XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 19:51

5 dini icmaya maliyyəyardımı ayrıldı

Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 5 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. Maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, xalqımızın dərin tarixi köklərə malik tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılması olduğunu vurğulayan Səyyad Salahlı müvafiq Sərəncamı dövlətin dinə qayğısının ən bariz nümunəsi kimi qiymətləndirib.

Dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almaları, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələri tövsiyə edilib.

Sonda icma sədrlərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 119 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 100-ü isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.