XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2016 - 14:09

Putinin dostu ABŞ-ın dövlət katibi olur –Kremlin “Dostluq” ordeni verdiyi Tillerson kimdir?

tilerson

“The Guardian” qəzeti yazır ki, ABŞ-da prezident seçilmiş Donald Trampın dövlət katibi vəzifəsinə namizədi barədə məlumatlar ciddi narahatlıq və ziddiyyətlər yaradıb.

Məqalədə deyilir ki, bu gözlənti özünü doğrultsa, onda ABŞ-ın ən yüksək diplomatik vəzifəsini Exxon Mobil neft şirlkətinin icraçı direktoru və Rusiya prezidenti Vladimir Putinlə bağları olan Reks Tillerson tutacaq. (Azadlıq radiosu)

“The Guardian” öz mənbələrinə istinadən yazır ki, Donald Tramp Tillersonla bir həftədə iki görüş keçirib.

Real namizəd

Keçid administrasiyasındakı mənbədən NBC News, “New York Times” və CNN-ə verilmiş məlumatlara görə də, Tillerson ən yüksək vəzifəyə real namizəddir.

ABŞ və Qərb mediası diqqəti belə bir məqama çəkir ki, Tillerson məsələsinin sızdırılmasından bir gün öncə ABŞ kəşfiyyat orqanları Kremlin Trampı uddurmaqdan ötrü 2016-cı il ABŞ seçkilərinə müdaxiləyə cəhdi barədə iddiaları təsdiqləmişdi. Respublikaçılar kəşfiyyatın məlumatlarını sual etsələr də, ötən cümə prezident Barak Obama bütün kəşfiyyat orqanlarına Rusiyanın seçkiyə müdaxiləsinə dair bütün faktları təhlil etməyi tapşırmışdı. Obama bu işin yanvarın 20-ə, Trampın Ağ Evə gəlişinədək görülməsini istəyib.

Donald Tramp seçki kampaniyası ərzində Putini dəfələrlə tərifləmiş və Rusiya ilə münasibətləri yoluna qoymaq niyyətində olduğunu bildirmişdi.

“The Guardian” yazır ki, 64 yaşlı Tillersonun dövlət katibliyinə namizədliyi barədə məlumat – Massaçussets qubernatoru Mitt Romninin, keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi rəhbəri Devid Petrausun və keçmiş Nyu York meri Rudolf Ciulianinin namizədlikləri barədə söz-söhbətə son qoyur.

Bəs görəsən, 41 ildir ki, neft nəhəngi Exxon Mobil-də çalışmış və son on ildə ona rəhbərlik etmiş Tillerson kimdir?

 

tiler-putin

Dostluq ordeni

ABŞ mediası Tillersonu Rusiyanın neft nəhəngi Rosneft-lə bir neçə layihələr barədə sazişlər imzalamış şəxs kimi təqdim edir.

ABŞ və Avropanın Rusiyaya sanksiyaları bu layihələrin icrasını mümkünsüz edəndə Tillerson Moskvaya iqtisadi cəza metodları barədə açıq tənqid səsləndirib.

Arktikanın neft yataqlarının inkişafına dair 2011-ci ildə imzalanmış saziş, o vaxtlar Putinin dediyinə görə, 500 milyard dollar gəlir gətirməli idi.

2013-cü ildə Kreml Tillersonu Dostluq ordeni ilə təltif edib. Bundan bir il sonra, Rusiyanın Krımı ilhaqı ilə bağlı Moskva üzərinə sanksiyalar qoyulanda Tillerson bunu ziyanlı addım adlandırıb.

Dekabrın 10-da ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Malkof deyib ki, Tillerson 1990-cu illərdən Putinin yaxın dostu, baş nazirin keçmiş müavini və Rosneft-in icraçı direktoru İqor Seçinlə “çox yaxın” münasibətlərdə olub. Halbuki 2014-cü ildə elan edilmiş ABŞ sanksiyaları konkret olaraq cənab Seçini də hədəfləyirdi.

Respublikaçı senator Con Makkain artıq Tillersonun dövlət katibliyinə namizədliyi barədə söhbətlərdən narahatlığı bildirib.