Rusiya prezidenti Vladimir Putin Suriyada Rusiya aviasiya qrupunun müddətsiz yerləşdirilməsini nəzərdə tutan razılaşmanın ratifikasiyası haqqında sərəncam imzalayıb.
BBC xəbər verir ki, bundan əvvəl sənəd Rusiya parlamentinin hər iki palatası tərəfindən dəstəklənib.
Suriya ilə Rusiya rəsmiləri razılaşmaya ötən il imza atıblar. Lakin onun ratifikasiyası prosesi payız aylarında başlanıb.
Sənəddə deyilir ki, Rusiya aviasiyası Suriyada Bəşər Əsəd hökumətinin müraciəti əsasında yerləşdirilib. Həmçinin qeyd olunur ki, təyyarələr üçün yanacaq rüsumsuz idxal olunacaq. Suriyada xidmət edən Rusiya aviasiya qrupunun üzvlərinə qarşı məhkəmə iddiaları qaldırılmayacaq, onun fəaliyyətilə bağlı iradlar tutulmayacaq.
Sənədə əsasən, təyyarə və aviasiya avadanlığının sayı Suriya tərəfilə razılaşdırılır.
ABŞ Suriyadakı Rusiya hərbi qrupunun genişlənməsilə bağlı narahatlığını bildirib.