XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 Mart 2015 - 08:16

Sufilik

Sufi kimə deyilir?

Sufi dünyaya, maddi olan hər şeyə göz yuman, Tanrıya qovuşmaq (yüksəlmək) eşqi ilə yaşayan, əxlaqını və mənəviyyatını durmadan kamilləşdirməyə çalışan kimsədir.

Sufilik haqqında yazmazdan öncə sufi anlayışına aydınlıq gətirmək istərdim.

Sufi sözünün anlamı nədir?

Sufi sözünün leksik anlamı kəsin bəlli deyil. Bu sözün yaranması və daşıdığı anlam haqqında bir çox versiyalar var. Onlardan bəzilərinə nəzər yetirək:

1. Suffə sözündəndir. Suffə Mədinədə yaşamış kiçik bir kəsimin adıdır. Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçündən sonra burada peyğəmbər məscidi ətrafında digər sakinlərin yardımı ilə düşərgə salıb yaşayan ən yoxsul insanlar idi.

2. Ərəb qəbilələrindən biri, zahid həyat tərzi sürən Bəni-Sufəyə tayfasının adından götürülmşdür.

3. Zərif və kiçik bitki növü olan Sufanə bitkisinin adından götürülmüşdür. Sufilər az və əsasən bitkidən hazırlanan yeməklərlə kifayətləndiyi üçün onlara bu ad verilmişdir.

4. Sufi sözü sofv sözündən götürülmüşdür. Bu sözün anlamı yun deməkdir. Burada sufi sözü “geyimi yundan olan”, “yundan hazırlanmış paltarlar geyən” anlamındadır.

5. Sufi sözü Səfəvi kəlməsindən yaranmış, zaman keşdikcə Sufi şəklinə gəlmişdir.

6. Savf sözündən törəmişdir. Savf sözü “meyl etmək”, “üz çevirmək” anlamına gəlir ki, bu da maddi olan hər şeydən üz çevirib yalnız Tanrını düşünmək kimi yozulur.

7. Yunan dilində hikmət anlamını verən “sofiya” sözündən götürülmüşdür və sair.

Bütün bunların hər biri yalnız ayrı-ayrı versiyalardır. Hər birinin tərəfdarı olan sufilər və tədqiqatçılar var. Lakin daha çox kəsimin üzərində dayandığı düşüncə budur ki, sufi sözü geydikləri paltara uyğun olaraq yun anlamını daşıyan “suf” sözündən yaranmışdır.

Sufiliyin Yəsəvilik, Nəqşibəndiyyə, Bəktaşilik, Cəlali, Xəlvətiyyə, Xalidiyyə, Məlamətilik, Sührəverdilik, Hürufilik, Səfəvilik və digər xeyli sayda məşhur qolları var.

Sufinin, sufi olan kimsənin hansı özəllikləri var? Bir sıra araşdırmaçılar sufi kimliyini, onların hansı özəlliklər daşımasını yığcam fikirlərlə ifadə etməyə çalışmışlar. Bu fikirləri ümumiləşdirsək sufiyə aid edilən sifətlər əsasən bunlardır;

-Tanrı üçün dünyanı, maddiyyatı tərk edərlər.

-Yaxşı əməlləri, pis əməllərindən çoxdur (Savabları suçlarından çox olar).

-Təkcə Tanrıya sığınar, bütün çalışmalarını Tanrıya itaətə sərf edərlər.

-Axirəti unutmazlar və buna görə davranarlar.

-Təkcə özlərinin deyil, başqalarının da qurtuluşa yetməsinə çalışarlar.

-Bütün əməllərində Tanrının razılığını və sevgisini qazanmağa çalışarlar.

-İstər böyük olsun, istərsə də kiçik, hər cür günahlardan qaçarlar.

-Daim öz günahlarının təmizlənməsiylə məşğul olar, başqalarında günah aramazlar.

-Dərin düşüncə və elm sahibi olarlar.

-İçləri zahirlərindən, olduğu göründüyündən daha gözəl olar.

-Tanrıya təkcə dilləriylə deyil, bütün vücudu və ürəyi ilə bağlı olarlar.

-Onlara haqqı olan bir şeyi verincə qəbul edər, bir şey istənirsə əsirgəməzlər.

-İnsanlar haqqında hökm verərkən özləri haqqında verirmiş kimi hökm verərlər.

-Tanrını əsla unutmazlar, əməlləri və davranışları ilə daim Onu zikr halında olarlar.

-Əzablardan, çətinliklərdən və bəlalardan giley etməzlər, əksinə bəladan həzz alarlar.

-Onlara bir şey verilmədikdə, giley etməz, şükür halında olarlar. Bir şey verildiyində isə çoxunu başqalarına verərlər.

-Nəfslərinə tam hakim olar, Tanrının dostu məqamına yüksələrlər.

Bəzi özəlliklər bəlli edir ki, sufizmi hansısa dinə sığdırmaq, onu dinin və ya dinlərin bir qolu hesab etmək doğru deyil. Yəni sufi yetkin və bütün şəriət tələblərinə əməl edən mömin deyil. Mömin dinin tələblərinə əməl edən dindardır. Sufi olmaq üçün isə “yalnız müsəlman olmalısan” – kimi tələb yoxdur. Bir xristian da, bir yahudi də, yaxud bir buddist də sufi ola bilər. Məsələn, sufi dünyadan, maddiyyatdan bütünlüklə əl üzüb yalnız Tanrı və axirəti üçün yaşadığı halda, İslam “Bu dünyan üçün elə çalış ki, sanki, heç zaman ölməyəcəksən. O dünyan üçün elə çalış ki, sanki, sabah öləcəksən”- tövsiyəsini verir.

Sonralar – yəni iyirminci yüzillikdə Varlıqsal sufizmin yaranması bir daha bəlli etdi ki, sufizm dinlər çərçivəsinə sığmır. Hindistanda doğulub böyümüş məşhur sufi İnayət Xan (1882-1927) tərəfindən əsası qoyulan Varlıqsal sufizmin (Anadolu türkcəsində evrənsəl sufizm) on təməl prinsipi var:

1.Mütləq Varlıq hansı adla anılırsa anılsın (Tanrı, Allah, Brahma, Boq, Qad), O, vahiddir. Ondan başqa yaradıcı varlıq yoxdur.

2.Tək bir yolgöstərən (mürşid) vardır. Bütün dinlər və ruhani bilgilər tək öyrədicidən –yolgöstərəndən qaynaqlanır.

3.Qutsal kitab birdir. Tanrının yaratmış olduğu maddi və ruhani bütün varlığın cəmi tək qutsal kitabın özüdür.

4.Dinlər yoxdur, din var. Din təkdir. Din, insanın ilahi missiyası yönündə – yaradılış amacı uğrunda, yəni özünədönüş yönündə çalışmasıdır.

5.Qanun təkdir.Bu qanun bəşərin qarşılıqlı yardımlaşma prinsipidir.

6.Bütün insanlar qardaşdır. Hamı eyni ailənin uşaqlarıdır.

7.Tək bir əxlaq qaydası var. Bu, sevgidir. Yaradılana Yaradandan ötrü sevgi.

8.öygü obyekti təkdir. Bu öygü obyekti İlahi gözəllikdir. Bu ilahi gözəllik fiziki, zehni və ruhani məqamlarda təcəlli edə bilər.

9. Gerçək təkdir. Bu, Mütləq Bilikdir. İnsanın özünü gerçək bilməsi.

10. Tək bir yol var; eqonun əriməsi, yox olması. Biz okeana atılmış şüşə qab içindəki su kimiyik. Süşə əriyib yox olanda biz də okeana qovuşuruq, okeanla bir oluruq.

Onuncu prinsip Şərq fəlsəfəsində insanı Tanrının zərrəsi, Küllün bir hissəsi sayan “vücudi-küll” düşüncəsindən gəlir. İnsan eşq ilə Tanrıya bağlanmalı sonda Ona qovuşmalı və Onda itməlidir. Bunu tanınmış sufi şairimiz Marağalı Əvhədi bir şeirində belə ifadə edir:

özünü fəna et, O ol bir anda,

Sən heç olacaqsan Ona çatanda.

Bu on prinsip Varlıqsal sufizmin (başqa adla buna dünyəvi sufizm də deyə bilərik) irəli sürdüyü prinsiplərdir. Göründüyü kimi bu prinsiplər təkcə bir din və ya bütün dinlər üçün deyil, bütövlükdə insanlıq üçün keçərlidi. Bu da sufizmin əslində bəşəri missiya və bəşəri dəyər daşımasının göstəricisidir. Məşhur sufi Cüneyd Bağdadi “Sufilik, heç bir bağ olmadan Tanrıyla
olmaq deməkdir”-deyir. Başqa bir məşhur sufi – Məruf Kərxi isə belə deyir: “Sufilik, həqiqəti tapmaq, yaradılanları ümidsizlikdən qurtarmaq deməkdir”. Göründüyü kimi sufi millət demir, din demir, yaradılan deyir. Bütün bəşəriyyətin, Tanrının yaratdığı kim və nə varsa, hamısının taleyini düşünür. Bütün insanlığın Tanrıya ucalma yollarını arayır.

Təkcə bir yazı ilə deyil, bütöv bir kitabla da sufiliyi tam şəkildə ifadə etmək, onu bütün tərəfləri, çalarları və axınları ilə bir yazıya sığdırmaq mümkün deyil. Bu yazıda sadəcə sufiliyi və sufi kimliyini yığcam şəkildə ifadə etməyə çalışdım. Gələcək yazılarımda sufiliyin bir neçə daha geniş yayılmış qollarının hər biri haqqında ayrıca yazmağı düşünürəm.

Sonda sufiliyi öyrənmək istəyən oxucu üçün faydalı ola, yön verə biləcək bir neçə kitabın siyahısını verməyi gərəkli hesab edirəm:

1.Bayram Mikail, Ahi Evrən, “Tasavvufi düçüncenin esasları” (Ankara, 1995)

2.Bilgin Azmi, “Tasavvuf ve Tekke edebiyyatı” (İstanbul, 2003)

3.Eraydın Selcuk, “Tasavvuf ve Tarikatler” (İstanbul, 1997)

4. Əl Hatib Esad, “Sufiler ve Aksiyon” (İstanbul, 1999)

5. Hacıyeva Maarifə, Rıhtım Mehmet. “Folklor və Təsəvvüf ədəbiyyatı sözlüyü” (Bakı, 2009)

6. Kara Mustafa, “Dervişin hayatı sufinin kelamı” (İstanbul, 2008)

7. Kara Mustafa, “Tasavvuf ve Tarikatler Tarihi” (İstanbul, 1985)

8. Köprülü Fuad, “Türk Edebiyatında ilk Mutasavvıflar” (Ankara, 1984)

9. Məmmədov Zakir, “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” (Bakı, 1978)

10. Seyid Yəhya Bakuvi, “Sufiliyin sirləri” (Bakı, 2010)

11. Uludağ Süleyman, “Tasavvuf Terimleri Sözlügü” (İstanbul, 1991)

12. İnayət Xanın Türkiyə türkcəsinə çevirilmiş əsərləri ( “Mistik yürek”, “Sufizm ve sanat”, “Sufi meditasyonu”, “İç yaşam”)

Namiq Hacıheydərli

15 mart 2015