Yəsəvilik
Məşhur sufi təriqətlərindən biri olan Yəsəvilik 12-ci yüzillikdə meydana gəlmişdir. Bu təriqət tanınmış sufi şeyxi Əhməd Yəsəvinin adı ilə bağlıdır. Kimdir Əhməd Yəsəvi?
Əhməd Yəsəvi 1093-cü ildə Türküstanda – Sayram şəhərində doğulmuşdur. Sayram şəhəri hazırda Qazaxstan ərazisindədir. Tam adı Əhməd ibn İbrahim ibn İlyasdır. İlk təhsilini atası Şeyx İbrahimdən almışdır. Kiçik yaşlarında ikən atası Şeyx İbrahim ölmüş, bundan sonra o, bacısıyla birgə Yəsiyə köçmüş və burada Arslan Babadan dərs almışdır. Lakin mürşidi məşhur təsəvvüf şeyxi Əbu Yaqub Yusif Həmədani (1048 – 1140) olmuşdur. Yusif Həmədaninin mürşidi isə məşhur şeyxlərdən olan Əbu Əli Fərmadi olmuşdur. Əbu Əli Fərmadi eyni zamanda məşhur islam alimi Qəzalinin də mürşidi olub.
Əhməd Yəsəvi əski türk inancları və dünyagörüşü ilə İslamın sintezini yaratmağa və bununla da islamın türklər tərəfindən daha asan anlaşılmasına və qəbuluna çalışmışdır. Uzun illər sapqınlıqda suçlanmasına baxmayaq bu sintezi yaradaraq islamın türklər tərəfindən kütləvi qəbuluna rəvac verəcək Yəsəvilik təriqətinin əsasını qoymuş və inkişaf etdirmişdir.
Əhməd Yəsəvinin görüşləri əsasən “Divani-hikmət” adıyla toplanan əsərində cəmlənmişdir. O, ərəb və fars dillərini mükəmməl bilməsinə baxmayaraq öz görüşlərinin təbliğində türk dilinə üstünlük vermişdir. Əhməd Yəsəvi 1166-cı ildə Türküstanda vəfat etmişdir. 1405-ci ildə Əmir Teymur onun məzarı üzərində türbə tikdirdi. Əhməd Yəsəvinin ölümündən sonra onun müridləri Türkistandan Anadoluya qədər geniş bir ərazidə Yəsəvilik təriqətini yaymışlar. Anadolunun türkləşməsində Yəsəvilik təriqətinin böyük rolu olmuşdur.
Yəsəvilik nədir?
Yəsəvilik qaynağını İslamdan və sünnədən alan, əski türk inancları ilə sintezləşmiş islam – türk təriqətidir.
Bu təriqətin bir sıra özəllikləri vardı. Onlardan bəzilərini qeyd etmək yerinə düşər;
-İslam dini meydana gələndən bəri Yəsəvi təriqəti ilk dəfə olaraq öz təlimini türk dilində yayırdı.
-Əhməd Yəsəvi “cənnətin dili ərəb dilidir” – düşüncəsinin dartışmasız qəbul olunduğu bir ortamda türkcə danışır, türkcə izah edir, türkcə yazırdı.
-Yəsəvilik bütün görüşlərini türkcə təbliğ edən ilk Türk –İslam təriqəti idi. Əhməd Yəsəvi ilk Türk-İslam mütəsəvvifi idi.
– Əhməd Yəsəvi Yəsəvilik təriqətini yaratmaqla, əski türk inanc və dəyərlərinin İslam ehkamları ilə sintezinin modelini ortaya qoymuşdu. Bu təriqətin türklər tərəfindən asan anlaşılmasının və türklərin yaşadıqları bölgələrdə sürətlə yayılmasının ana nədəni də bu idi.
-Yəsəvilik sonralar bir sıra Türk-İslam təriqətlərinin, o cümlədən, Nəqşibəndliyin, Bəktaşiliyin və digərlərinin meydana gəlməsinə nədən oldu. (Bu təriqətlər haqqında yaxın gələcəkdə ayrıca yazı yazmağı düşündüyümdən burada haqlarında geniş bəhs etmirəm).
-Yəsəvilik qadın və kişi hüquqlarının bərabərliyini təbliğ edirdi və sair.
Tanınmış türk alimi F. Köprülü “Türk ədəbiyyatında ilk mütəsəvviflər” adlı əsərində bildirir ki, bu təriqətin çox geniş bir ərazidə yayılmasında müridlərin böyük əməyi olmuşdur. Zatən müridin qutsal görəvlərindən biri mürşidinin görüşünü yaymaq idi. Bu məqamda bir suala aydınlıq gətirmək gərəkir. Mürid kimə deyilir? Hər hansı sufi şeyxinə mürid olmaq üçün pozulması yasaq olan bir sıra şərtlər vardı. O şərtlər bunlar idi;
-Mürşidinə tam təslim olmaq və əsla hər hansı bir insanı mürşidindən üstün bilməmək,
-Zəkalı və yetənəkli olmaq,
-Şeyxin xidmətində ayıq-sayıq olmaq,
– Nə olursa olsun sözünə sadiq və güvənli biri olmaq,
-Malını, mülkünü tamlıqla şeyxin xidmətinə vermək,
-Mürşidinin və təriqətinin sirlərini qorumaq,
-Hər an şeyxinin yolunda canını qurban verməyə hazır olmaq.
Yəsəvi təriqətində olan mürid aşağıdakı 6 şərtə sözsüz əməl etməli idi:
1.Camaatla namaz qılmaq,
2.Səhər erkən yuxudan durmaq. Yəni bu vaxt oyaq vəziyyətdə olmaq,
3.Davamlı olaraq dəstəmazlı durumda olmaq (İbadətə, duaya, namaza daim hazırlıqlı durumda olmaq),
4.özünü hər an Tanrının hüzurunda hiss etmək,
5.Davamlı olaraq zikr halında olmaq,
6.Mənəvi rəhbərlik mərtəbəsinə yüksəlmiş seçkin insanlarla qarşılaşdığında onlara sayğılı davranmaq, boyun əymək.
Yəsəvi təriqətində mürşid olmaq üçün uzun və əzablı yol keçməli idin. Yəsəvi təriqətində şeyx, mürşid mərtəbəsinə yüksəlmək üçün əsasən aşağıdakı xüsusiyyətlər tələb olunurdu:
1.Dini bilgiləri və ruhi təcrübələrlə əldə edilə biləcək bütün bilgiləri bilmək,
2.Gözəl xasiyyət sahibi olmaq,
3.üstün səbrə malik olmaq,
4.Hər nə olursa olsun, haqqın qədərinə razı olmaq,
5.Yüksək əxlaq sahibi olmaq,
6. Elmi, əxlaqı və ruhi halıyla Tanrıya yaxın biri olmaq.
Yəsəvilik demək olar ki, əsasən türk toplumlarının yaşadığı ərazidə yayğın olmuşdur. Fuad Köprülü Yəsəviliyin əsasən yayğın olduğu əraziləri dörd qrupa bölür;
1.Qıpçaq, yəni quzey türk əraziləri,
2.Türkmənlərin yaşadığı ərazilər,
3.Azərbaycan türklərinin yaşadığı ərazilər,
4.Batı türkləri, yəni Anadolu və Rumeli əraziləri.
Əhməd Yəsəvinin və Yəsəvi təriqətinin özündən sonra gələn türk sufi şairlərin yaradıcılığına böyük təsiri olmuşdur.
Bir örnək gətirək. Əhməd Yəsəvi deyir:
Işkıng kıldı şeyda mini cümle alem bildi mini,
Koygum sin sin tün küni minge sin ok kirek sin
(Eşqin qıldı şeyda məni, cümlə aləm bildi məni,
Qayğım sənsən bütün günü, mənə sən gərəksən, sən)
Yunus Emre isə:
Işkun aldı benden beni, bana seni gerek seni
Ben yanaram dünü güni, bana seni gerek seni – deyir.
Yəsəviliyin yaradıcısı Əhməd Yəsəvi təriqət mürşidi olmaqdan başqa həm də yaxşı şair idi. Söhbətimin sonunda onun şeirlərindən birini oxucuların diqqətinə çatdırmağı gərəkli hesab edirəm:
Könül verməz dünyaya, əl uzatmaz harama,
Haqqı sevən aşiqlər halalından yemişlər.
Dünya mənim deyənlər, cahan malın alanlar,
Hər kəs kərkəz quşu tək haramlara batmışlar.
Molla, müfti
olanlar, yalan fətva verənlər,
Ağı qara qılanlar, cəhənnəmə getmişlər.
Qazı, imam olanlar, haqsız dava qılanlar,
Eşşək kimi olaraq yük altında qalmışlar.
Rüşvət alan hakimlər, haram alıb yeyənlər,
Barmağını dişləyib, qorxub durub qalmışlar.
Namiq Hacıheydərli