XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 12:46

Tramp ABŞ-ı sosial şəbəkədən idarə edir –Amerika KİV-ləri çaşqın vəziyyətə düşüb

tramp-666

 

ABŞ mətbuatı yeni seçilmiş prezident Donald Trampın “tvitter” hesabında yazdığı daha bir fikrini şərh edir.

Məsələn, «The Washington Post» qəzetinin başlığı belədir: “Donald Tramp həmkarlar ittifaqının sədrini “tvitter”də təhqir edib”. Və prezidentin yazdıqları olduğu kimi verilir: “Poladəritmə Sənayesi İşçiləri Birliyinin prezidenti çox pis işləyir. Şirkətlər ölkəni elə-belə tərk etmirlər!”. (Azadlıq radiosu)

D.Trampın tvitter hesabından bu qədər aktiv istifadəsi əvvəl də müzakirə olunub. Çünki o, seçki kampaniyası zamanı tvitterdə də mübarizə aparıb, indi isə yeni təyinatları barədə məhz bu sosial şəbəkədə məlumat verir. Seçkidə saxtakarlıqlarla bağlı fikirlərini söyləyir, bir gün bayraq yandırmağı yasaqlayacağına eyham vurur, o biri gün «Boeing» şirkətini qiymətlərinə görə tənqid edir.

“QARIŞIQ MƏSƏLƏDİR”

«USA Today» qəzeti yeni prezidentin tərzi haqda “tvitter”in baş direktoru Cek Dorsi ilə danışıb.

«Bu barədə hissləriniz» sualına cavabında C.Dorsi “qarışıqdır” cavabını verib. “Onun hal-hazırda nə fikirləşdiyini bilmək nə deməkdir? Bilmirəm. Əlbəttə, informasiya və rəylərin, insanların dünyada baş verənlərlə bağlı fikirlərinin çatdırılması işində bizim payımız böyükdür… Amma bu, bir az qarışıq məsələdir”.

C.Dorsinin fikrincə, D.Trampın “tvitter”dən istifadə tərzi misilsizdir. Yeni prezident bununla həm bu sosial media xidmətini diqqət mərkəzinə çevirib, həm də özünümüşahidə mühiti yaradıb: “Bu, şirkətimizdən ötrü əhəmiyyətli dönəmdir, yeni seçilmiş prezident xidmətimizdən birbaşa ünsiyyət vasitəsi kimi yararlanaraq, beynindən keçənləri hər kəsin görməyinə imkan verir. Məncə, bu maraqlıdır”.

YENİ DÜNYA

C.Dorsi əvvəllər belə şeylərin olmadığını, baş verənlərin onları da valeh etdiyini söyləyib: “Biz, doğrudan da yeni dünyaya qədəm qoyuruq. Bu yeni dünyada hər şey üzdədir və biz hər şeyi olduğu zamanda görürük, gördüklərimizi müzakirə edirik”.

“D.Trampın seçilməsində özünüzü məsuliyyətli hesab edirsinizmi” sualına cavabında isə J.Dorsi “D.Trampın prezident olmasına görə Amerika xalqı məsuliyyət daşıyır” deyib.

D.Tramp “tvitter”dən çoxdan, prezident seçilməmişdən çox öncə yararlanmağa başlayıb. Çıxışlarından birində o, həm “tvitter”, həm də Facebooku tərifləmiş, onların mətbuatdan effektli ünsiyyət forması olduğunu söyləmişdi: “Onlar press-relizlərdən sürətlidirlər. Qərəzli müxbirlərlə söhbətdənsə, bu qərəzsiz ünsiyyətə üstünlük verirəm”.

«NBC's Today»ə müsahibəsində isə D.Tramp seçkidən sonra “tvitter”də daha təmkinli olmağa çalışdığını, yalnız vacib məsələlərə toxunduğunu bildirib.