Müdafiə nazirindən Silahlı Qüvvələrə Ramazan təbriki

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir təbrikində Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunu şərəf və vicdanla yerinə yetirəcəyinə, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərini artıracağına inandığını bildirib:
“Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər yaşadılan Ramazan bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Respublikamız dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınıb. Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənib.
İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.
Sizi Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram”.