Ötən il noyabrın 13-də Parisdə baş vermiş terror aktlarından bir il keçir. Bununla əlaqədar Fransanın paytaxtında terror qurbanlarının xatirəsinə həsr edilmiş silsilə anım mərasimləri təşkil olunub.
2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində “Stade de France” stadionunda noyabrın 11-də gecə keçirilən futbol oyunundan əvvəl terror qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Anım tədbirində Fransa Prezidenti Fransua Olland da iştirak edib.
Ən qanlı terror aktının baş verdiyi “Bataclan” konsert zalı bir ildən sonra məşhur müğənni Stinqin konserti ilə öz qapılarını yenidən musiqisevərlərə açacaq.
Noyabrın 13-də isə ölkə başçısı terror aktlarının baş verdiyi rayonlarda hadisə yerlərini ziyarət edəcək. Terror aktı qurbanlarının xatirə lövhələri açılacaq və kilsələrdə onların ruhuna dualar oxunacaq. Eyni zamanda, terror aktı törədilən məkanlarda şamlar yandırılacaq.