Böyük Britaniya və ABŞ alimlərinin daxil olduğu araşdırma qrupunun təqdim etdiyi yeni hesabatda göstərilir ki, ət və süd kimi bir sıra ərzaq məhsullarına vergi qoyulması atmosferə atılan istixana qazlarının həcminin azalmasına, eləcə də piylənmə xəstəliyi ilə bağlı dünya üzrə göstəricilərin aşağı düşməsinə şərait yarada bilər.
“Vergilər.az” saytına istinadla bildirir ki, alimlərin hesablamasına görə, mal ətinə 40 faiz vergi qoyulması ət istehlakını 15 faiz azaltmağa imkan verə, istehsal zamanı təxminən 600 min ton istixana qazının yaranmasının qarşısını ala bilər.
Bununla yanaşı, südə 20 faiz vergi tətbiq olunması da onun istehlakının 7 faiz, süd istehsalından əmələ gələn istixana qazlarının isə 200 milyon ton azalmasına səbəb ola bilər.
Bütün ərzaq məhsulları qrupları üçün vergi tətbiq olunması 2020-ci ilə qədər piylənmədən ölənlərin sayında 107 min azalmaya şərait yarada bilər. Meyvə və tərəvəzlərin qiymətləri üçün subsidiyalar ayrılması isə bu rəqəmi 495 minə çatdıra bilər.