İlham Şaban: “İki ayağı bir başmağa dirəmək lazımdır”
“Ancaq layihənin digər sahələrilə müqayisədə TAP-ın reallaşması üçün böyük iradə ortaya qoyulmalıdır”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi olan TANAP-ın açılışında iştirak edib. Xatırladaq ki, 2014-cü il sentyabrın 20-də Bakıda “Cənub Qaz Dəhlizi”nin özünün təməli qoyulub.
Qars şəhərində Trans-Anadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevtsoviç, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində ilk qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard, daha sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
TANAP “Cənub Qaz Dəhlizi”nin ən önəmli hissələrindən biridir. Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Qarsda Trans-Anadolu təbii qaz boru xəttinin (TANAP) təməlqoyma mərasimində çıxışında deyib.
“Cənub Qaz Dəhlizi”nin 3-cü hissəsi sayılan TAP-la bağlı müxtəlif mülahizələr irəli sürülürdü. Layihənin yekun hissəsi sayılan TAP-da enerji resurslarının Türkiyədən Yunanıstan vasitəsilə Avropaya nəqli gözlənir. Bəllidir ki, bu meqalayihəyə qarşı çıxanlar, ona qısqanclıqla yanaşanlar da az deyil. Təsadüfi deyil ki, TAP-a qarşı böyük təhdidlərin olması ilə bağlı iddialar irəli sürülürdü. Bu da layihənin son hissəsinin reallaşa bilməyəcəyilə bağlı ehtimalların ortaya çıxmasına əsas vermiş olurdu.
TAP-a yönəlik təhdidləri və törədilə biləcək təxribatları nə dərəcədə əsaslı saymaq olar?
“Avropa İttifaqı (Aİ) Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq üçün mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü və saxlanması strategiyası, o cümlədən, yeni qaz boru xətlərinin tikintisi üzərində işləyir”.
Bunu Madriddə baş tutan və Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) tikintisinə həsr olunan görüş zamanı energetika məsələləri üzrə Avropa komissarı Migel Arias Kanyete deyib.
“TAP – reallıqdır. Artıq Yunanıstan və İtaliyada ətraf mühitlə bağlı problemlər həll olunub, müvafiq icazələr alınıb. Marşrutların və tədarükçülərin diversifikasiyası yeni yaradılacaq Enerji İttifaqının prioriteti olmalıdır”, – deyə o bildirib.
Avropa komissarı qeyd edib ki, Aİ-nin üzvü olan 28 ölkədən 6-sı tam şəkildə Rusiya qazından asılıdır.
Görüş zamanı qeyd olunub ki, Aİ potensial qaz tədarükçüləri olan Əlcəzair, Azərbaycan, Türkmənistan, Türkiyə, o cümlədən, Afrika və Yaxın Şərq ölkələri ilə sıx əməkdaşlıq etmək niyyətindədir.