XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2015 - 15:14

Qarsda himn krizi: təxribat, yoxsa…

Fazil Mustafa: “Kimin nəyinə lazımdır ki, Azərbaycanla bağlı təxribat xarakterli belə addıma rəvac versin?”; Siyavuş Novruzov: “Ola bilər ki, texniki problem olub”

Azərbaycan və Türkiyə arasındakı münasibətlərə xələl gətirmək üçün zaman-zaman cəhdlər olub və yaxın tariximizdə də bunun dəfələrlə şahidi olmuşuq. Bütün müdaxilələrə və suları bulandırmağa çalışanların cəhdlərinə, fitnə-fəsadlarına baxmayaraq iki qardaş ölkənin əlaqələri yüksələn xətt üzrə gedir. Elə bu günlərdə Türkiyə və Azərbaycanın birgə hərbi təlimlər keçirməsi, TANAP layihəsinin təməl qoyma mərasiminin baş tutması da ciddi hadisələrdir.

Bu mənada martın 17-də baş verən olaya həssas yanaşma tələb olunur. Həmin gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Qarsda Heydər Əliyev adına Texniki Liseyin açılışını edib. Lakin açılış mərasimində iştirakçılar Azərbaycan himninin səslənəcəyini gözlədiyi halda, bu, baş verməyib. Ərdoğan bu səbəbdən protokol müdirini və müvafiq vəzifəli şəxslərdən izahat alıb və Türkiyə prezidentinin əsəbiləşdiyi açıq-aydın müşahidə olunub. çıxış üçün kürsüyə çıxan Ərdoğan ilk olaraq protokol xətasının düzəldilməsini istəyəndən sonra Azərbaycan himni səsləndirilib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası bu məsələyə şərh verməyib.
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanovdan da münasibət öyrənmək üçün cəhdlərimiz nəticə vermədi. Türkiyənin Bakıdakı səfirliyinə ünvanladığımız soğrumuza isə cavab veriləcəyini bildirdilər.
Deputat Fazil Mustafa hesab etmir ki, bu, bir təxribatdır: “Kimin nəyinə lazımdır ki, Azərbaycanla bağlı belə xoş olmayan, təxribat xarakterli addıma rəvac versin? Məncə, bunu texniki problem kimi qiymətləndirmək lazımdır və onu mürəkkəbləşdirmək olmaz. Türkiyənin Azərbaycana, Azərbaycanın Türkiyəyə münasibəti bəllidir. Aramızda hardasa soyuq ruzigarlar əsmir ki, məqsədyönlü şəkildə belə addım atılsın”. F.Mustafanın sözlərinə görə, Türkiyə prezidentinin sonrakı jestləri, addımları da onu göstərdi ki, hər hansı problem yaşanmır və bu məsələdə onlar da təqribən bizim kimi düşünürlər.
BQP başqanı qeyd etdi ki, ortada suyu bulandırmağa çalışanlar, təxribat törətmək istəyənlər olsa da, bu cəhdlər böyük bir layihənin gerçəkləşməsinin qarşısını almaq üçün yetərli deyil: “Həm Azərbaycan, həm Türkiyə prezidentlərinin bir-birinə jestləri, davranışları kifayət qədər alicənab üslubdaydı. Ona görə də kiminsə kənardan nəyəsə müdaxilə etməsi bu cür böyük bir layihənin əhəmiyyətini azalda bilməz”.
YAP-çı deputat Siyavuş Novruzov da himn anlaşılmazlığını “elektrik avadanlığının” günahı sayır: “Ola bilər ki, texniki problem olub. Biz əsas diqqəti buna yox, layihənin mahiyyətinə yönəltməliyik. Əslində böyük bir layihənin gerçəkləşməsindən söhbət gedir. Bu, tarixi hadisədir, Bakı-Ceyhana bərabər bir layihədir. O layihənin müəllifi də, memarı da Azərbaycan prezidentidir. Uzun illərin mübarizə nəticəsində bu layihənin realizə olunması istiqamətində atılan addımlar artıq ortadadır. Azərbaycan xalqının möhtəşəm bayram günlərinə əlavə bir bayram da qatıldı. Həmçinin, Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz rolunu bir daha sübut etdi və nümayiş etdirdi ki, Azərbaycan verdiyi sözü daim axıra çatdırır”.
S.Novruzova görə, layihəni gözü götürməyənlər də var və belə qüvvələr təxribatlar törətməyə çalışacaqlar: “Bu təxribatları biz Bakı-Ceyhanda, Bakı-Supsada, dəmiryol xəttinin çəkilməsi zamanı da görmüşük. Müxtəlif bəhanələr, addımlar olub. Amma bu gün artıq TANAP-ın reallaşması hamının gözünün qabağındadır. Azərbaycan prezidentinin səyi və ciddi cəhdləri nəticəsində artıq bu proses uğurla nəticələndi, məsələ öz həllini tapdı”.