“Ukrayna Rusiyanın tərkib hissəsiydi və tərkib hissəsidir”
Der Spiegel dərgisi (Almaniya) Donbas könüllülərinin keçmiş komandiri İqor Strelkovdan müsahibə götürüb.
Strateq.az xarici nəşrlərə isnadən bildirir ki, keçmiş komandir müharibənin bu qədər uzanacağı və bu qədər qan töküləcəyini gözləmirmiş: “Düşünürdüm ki, Moskva Krım kimi Donbası da referendum nəticəsində özünə birləşdirər. Könüllülərin böyük bir hissəsi Rusiyaya birləşmək uğrunda vuruşur. Krım onları ruhlandırıb. Bununla belə, Kremlin daxilində baş verənlərdən hali deyiləm. Moskva xarici səbəblər üzündən məsələni uzadır. Ola bilsin ki, Qərbə görə”.
Strelkov deyib ki, könüllülərin hələ ötən sentyabrda Ukrayna ordusunu darmadağın etmək fürsəti olub: “Biz Mariupolu götürüb hətta uzağa gedə bilərdik. Lakin Debaltsovo yanındakı məğlubiyyətə baxmayaraq, indi Ukrayna ordusu Xalq respublikalarının qüvvələrini xeyli üstələyir. Rusiya Ukraynanın şərqndəki münaqişəyə daha fəal şəkildə qatılmalıdır. Kiyevdəki indiki rejimi devirmək lazımdır. Bu mənim üçün nasist hökumətidir. Rusiya bütün Ukraynada qayda-qanun yaratmalı və legitim hökuməti iş başına gətirməlidir. Donbasın problemləri ancaq bu zaman həll olunacaq”.
Onun fikrincə, əsil bölücülər Ukrayna siyasətçiləridir, “çünki onlar Rusiyadan ayrıldılar. Kiyev – rus şəhəridir. Ukrayna Rusiyanın tərkib hissəsiydi və tərkib hissəsidir. Mən arzulayıram ki, Rusiya 1939-cu il sərhədlərini geri qaytarsın”.
Strelkov hesab edir ki, Rusiya üçün istənilən avtokratik idarə forması məqbuldur: “O bizim mədəniyyətimizə və iqtisadi gerçəkliyimizə uyğundur. Mən özüm pravoslav monarxiyasının tərəfdarıyam”.