İŞİD-lə mübarizə ABŞ və onun rəhbərlik etdiyi koalisiyanın əvvəlki kimi Suriyada əsas məqsədidir. ABŞ “Cəbhə ən Nüsrə” qruplaşmasına da qarşı tədbirlər keçirir, lakin onlar sistemli xarakter daşımır.
Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
“Bizim Suriyadakı hərbi əməliyyatlarımızın əsas hədəfi İŞİD və yalnız İŞİD-dir”, – deyə o qeyd edib.
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın “Ən Nüsrə” terror qruplaşması ilə mübarizə aparıb-aparmaması ilə bağlı suala Kirbi cavabında bildirib: “Biz “Ən-Nüsrə” qruplaşması barədə məlumatlıyıq, bu qruplaşma atəşkəs barədə razılaşmadan kənardadır, BMT onun terror qruplaşması olduğunu müəyyənləşdirib, “Ən-Nüsrə” “Əl-Qaidə”nin Suriyadakı qoludur. Biz onlara qarşı tədbirlər görürük. Lakin əsas hədəf İŞİD-dir”.
O, həmçinin əlavə edib ki, Rusiya ilə sentyabrın 9-da Suriyaya dair əldə olunmuş razılaşmaya əsasən, bu qruplaşma ilə mübarizə mövzusu müzakirə olunub: “ABŞ bunu dəstəkləyib və Rusiya ilə informasiya mübadiləsinə razılıq verib. Lakin, təəssüf ki, hazırda bu saziş icra olunmur”, – deyə Kirbi əlavə edib. (APA)