmbərdən (s) əvvəl vəfat edib. Peyğəmbərin (s) nəsli Həzrət Fatimənin (s.ə.) övladları ilə davam edib.

Qurani-kərimin bir çox ayələrində, xüsusilə "Əhzab" surəsinin 33-cü ayəsində Peyğəmbər (s) ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu mövzuya Peyğəmbərdən (s) nəql edilən hədislərdə daha çox yer verilib.

Qurani-kərimin “Kövsər” surəsi Xanım Fatimənin (s) şəninə nazil olub. Surədə deyilir ki, bəzi bütpərəstlər Həzrət Məhəmməd peyğəmbəri (s) övladı olmadığına görə töhmətləndirir və ona "sonsuz" deyirdilər. Böyük Allah Məhəmməd peyğəmbərə (s) Həzrət Fatiməni (s.ə.) verərək, “Biz sənə çoxlu xeyir verdik, buna görə namaz qılıb qurban kəs və bil ki, sənə töhmət vuranlar özləri sonsuzdurlar” buyuraraq, "Kövsər" surəsini nazil edir.

Xanım Fatimənin (s.ə.) uşaqlıq illəri Atasının (s) müşriklərlə mübarizəsinin şiddətli vaxtına təsadüf edir. Bu vaxt Həzrət peyğəmbər (s) xanımı Xədicəni (s.ə) itirir. Bundan sonra Fatimeyi-Zəhranın öhdəsinə düşən məsuliyyət daha da artır.

Xanım Fatimə (s.ə.) müşriklərin Atasına (s) verdikləri əzab-əziyyətləri görür və hiss edirdi. O, belə vaxtlarda daim Atasının (s) yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını “Atasının anası” deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra (s.ə.) 18 yaşında ikən, Peyğəmbərin (s) vəfatından cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı Həzrət Əli (ə) müxaliflər məzarın yerini bilməsinlər deyə onu gecə ikən dəfn edir. Məhz buna görə də Xanım Fatimənin (s.ə.) məzarının yeri bu gün də naməlum olaraq qalır.