Gürcüstanın hakim partiyasının reytinqi 18% azalıb
Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” koalisiyasının reytinqi 18% azalıb.
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “Gürcü arzusu”nun reytinqi 54%-dən 36%-ə düşüb. Lakin hakim koalisiya hələ birinciliyini qoruyub saxlayır.
Keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının reytinqi dəyişməz qalıb – 15%. Sabiq müdafiə naziri, “Gürcü arzusu”ndan ayrılan İrakli Alasaniyanın liderlik etdiyi “Bizim Gürcüstan – Azad Demokratlar” Partiyası 10%-lə üçüncü pilləyə yüksəlib. Leyboristlər Partiyası 6%-lə dördüncü yerdədir. Nino Burcanadzenin rəhbərlik etdiyi “Birləşmiş Demokratik Hərəkat” 5,5%-lə eyni miqdarda reytinqə malik “Vətənpərvərlər Alyansı” ilə birlikdə 5-ci, 6-cı yerləri bölüşdürür.
Rəy sorğusunu ABŞ Dövlət Departamenti maliyyələşdirib.