XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 02:01

İranın Müdafiə naziri ABŞ prezidentini dünya müharibəsi ilə hədələdi:"İsrail və körfəz dövlətləri dağılar"

dehqani-1

İranın müdafiə naziri bəyan edib ki, əgər Donald Tramp onun ölkəsini təxribata çəksə, müharibə olacaq və bu müharibə İsrailin və kiçik Körfəz dövlətlərinin “dağılması” ilə nəticələnəcək.

Bəzi Qərb təhlilçiləri bildirirlər ki, Trampın ABŞ prezident seçkisində qalib olması Vaşinqtonun İranla nüvə sazişini tərk etməsi kimi bir perspektiv yaradıb.

Özünün seçki kampaniyası ərzində Donald Tramp Obama administrasiyasının səyləri ilə əldə olunmuş bu nüvə sazişini Amerika üçün “ən pis razılaşma” adlandırmışdı.

Cənab Tramp kütlə qarşısında çıxış edərkən demişdi ki, “bir ali baş komandan kimi bu sazişi cırıb parça-parça edəcəm”.

İranın müdafiə naziri Hüseyn Dehqan Tehranda keçirilən təhlükəsizlik konfransında deyib ki, bu nüvə sazişi ABŞ-ın Körfəzdəki müttəfiqlərinin xoşuna gəlmirdi.

Amma nazir bunu da əlavə edib ki, “hərçənd biznesmen olan Trampın seçdiyi komanda ona danışdıqlarından fərqli bir yol göstərə bilər”.

“Nəzərə alsaq ki, Tramp hər şeyi dollarla ölçür, inanmıram ki, o, bizim ölkəmizə qarşı sərt mövqe tutsun” – deyib İranın müdafiə naziri.

Nazirin fikrincə, “İranın düşmənləri onun qüdrətini düzgün nəzərə almadan, yalnız maddi imkanlarına arxayın ola bilərlər…”

Cənab Dehqan deyib ki, belə bir yanlış zəndlə başlanmış hər hansı müharibə İsrail rejiminin dağılması, bütün regionun alov tutması və dünya müharibəsi ilə nəticələnə bilər.

Nazirin sözlərinə görə, müharibənin bir nəticəsi də Fars körfəzinin cənubundakı “şəhər-dövlətlərin” dağılması ola bilər, çünki bu ölkələrin rəhbərliyi ümumxalq dəstəyinə malik deyillər.

Qərb mediası Hüseyn Dehqanın bu sözlərinin Qərbin Körfəzdəki müttəfiqləri – Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərə aid olduğunu bildirirlər.

Bu arada İranla Qərb arasında nüvə sazişinin qızğın əleyhdarı olan İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, razılaşmanın ləğv edilməsi istiqamətində Tramp administrasiyası ilə işləməyə hazırdır.

“Mən Donald Trampı yaxşı tanıyıram. Onun İsrailə münasibəti və dəstəyi aydındır” – deyib Netanyahu.

Qərb təhlilçiləri qeyd edirlər ki, İran və Körfəzin ərəb ölkələri Yaxın Şərqdəki münaqişələrin əks cəbhələrində dayanırlar.

Azadlıq Radiosu