XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 11:29

İran parlamenti nüvə proqramını davam etdirmək üçünqanun layihəsi hazırlayacaq

İran İslam Şurası Məclisi (parlament) nüvə fəaliyyətinin bərpası üçün qanun layihəsi hazırlayacaq.

Bu sözləri İran parlamentinin rəyasət heyətinin üzvü Əkbər Rəncbərzadə deyib. O bildirib ki, Amerika senatının İran əleyhinə yönəlmiş hərəkətləri ilə mübarizə məqsədilə ölkənin nüvə proqramının bərpası üçün üç oxunuşlu qanun layihəsinin hazırlanması həyata keçiriləcək.

Ə.Rəncbərzadə ABŞ senatının İrana qarşı sanksiyaları on il müddətinə uzatmaq üzrə hərəkətini nüvə anlaşmasının pozulması və beynəlxalq hüquqların tapdalanması kimi qiymətləndirib.

Məclis üzvü qeyd edib ki, İran ABŞ senatının hər addımına qarşı adekvat addımlar atacaq. İran dünya xalqlarına elan edir ki, qanunsuz hərəkətləri başlayan Amerika olub və İranın mübarizədən başqa çarəsi yoxdur və atılacaq addımlar müdafiə xarakterlidir.

İran İslam İnqilabının Mühafizə Şurasının baş katibi Möhsün Rezayi isə bəyan edib ki, ABŞ senatının bu fəaliyyəti yalnız İrana deyil, Çin və Rusiyaya qarşı da yönəlib, çünki danışıqlarda və əldə olunan razılaşmada bu dövlətlər də iştirak edərək öz razılıqlarını bildiriblər. M.Rezayi əlavə edib ki, ABŞ BMT-nin Təhlükəsizlik Şurasını (TŞ) da hesaba qoymur. İran ilə Qərb dövlətləri arasındakı razılaşmanı BMT-nin TŞ-si də təsdiq edib.

M.Rezayi bildirib ki, bu dəfə İranın cavabı çox sərt olacaq.

Xatırladaq ki, ABŞ senatı dekabrın 1-də İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini 99 lehinə səslə və əleyhinə səs olmadan qəbul edərək Ağ evə təqdim edib(azərtac).