Onların sağ qalıb-qalmadığı məlum deyil
Nigeriyanın dəfələrlə qadın və uşaqları oğurlamış “Boko Haram” yaraqlıları yenə də yüzlərlə dinc sakini əsir götürüb.
Strateq.az xarici mətbuata əsasən bildirir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Damasak şəhərində baş verib. Şəhər bu günlərdə Niger və çad hərbçilərinin səyləri ilə terrorçulardan azad edilib.
Şahidlərin sözlərinə görə, yaraqlılar tezliklə şəhərdən sıxışdırılıb çıxardılacaqlarını anlayıb 500-dən çox gənc qız və oğlanı əsir götürüblər. Girovlardan 50-sini öldürüb qalanlarını özləri ilə aparıblar. Əvvəllər güman edilən qətl yerindən 70-ə yaxın cəsəd tapılıb.
Arvadı və ikisi bu il ərə getməli olan üç qızı oğurlanmış yerli sakin Süleyman Əli bildirib: “Doğmalarımızın indiyədək sağ qalıb-qalmadığını bilmirik. Onlar dedilər ki, bu adamların hamısı quldurdurlar və onları özləri ilə aparırlar”.