XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 09:02

ABŞ-da vitse-prezidentliyə namizədlərin də debatı oldu –Keyn və Pens söz duelinə çıxdılar

vitse-p

Oktyabrın 4-də Demokrat Tim Keyn və Respublikaçı Maykl Pens 2016-cı il Prezident Seçkiləri kampaniyası çərçivəsində vitse-prezidentliyə namizədlərin debatında iştirak edib. Bu, vitse-prezidentliyə namizədlər arasında keçirilən yeganə debat olub. Debat zamanı siyasətçilər dəstəklədikləri prezidentliyə namizədlərin mühacirət, iqtisadiyyat və Amerikanın təhlükəsizliyinə dair siyasətlərini və göstəricilərini müdafiə etməyə çalışıb.

Virciniyadan ABŞ senatoru Tim Keyn və İndiana qubernatoru Mayk Pens yerli məhəllələrdə polislə sakinlər arasında zorakılıqların azaldılmasına dair həm fikir olsalar da, debat zamanı demək olar ki, bundan başqa həmfikir olduqları başqa bir mövzu olmayıb.

Pens deyib ki, prezidentliyə Demokrat namizəd Hillari Klinton polisi irqi qərəzlilikdə ittiham edərək onları alçaldıb. Keyn isə icma nəzarətinin müzakirə olunmalı mühüm məsələ olduğunu bildirib.

Keyn Respublikaçı namizəd Donald Trampın vergi sənədlərini açıqlamasını tələb edib. Bir çox demokrat onun uzun illər çox az və ya heç vergi vermədiyinə inanır. Pens isə milyarder tərəfdaşını minlərlə iş yeri açan ağıllı biznesmen olaraq müdafiə edib.

Debatın aparıcısı CBS News-un jurnalisti Elaine Quijano debat zamanı tez-tez müdaxilə etməli olub. Buna səbəb xüsusilə Tim Keynin rəqibinin çıxışı zamanına müdaxilə etməsi olub.

Keyn bildirib ki, Tramp ABŞ-ın iqtisadiyyatının tənəzzül dövrünə qayıtması bahasına zəngin amerikalılara vergi ixtisarı təklif edir. Pens isə buna Klintonun iqtisadi planlarının daha ciddi fəsadlar verəcəyini deməklə cavab verdi: "O, vergiləri kəskin artıracaq və hökumətin xərclərinə dair məhdudiyyəti aradan qaldıracaq".

Keyn və Pens kiber-təhlükəsizlikdən də danışdılar. Bu mövzuda Pens Klintonun dövlət katibi olan zaman şəxsi email serverindən istifadə etməsini diqqətə çatdırdı. Email məsələsi ilə müzakirə məcrasından çıxan zaman aparıcı dəfələrlə mübahisəyə son qoyaraq, Suriya məsələsi barədə danışmağa cəhd göstərib.

Pens bildiri ki, daha güclü Amerika idarəçiliyi Suriyada vətəndaş müharibəsi kimi hadisələrin baş verməsinin qarşısı ala bilər. O, habelə Rusiya geri çəkilməyəcəyi təqdirdə, Suriyaya hərbi hücumların həyata keçirilməsinə də çağırdı.

Debat zamanı Keyn Trampın qadınları, azlıqları və başqalarını təhqir etməsini tənqid edib. Pens cavab olaraq bildirib ki, Klinton bəzi Tramp tərəfdarlarını "ikrah doğuran bir qrup insan" adlandırmaqla daha çox amerikalını təhqir edib.

İŞİD terror qruplaşmasının yaratdığı təhlükələrdən danışan Keynin sözlərinə görə, Klintonun dövlət katibliyi təcrübəsi onu qruplaşmaya qalib gəlmək üçün daha zəruri namizəd edir. O, habelə Trampı tənqid edərək bildirib ki, milyarder İŞİD-dən danışmaqdansa, NATO-nu köhnəlmiş qurum adlandırıb və beynəlxalq alyansları sual altına alıb.

Pens isə cavabında Trampın heç bir qurumu köhnəlmiş adlandırmadığını bildirib və deyib ki, sabiq dövlət katibi İŞİD-in güclənməsi üçün boşluğun yaranmasına görə məsuliyyət daşıyır.

Amerikanınsesi.org