XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2015 - 07:02

Günəşin batmadığı şəhərdə Ramazan

“Bizim üçün oruc tutmaq səhərlər diş təmizləmək kimi adi bir işdir”

Sankt-Peterburqun mömin müsəlmanları Ramazan ayında Peyğəmbərin nəzərdə tutmadığı ciddi problemlə üzləşirlər: iyunda Günəş burada faktiki olaraq batmır.

Adamlar ilin ən qısa vaxtı olan və mayın axırından iyulun əvvəlinə qədər çəkən bəyaz gecələri müşahidə edirlər. Bəyaz gecələr bütün Uzaq Quzeydə görünsə də, daha çox Sankt-Peterburqla – Rusiyanın mədəni paytaxtı, bir milyondan çox əhalisi olan şimal şəhəri ilə səsləşir.

Bu dövr Peterburq müsəlmanları üçün yetərincə üzüntülüdür. Qurana görə, xəstələr, yolçular, həmçinin hamiləlik və aybaşı dövrünü keçirən qadınlar pəhrizdən azad olunur. Lakin quzey rayonlarda pəhrizə necə əməl etmək haqda Müqəddəs kitabda aydın göstəriş yoxdur.

Sank-Peterburqdakı müsəlman ilahiyyatçılarının bəzilərinin təsdiq etdiyi kimi, günün işıqlı vaxtının bu qədər uzun çəkməyi müsəlmanlar üçün, sadəcə, əlavə iman sınağıdır.

Sankt-Peterburq və Quzey-qərb bölgəsinin Müsəlman Ruhani mərkəzinin adının çəkilməsini istəməyən işçisi deyir: “Peterburq müsəlmanları bunu sınaq hesab edir və Ramazan ayının pərhizinə həmişə əməl edirlər. Pəhriz saxlayanlar axşam saat 9-10-a qədər gözləyəcəklər ki, iftarlarını açsınlar və yemək üçün cəmi üç saat vaxtları olacaq”.

“Bu cür ciddi qaydaları gözləmək çətin deyilmi?” sualına cavab verdi ki, bu, mömin müsəlman üçün ağır yük deyil: “İslam – həyat tərzidir. Bizim üçün oruc tutmaq səhərlər diş təmizləmək kimi adi bir işdir”.

Yerli məktəbin direktoru, əhalisi əsasən müsəlmanlar olan İnquşetiya respublikasında doğulmuş Yelizaveta İzmailova deyir ki, valideynləri, bacı-qardaşları və əri Ramazan vaxtı mərkəzi məsciddən verilmiş cədvəl üzrə onunla birlikdə pəhriz saxlayırlar.

İzmailova danışır: “Bu ayda iftar vaxtı çox gec çatır. Gecədən iki saat keçmiş başlayan səhər ibadətindən sonra axşam saat onda gün batana qədər nə su içir, nə də yeyirik. İyunda Günəş, təxminən, saat 10.30-da batır. Əlbəttə, bu, orqanizm üçün ağır yükdür, lakin hər bir müsəlman buna könüllü gedir”.

Sankt-Peterburqdakı müsəlmanların sayı haqda dəqiq məlumat olmasa da, daxili işlər nazirliyinin məlumatına görə, keçən il Ramazan bayramında şəhərin iki əsas məscidinə 42 min mömin toplanmışdı. Böyük bayramlarda tez-tez olduğu kimi, məscid binası möminlərin çoxunu tutmadı və əksəriyyəti birbaşa küçədə namaz qılmağa məcbur oldu.

İslamın bəzi ilahiyyatçıları yazırlar ki, quzey bölgələrinin sakinləri iradə və imanın möhkəmlənməsinə xidmət edən, həmçinin istəkləri boğan pəhrizi saxlamaya bilər.

Tatar ilahiyyatçı filosofu Musa Biqiyev yazır: “Müqəddəs Quranda deyildiyi kimi, Quzey və Güney qütblərində pəhriz saxlamaq vacib deyil, çünki oruc yalnız gecə ilə gündüzün müəyyən sayının davamlılığı üçün nəzərdə tutulub”.

Başqa ilahiyyat mətnləri təklif edir ki, Uzaq Quzey bölgələrində yaşayan müsəlmanlar Məkkədə və yaxud ən yaxın müsəlman şəhərində Günəşin doğuşu və batması üzrə pəhriz saxlasınlar.

Ağır əl əməyi ilə məşğul olan insanlar sağlamlıq xatirinə əksər hallarda oruc tutmurlar. Sankt-Peterburqdakı müsəlmanların əksəriyyəti Orta Asiya və Qafqazın keçmiş sovet respublikalarından çıxan və tikintidə, aşağı maaşlı sahələrdə çalışan adamlardır.

Əmək nazirliyi 2014-cü ildə pay kimi Peterburqda işləmək üçün 164 min nəfərə icazə verdi, lakin hər şeydən göründüyü kimi, bu cür fəhlələrin gerçək sayı xeyli çoxdur.

Tacikistanlı çilingər Şakir deyir ki, Sankt-Peterburqda yalnız qocalar və işsizlər oruc tutur: “İşim ağırdır, oruc tuta bilmərəm. Gün uzundur, gün batana qədər isə nə su içmək olar, nə də yemək. Buna görə də hamı oruc tuta bilmir… Müsəlmanların əksəriyyətinin yaşadığı yerlərdə bəyaz gecələr olmur”.

Aleks Lun

“The Guardian” (Böyük Britaniya), 30.06.2015