XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 11:29

Bir neçə Rusiya vətəndaşı terror planlaşdırmada ittiham edildi –Serbiyadan kəskin qərar

maskalilar-1

Bir neçə Rusiya vətəndaşı qonşu Monteneqroda terror aktı planlaşdırdığı üçün Serbiyadan deportasiya olunub.

"Kommersant” qəzetinin verdiyi məlumata görə, Serbiya ilə münasibətlərdə qalmaqala yol verməmək üçün məsələyə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev qarışıb.

Deportasiya barədə ilk olaraq oktyabrın 27-də Serbiyanın "Danas” qəzeti hakimiyyətə yaxın mənbəyə istinadən xəbər yayıb. Rəsmi Belqrad xəbəri təkzib etməyib.

Bu məlumat Nikolay Partuşevin oktyabrın 26-da Serbiyaya əvvəldən elan olunmamış səfəri ilə üst-üstə düşüb. O, Serbiya rəhbərliyi ilə qapalı danışıqlar aparıb. Səfərin məqsədi kimi təhlükəsizlik sahəsində qarşılıqlı anlaşma memorandumunun imzalanmasına hazırlıq göstərilib. Serbiyalı ekspertlər isə bildiriblər ki, səfər iki ölkə arasında diplomatik qalmaqalın qarşısının alınması məqsədilə həyata keçirilib.

"Kommersant"ın mənbələri deyib ki, rəsmi Belqrad münasibətlərin gərginləşməsində maraqlı olmayıb, lakin Avropa İttifaqına daxil olmağa hazırlaşan ölkə kimi qonşu dövlətdəki cinayət aktları ilə əlaqəli görünmək də istəməyib.

Xatırladaq ki, oktyabrın 16-da Monteneqroda terror aktları hazırladıqları şübhəsi ilə 20 Serbiya vətəndaşı yaxalanıb. İstintaqın məlumatına əsasən onlar müxalifətin mitinqinə atəş açmaq və müxalifətçiləri Monteneqro parlamentini ələ keçirməyə sövq etməyi planlaşdırıbmış. Baş nazir Aleksandr Vuçiç bu informasiyanı təsdiqləyərək bildirib ki, Serbiya hüquq-mühafizə orqanları planın reallaşdırılmasına cəlb olunmuş və arxasında çox ciddi adamların dayandığı daha bir neçə təhlükəli qrupu aşkarlayıb. O, saxlanılanların əcnəbilərlə əlaqəli şəkildə fəaliyyət göstərdiyini söyləsə də, hər hansı dövlətin adını çəkməyib.

Qeyd edək ki, Monteneqro NATO-ya daxil olmaq ərəfəsindədir, Rusiya isə buna qarşı çıxır.

APA