“I Dünya Savaşından əvvəlkinə bənzər duruma düşmüşük”
Sloveniya filosofu Slavoy Jijek İsveçrə mətbuatına bildirib ki, Sovetlər Birliyi dağılandan sonra Qərb çox böyük səhv buraxıb.
Strateq. az xarici KİV-ə əsasən bildirir ki, filosof deyib: “Əsil faciə 1990-cı illərdə Qərb dövlətləri Yeltsini və onun korrupsiyalaşmış çevrəsini alçaldanda baş verdi. Qərbli müşavirlər fürsətdən istifadə edirdilər ki, Rusiyanı zəiflətsinlər. Onlar Rusiyanı tənəzzülə gətirib çıxardan yanlış iqtisadi məsləhətlər verirdilər. Elə o zaman ölkədə Putin kimi güclü rəhbərin olması istəyi doğdu”.
Jijekin sözlərinə görə, nəticədə hazırda eyni zamanda bir neçə hakimiyyət mərkəzi ilə iş görülməlidir. Alim deyib: “Bu, çox təhlükəlidir. Biz I Dünya Savaşından bir neçə on il əvvəlkinə bənzər duruma düşmüşük: qaydalar artıq aydın deyil və yeni dünya müharibəsini istisna etmək olmaz. Yeri gəlmişkən, I Dünya Savaşından əvvəl də heç kim inanmırdı ki, məsələ müharibəyə qədər gedib çıxar”.
Filosof hesab edir ki, Qərbin daha bir səhvi Səddamın devrilməsindən sonra amerikalıların İraq ordusunu buraxmaq qərarı oldu. Jijek əmindir: “Bu, səfeh qərar idi. Onlar bu qayda ilə islamçıların əl-qolunu açdılar”.