XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 10:36

Qərb heyrət içindədir:Moskva 3-cü dünya müharibəsinə hazırlaşır?

isgender

Rusiyanın «İsgəndər–M» raket kompleksini Kalininqrad vilayətinə yerləşdirməsi ciddi etirazlara səbəb olub. Almaniya, Estoniya, Polşa, Litva Kremlin addımlarından əndişələndiyini bildirirlər.

«The Guardian» qəzeti Rusiyanın Baltik zastavasına yerləşdirdiyi raketlərin 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirmək, üstəlik, nüvə başlığı da daşımaq qabiliyyətinin olduğunu vurğulayır.

KALİNİNQRAD İSTİSNA DEYİL

Litvanın xarici işlər naziri Linas Linkeviçius deyib ki, Rusiyanın Kalininqrada silah yerləşdirməsi regionda gərginliyi artırmaqdan əlavə, beynəlxalq razılaşmalara ziddir. «Reuters» agentliyinin məlumatına görə, nazir bu məsələni Rusiya-NATO sammitində qaldıracağına söz verib.

Polşanın müdafiə naziri Antoni Makiereuiç isə Rusiya Federasiyasının son addımlarının onları narahat etdiyini, Polşa hərbi qüvvələrinin ölkənin, eləcə də Polşanın müttəfiqlərinin təhlükəsizliyini qorumağa hazır vəziyyətdə olduğunu bildirib.

«Isgəndər–M» raket kompleksinin Kalininqrada yerləşdirilməsi haqda məlumatı keçən həftə «Reuters» agentliyi ABŞ kəşfiyyat orqanlarına istinadən yaymışdı. Rusiyanın Müdafiə Nazirliyi bu əməliyyatın gizli saxlanmadığını, mütəmadi tədbirlərdən biri olduğunu bildirib. Müdafiə Nazirliyinin sözçüsü Iqor Konaşenkov deyib ki, «Isgəndər» raket sistemi mobildir və döyüş təlimlərinin bir hissəsi olaraq, ilboyu ölkənin müxtəlif yerlərinə daşınır: “Kalininqrad da istisna deyil”.

Rusiya Federasiya Şurasının müdafiə komitəsindən Frans Klinseviç bildirib ki, Rusiya müharibə şəraitində deyil və bu tədbirlər kimsəni narahat etməməlidir.

3-CÜ DÜNYA MÜHARİBƏSİ?

Amma «International Business Times» 3-cü dünya müharibəsi ilə bağlı narahatlıqların artdığını yazır. Qəzet rus mətbuatının müharibə proqnozları verdiyini vurğulayır, Rusiya Suriya lideri Əsədi vurmağa çalışan ABŞ-a cavab verərsə, 3-cü dünya müharibəsinin başlayacağını ehtimal edən müəlliflərdən sitat gətirir.

Son günlər Qərb nəşrləri Birləşmiş Ştatların Suriya hərbi obyektlərini vurmaqla bağlı planları gözdən keçirdiyini yazırlar. ABŞ-ın dövlət katibi Con Kerri keçən həftə Rusiyanın Suriyada hərbi cinayət törətdiyini söyləyib. Obama administrasiyası ABŞ sənədlərinə haker hücumlarına görə ilk dəfə olaraq Kremli günahlandırıb, Rusiyanın ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışdığını bildirib. CNN televiziyası isə xəbər verir ki, keçən həftə Rusiyada kütləvi raket və nüvə hücumlarından qorunmaq istiqamətində təlimlər keçirilib.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer durumun indi Soyuq müharibə dövründəkindən də təhlükəli olduğunu deyib. «International Business Times» belə yazır.