XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 Mart 2015 - 05:31

Nəqşibəndilik

Nəqşibəndi təriqəti 14-cü yüzillikdə sufi təriqəti kimi meydana gəlmişdir. Bu təriqətin yaranması və adı məşhur sufi şeyxi Məhəmməd Bəhaəddin Nəqşibəndin adıyla bağlıdır. Şeyx Məhəmməd Bəhaəddin Nəqşibənd kimdir?

Şeyx Məhəmməd Bəhaəddin 1318-ci ildə Orta Asiyanın ünlü şəhərlərindən olan Buxarada anadan olmuşdur. Buxara ərazisi hələ İslam dini meydana gəlməzdən min illər öncə də ətraf bölgələrdə yaşayan insanlar tərəfindən qutsal yer olaraq qəbul edilirdi. Minillər öncə bu ərazidə Zərdüşt dininin tərəfdarları qutsal hesab etdikləri bəzi ayinləri icra edərdilər. Bu şəhər hazırda müsəlmanların dini mərkəzlərindən biridir. Burada yüzlərlə məscid və dini tədris mərkəzləri fəaliyyət göstərir. Şeyx Məhəmməd Bəhaəddin dövrünün tanınmış sufi şeyxi Məhəmməd Baba Səmmasidən dərs almışdır. Qaynaqların yazdığına görə Məhəmməd Bəhaəddin hələ lap körpə olarkən şeyx Məhəmməd Baba Səmmasi tərəfindən mənəvi oğulluğa götürülmüşdü. İlk təhsilini Baba Səmmasidən alan Məhəmməd Bəhaəddin, sonralar digər ünlü sufi şeyxləri olan Seyid Əmir Külaldan və Mövlanə Arif Dikgeranidən – hər birindən yeddi il olmaqla 14 il dərs alır. Hələ kiçik yaşlarında ikən onun böyük gələcəyindən əmin olan ustadı Məhəmməd Baba Səmmasi Bəhaəddini, artıq şeyxlik məqamına yüksəlmiş müridi Seyid Əmir Külala tapşırmış və belə demişdi: “Oğlum, Bəhaəddinin yetişməsi ilə ilgilən. Onun yetişməsi üçün mərhəmətini və bilgilərini əsirgəmə. Əyər onun yetişməsində qüsur etsən, haqqımı sənə halal etmərəm.” Bəhaəddin sufiliklə bağlı öyrənilməsi gərəkən bütün bilgiləri öyrənib tamam edərək üveysi məqamına yüksəlir. üveysilik bir sufinin özündən əvvəl yaşamış böyük sufilərlə metafizik bağlar quraraq ondan bir sıra elmləri öyrənməsi və yüksək mərtəbəyə yetişməsi, “ərmiş” olmasıdır.

Məhəmməd Bəhaəddinin Tanrının sevgisini qazanmış olduğu dostu və kəramət sahibi olması haqqında indi də onu sevənlər arasında rəvayətlər dolaşmaqdadı. O rəvayətlərdən birində deyilir: “Anası deyirmiş ki, oğlum Bəhaəddin dörd yaşında olarkən evimizdə bir inək vardı. Bəhaəddin inəyi göstərərək demişdi ki, bu inək başı ağ olan bir buzov doğacaq. Bir neçə aydan sonra inək onun dediyi kimi buzov doğdu”. Yaxud, digər bir rəvayətdə deyilir: ” Bəhaəddin həzrətləri bir gecə yuxusunda türk alimlərindən Hakim Atanı görüb. Hakim Ata müridlərindən birinə Bəhaəddini yetişdirməsini tapşırıb. Bəhaəddin səhər yuxusunu nənəsinə danışmış, nənəsi: “Oğlum, sənin türk alimlərindən nəsibin var”-demişdi. Bir gün Buxara Bazarında Hakim Atanın onu yetişdirməsi üçün tapşırdığı müridi Xəlil Atayla rastlaşmış və bir müddət onun yanında qalmışdı” və sair.

Nəqşibəndi təriqətinin əsasını qoyan Məhəmməd Bəhaəddin 1389-cu ildə doğulduğu torpaqda vəfat etmişdir.

Nəqşibəndi təriqəti Məhəmməd Bəhaəddinin adıyla bağlı olsa da, bu təriqətin İslamın ikinci xəlifəsi Əbubəkrin adıyla bağlayanlar da var. Bu düşüncəyə görə Məhəmməd Bəhaəddin sadəcə Nəqşibənd şeyxləri silsiləsində növbəti şeyxlərdən biridir. Nəqşibəndi təriqətinin Əbubəkr Siddiqdən başladığını iddia edən bu təriqətin araşdırmaçıları və təriqət mənsubları təriqət şeyxlərinin sıralamasını belə təqdim edirlər:

1. Əbubəkr Siddiq

2. Salman Farsi

3. Qasım ibn Məhəmməd

4. İmam Cəfər Sadiq

5. Bəyazid Bistami

6. Əbu Həsən Hərəkani

7. Əbu Əli Fərmadi

8. Xacə Yusif Həmədani

9. Xacə Əbdülxaliq Gücdeyani

10. Xacə Arif Rivegeri

11. Xacə Mahmud İnciri

12. Xacə Əli Ramitəni

13. Məhəmməd Baba Səmmasi

14. Seyid Əmir Külal

15. Məhəmməd Bəhaəddin Nəqşibənd

Nəqşibəndlik nədir? Nəqşibəndliyin ilkin yaranma səbəbini və mahiyyətini anlamaq üçün onun onbir təməl prinsipi ilə tanış olmaq lazımdır:

1. VUKUFİ ZAMANİ;

Hər bir insan fani olduğunu və bu dünyaya imtahan üçün gəldiyini bilməlidir. Odur ki, ona verilmiş ömür yolunu ən yüksək səviyyədə dəyərləndirməli, bütün əməlləri və davranışları Tanrının razılığını qazanmağa hesablanmalıdır. İnsan nə üçün yaradıldığını, nə üçün yaşadığını çox gözəl bilməli və həyatında ən qiymətli varı olan zamanına sahib çıxmalı, bu zamanı yaradılış qayəsinə uyğun xərcləməlidir. Bəzi araşdırmaçıların rəyinə görə bu prinsip Quranın “bütün yaranmışlar ölümü dadacaqlar”– ayəsini əsas götürmüşdür.

2. VUKUFİ ƏDƏDİ

Mömin olan kəs aldığı hər nəfəsi, aldığı son nəfəsmiş kimi dəyərləndirməli, hər addımında, hər nəfəs alıb-verdiyində əməli və davranışıyla Tanrını zikr etməyə çalışmalıdır. Bu prinsipin ən əsas tələbi nəfsinə tam sahib olmaqdır.

3. VUKUFİ KALBİ

Anlamı qəlbinə vaqif olmaq, qəlbini bilmək və daim onu oyanıq tutmaq olan bu prinsip, birinci və ikinci prinsiplərə əməl etməklə həyata keçirilir. Mömin dünyaya imtahan üçün gəldiyini bilib, nəfsinə tam hakim olduqdan sonra Tanrının bütün buyurduqlarına əməl edərək qəlbinə sahib olur, onu daim oyanıq saxlayır. Mömin Tanrını sevməli və dünyəvi şeylərə, dünya malına bel bağlamamlıdır. Qəlblərin şəfası və dünyəvi xəstəliklərdən qurtulmanın yolu öncəki iki prinsipə əməl etməklə, yalnız Tanrının buyurduqlarına tabe olmaqdır.

4. HUŞ DƏRDELƏM

Huş ağıl, deləm isə, nəfəs deməkdir. Bu prinsipin anlamı “Nəfəs alıb-verərkən qəflətdə olmamaq” anlamını verir. Bir qədər də genişləndirsəm “Hər nəfəs aldığında və hər nəfəs verdiyində, yəni hər an nəfsi qorumaq və qəfləttə olmaqdan qorumaq”- deməkdir. Tanrı səni hər zaman, hər an görür. Odur ki, bir an belə qəflətdə olmamalısan. Hər an nəfsinə sahib olmalısan.

5. NƏZƏR BƏR QƏDƏM

“Qədəminə baxmaq, addımına baxmaq, attığı hər addımı bilmək” anlamını verir. Bir az da geniş söyləsəm, mömin attığı hər addımda diqqətli olmalı, hər addımında Tanrının rizasını düşünməli, nəfsinə hakim olmalıdır. Əyər mömin hər addımında Tanrını düşünərsə, o zaman ətrafında baş verənlərə göz yumar, dünya malına həvəs salmaz, dünya işləri ilə vaxtını hədər yerə xərcləməz. Beləliklə, mömin özünü pis şeyləri görərək günaha sürüklənməkdən qorumuş olar.

6. SƏFƏR DƏR VƏTƏN

“Vətəndən vətənə, bir yerdən digər yerə gediş” anlamını verir. Geniş mənada isə anlamı budur ki, mömin hər zaman durmadan səfərdə olmalıdır. Ancaq bu səfər fiziki anlamda başa düşülən səfər deyil. Möminin pislikdən yaxşılığa, pis vərdişdən yaxşı əmələ, günahlardan savablara doğru getməsidi. Hər zaman pis olanı şeyləri tərk edib yaxşı olan şeylərə doğru yönəlməsidir. Bununla da bütünlüklə əxlaqını pisliklərdən təmizləyib kamil əxlaqa qovuşmalıdır.

7. XƏLVƏT DƏR
ƏNCüMAN

“Hər zaman özünü xəlvətdə, Tanrının hüzurunda hiss etmək” –anlamı verir. Geniş anlamda insan ictimai yerdə, insanlar arasına, alış-verişdə olanda belə özünü Tanrının hüzurunda, Onunla təkbətək, üzbəüz kimi hiss etməlidir. Qurandakı “Nə bir ticarət, nə də bir alış-veriş onları Tanrını zikr etməkdən uzaq tuta bilməz”-ayəsindən qaynaqlandığı ehtimal edilir. Bəzi araşdırmaçılar bu prinsipin şeyx Bəhaəddin tərəfindən ən önəmli prinsip olaraq dəyərləndirildiyini söyləyirlər. ümumiyyətlə sufilikdə təkliyə, kimsənin görməyəcəyi və fikirlərini məşğul etməyəcəyi yerə çəkilmək, çillə keçirmək və aylarla oradan çıxmamaq adəti yayğın olmuşdur. Bu müddətdə sufi yalnız Tanrını düşünər, özünü cismən də, ruhən də dünyadan təcrid edər, Ona daha yaxın olmanın yollarını arayardı.

8. YAD GERD

“Zikr etmək, xatırlamaq, düşünmək, unutmamaq” anlamını verir. Geniş anlamda hər zaman Tanrının böyüklüyünü, tək yaradıcı olduğunu, insanın Ondan gəlib Ona dönəcəyini, hər şeyin mütləq sahibinin yalnız O olduğunu xatırlamalı, daim onu düşünməli, əməlləri və davranışı ilə səssizcə həmişə Tanrını zikr etməlidir.

9. BAZ GEŞT

Qısaca açıqlanarsa, “dönüş etmək” anlamını verir. Bütün pisliklərdən və mömini Yaradanından uzaq tuta biləcək hər şeydən dönüş edərək Tanrıya üz tutmaq, Ona doğru dönmək anlamı verir. Quranın “Rəbbinə dön”- ayəsindən qaynaqlandığı ehtimal olunur. Digər anlamda möminin özünün bütün istək və arzularından vaz keçib, Tanrıya doğru dönməsi və yalnız Tanrının buyurduğu kimi bir qul olmasını irəli sürən prinsipdir.

10. NİGAH DAŞT

“Qorumaq” anlamındadır. Geniş anlamı budur ki, möminin qəlbində yalnız Tanrı olmalı, ikinci bir düşüncənin qəlbə girməsinə yol verilməməli və qəlbin bu durumu qorunub saxlanmalıdır. Digər bir anlamda isə təriqət yolçusu olan insan öncə pisliklərdən yaxşılıqlara doğru uzun bir yol keçməli, əxlaqını gözəlləşdirməli, qəlbini Tanrı eşqi ilə bəzəməli və bu durumunu qoruyub saxlamalıdır.

11. YAD DAŞT

“Yadda saxlamaq” anlamını verir. Bu son prinsip əslində Nəqşibəndlikdə bütün prinsiplərin yekunudur. Yəni daha öncəki on prinsipə əməl edərək hər halıya Tanrının hüzurunda olduğunu, əməl və davranışları ilə hər zaman onu xatırlamalı olduğu bilən, təriqət yolçusu bu prinsipləri unutmamalı, hər an yadında saxlamalıdır.

Nəqşibəndi təriqətinin adı da bu prinsiplərə əsaslanır. Adının anlamı “naxış vurmaq, bəzəmək, gözəlləşdirmək” olan bu təriqət insan qəlbini gözəlləşdirməyi amac olaraq seçmişdir.

Bu onbir prinsipdən başqa Nəqşibəndlikdə icrası vacib hesab olunan altı maddə var:

1. Uca Tanrını anmaq,

2. Arzuları tərk etmək,

3. Dünyanı tərk etmək,

4. İslam dininin əmrlərinə əməl etmək,

5. Tanrının bütün yaratdıqlarına yaxşılıq etmək,

6.Doğru-dürüst olmaq.

Nəqşibəndi təriqətinə mənsub olmanın üsulu və şərtləri isə aşağıdaklar idi;

-Məhəmməd peyğəmbərin buyurduqlarına və onun sünnəsinə əməl etmək,

-Sadiq və tövbə etmiş biri olmaq,

-Hər cür haqq sahibi ilə hallaşmaq,

-Kimsəyə zülm etməmək, zülmə yardım və meyl etməmək,

-Qohumların və ədavətdə olduğu hər kəsin könlünü almaq, onları məmnun etmək,

-Bütün işlərdə sünnəyə uyğun davranmaq,

-Hər bir işdə diqqətli olmaq,

-Qulluq adına gördüyü bütün işlərin şəriətə uyğun olub-olmadığını araşdırmaq, batil və xurafat olan şeyləri ibadət adına icra etməmək və belə xətaları varsa dərhal tərk etmək,

-Peyğəmbərin etmədiyi bir işi, sünnə adına yazmamaq və icra etməmək,

-Dinin yasaq etdiyi nə varsa tərk etmək, haram olan nə varsa; istər az olsun, istər çox, istər böyük olsun, istər kiçik, hamısından kənar olmaq,

-İslam dininin çirkin saydığı nə varsa hamısından uzaq durmaq.

Nəqşibəndilik Azərbaycanda

Nəqşibəndilik demək olar ki, şeyx Bəhaəddinin yaşadığı dövrdən Azərbaycanda yayılmağa başlamışdır. Qaynaqların yazdığına görə bu təriqətin Azərbaycanda ilk təbliğçiləri Əfşar Baba, Əbu Səid ibn Sunullah, Əziz Mahmud Urməvi və Nemətullah Naxçıvani olmuşdur. Lakin burada bir məqamı qeyd edim ki, Əfşar Babanın Nəqşibəndi deyil, Yəsəvi təriqətinə mənsub olduğunu və Azərbaycanda Yəsəvi təriqətini təbliğ etməklə məşğul olduğunu iddia edən araşdırmaçılar da var.

Sonralar Nəqşibəndliyin Azərbaycanda geniş yayılmasında ən çox rolu şəxslər bunlardır;

1. Mövlanə İsmayıl Siracəddin Şirvani

2. Mir Həmzə Seyid Nigari

3. Hacı Mahmud Əfəndi (Qazaxlı)

4. Xas Məhəmməd Şirvani

5. Hacı Yəhya bəy Qutqaşınlı

6. Molla Məhəmməd Yaraqlı

7. Hacı Əhməd Əfəndi Külüllü,

8. Hacı Mahmud Baba Kürdəmirli

Siyahıda ikincidən başlayaraq adı çəkilən şəxslərin hər biri Kürdəmirli Mövlanə İsmayıl Siracəddin Şirvaninin müridləri olmuşdur. ümumiyyətlə 19-cu yüzillik Nəqşibəndliyin Azərbaycanda ən geniş yayıldığı dönəm idi. Bu da o dövrdə çox böyük nüfuza malik və minlərlə müridi olan İsmayıl Siracəddinin adıyla bağlıdır.

Bu məqamda bir şeyi də qeyd edim ki, uzun illər çar imperiyasına qarşı mübarizə aparan Şeyx Şamil də Nəqşibəndi təriqətinə mənsub idi. Həmin dövrdə Azərbaycandan yüzlərlə Nəqşibəndi mürid Şeyx Şamilə yardım etmək üçün onun dəstəsində vuruşmağa getmişdi. Həmin dönəmdə Şeyx Şamilin uzun zaman duruş gətirməsinin səbəblərindən biri də elə məhz onun Nəqşibəndi olması, həmin dövrdə Nəqşibəndliyin sürətlə nüfuzlanması, yayılması və bu ərazidə yaşayan Nəqşibəndi müridlərinin ona sıx-sıx yardım etməsi idi.

Bu gün də Azərbaycanda özünü Nəqşibəndi təriqətinə mənsub hesab edən kifayət qədər insan var.

Namiq Hacıheydərli

17 mart 2015