XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

04 Dekabr 2016 - 16:07

Avstriyada təkrar prezident seçkiləri:kim öndədir?

Dekabrın 4-də Avstriyada təkrar prezident seçkiləri keçirilir. Bu, son səkkiz ayda üçüncü prezident seçkisidir.

Seçkidən əvvəl əhali arasında aparılan sorğunun nəticələrinə görə, Yaşıllar partiyasının dəstəklədiyi müstəqil namizəd Aleksandr Van der Bellen və sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) namizədi Norbert Hofer arasında gedən mübarizədə şanslar bərabərdir.

Bu il mayın 22-də keçirilən prezident seçkilərinin ikinci turunda namizədlər arasında səs fərqi çox cüzi olmuşdu. A.Van der Bellen 30 min 863 səs çoxluğu ilə qələbə qazansa da, FPÖ Konstitusiya Məhkəməsinə şikayət edərək, 70 minədək seçki vərəqəsinin düzgün hesablanmadığını əsaslandıra bilmiş və seçkinin nəticəsinin ləğv edilməsinə müvəffəq olmuşdu. Oktyabrın 2-nə təyin olunmuş təkrar prezident seçkiləri isə məktubla səs verən seçicilərə göndərilən zərflərdə texniki nasazlığın müəyyən edilməsi üzündən dekabrın 4-ə təxirə salınmışdı.

Seçkilər 6,4 milyon Avstriya vətəndaşı səsvermə hüququna malik olsa da, səsvermədə fəallıq gözlənilmir. Səkkiz ay davam edən yorucu seçki kampaniyası sanki namizədlərlə bərabər seçicilərdən də yan keçməyib.

Prezident seçkilərinin ilkin nəticələri yerli vaxtla saat 17-də elan olunacaq. Seçkinin nəticəsindən asılı olmayaraq, seçicilər təxminən bərabər səviyyədə iki qütbə bölünüb. Bir tərəfdə “Brexit”dən ruhlanan, “ümumi Avropa evi“ məfkurəsinə qarşı çıxana, miqrantlar və qaçqınlara qarşı restriktiv qanunların qüvvəyə minməsini tələb edən radikal-sağçı düşərgənin təmsilçisi Norbert Hofer, digər tərəfdə isə Avstriyanı Avropa İttifaqı tərkibində vacib üzv ölkə kimi görən, Avstriyanı bu ölkədə yaşayan insanların birgə vətəni hesab edən, müxtəlif iqtisadi layihələr sayəsində ölkədə məşğulluğun səviyyəsinin qaldırılmasına çalışan Aleksandr Van der Bellen dayanır.

Seçkinin nəticəsi istənilən halda Avropada gələcək siyasi gedişata ciddi təsir göstərəcək. Avropanın bütün radikal partiyaları bu seçkilərə böyük ümidlər bəsləyirlər. “Brexit”in təşəbbüskarı Nigel Farac seçkilərdə N.Hoferin qələbə qazanacağı təqdirdə “Öxit”in – Avstriyada da Avropa İttifaqından çıxmaqla bağlı referendumun keçirilməsini növbəti məntiqi addım olacağını bildirib(azərtac).